“Göründüyü kimi olmayan, olduğu kimi görünməyən” Ermənistan- Əkbər QOŞALI yazır
1 Avqust 2020 09:57 SiyasətƏkbər QOŞALI
xüsusi olaraq Olaylar.az saytı üçün
Azərbaycan Prezidentinin iyulun 29-da Balakən regional "ASAN xidmət" Mərkəzinin açılışındakı nitqi yalnız bu Mərkəz, onun fəaliyyəti, ümumən sosial-iqtisadi blokda görülən işlərlə bağlı olmayıb, ölkə gündəminin ən ümdə məsələlərini əhatə etdi və necə deyərlər, özü də (sözün müsbət anlamında) gündəm oldu. - Mən bu yazıma, diqqəti cənab Prezidentin dövlət sərhədimizin Tovuz istiqamətində 12 iyuldan başlayan düşmən hücumu, bu hücumun qarşısının qətiyyətlə alınmasından sonra Paşinyanın "7 şərti" və əlaqədar məsələlərlə bağlı qiymətləndirmələrinə yönəltmək istərdim.
"Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Bu dəfələrlə bildirilib". - Bu sitat dövlət başçısının nitqindəndir. İndi fikir verin: "Dağlıq Qarabağ respublikası" yoxdur - nə dünya birliyi, nə beynəlxalq hüquq normaları, nə tərəqqipərvər bəşəriyyətin vicdanı belə bir qondarma qurumu tanımayıb, tanımır, tanımayacaq. Əgər "Tanımalımı, tanımamalımı?" dilemması qarşısında qalan kimlərsə varsa, onlar da ordumuzun müzəffər yürüyüşü ilə bu siyasi-hərbi kriminal düyün çözüldükdən sonra, o dilemmadan birdəfəlik azad olacaq. - Bu, öz yerində. Məsələ ondadır ki işğalçı Ermənistan özü bu qondarma "respublika"nı tanımayıb. Və "Ermənistanın hünəri varsa, tanısın "Dağlıq Qarabağ respublikası"nı. Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!" - bu Azərbaycan Prezidentinin sözü, tələbidir və heç şübhəsiz, erməni ictimai fikrinin əsas daşıyıcılarını, dünyanın dörd yanındakı erməni diaspor və lobbi güclərini, sadə erməniləri, övladı Qarabağda ölümə məhkum buraxılan erməni valideynlərini dərindən düşündürməli, qəflət yuxusundan ayıltmalıdır. - Ayılınca da, "sahi, biz özümüz niyə "Dağlıq Qarabağ respublikası"nı tanımırıq?" deyə sual etməlidirlər. Demirsiz, güclüsüz, qalibsiz, nə bilim, nəsiz? - buyurun, ərazisini işğal etdiyiniz ölkənin başçısı sizin qarşınızda konkret sual və tələb qoyub - cavab verin. Demək, Ermənistan göründüyü kimi olmayan, olduğu kimi görünməyən bir durumdadır. -
Qalibdir? - qalib deyil;
sülh istəyir? - istəmir;
müharibə apara bilərmi? - bəllidir ki, məğlub olacaq;
demokratik quruluşludur? - işğal və terror demokratiya ilə bir araya sığmır;
müstəqildir? - adıbəlli "forpost"dur ki var;
diaspor və lobbiləri güclüdür - Tovuza hücumlarından sonra Azərbaycana artan beynəlxalq dəstəyin gücünü gördülər.
Bəlkə KTMT? - Ona bəslənən ümidlərin də bekara bir şey olduğu yenə Tovuz hadisələri fonunda açığa çıxdı.
O zaman bəs nə? - Bu sualların cavabını bizdən çox ermənilər axtarmalıdır. Axtararınca da, absurda gedib çıxacaqlar. Bəlkə düşünürdülər ki "nəhayət, Azərbaycan işğal faktı ilə barışacaq, yeni nəsillər Qarabağı tələb etməyəcək"? - uzağa getməyək, 2016-cı ildən bu yana Azərbaycanı işğalla barışdırmağın qeyri-mümkünlüyünü idrak etməyiblərsə, onlar Ermənistan coğrafiyasında olmasa da, yekə bir filin yekə qulağında yatıblar. "Unudan gənclik"mi? - Yalnız Mübariz İbrahimov adının Ermənistanda yaratdığı çaxnaşma bəs etməliydi bu sualın doğru cavabını bulmaqçün...
Nəhayət, Tovuza Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış hücumundan sonra ordu-xalq birliyinin təntənəsini görməyən, bilməyən qaldımı? Xalqın, özəliklə, yeni nəsil nümayəndələrinin küçə və meydanlara axışdığını erməni başbilənlərinin kor gözləri görmədi, eləmi?
Bu dəqiq təsbit cənab Prezidentin tarixi nitqindəndir: "..."Dağlıq Qarabağ respublikası" yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil qutusuna atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur".
Bəli, Ermənistanın ipi öz əlində olmayan ölkə olduğu hər halından bəlli...
Bilindiyi kimi, bir cəmiyyətdə suallar həddindən artıq çoxdursa və o suallara yetərli cavab, yaxud cavab verən yoxdursa, o cəmiyyətin gələcəyi özü sual altındadır. Əgər "Ermənistan"dan sonra hansısa bir durğu işarəsi qoymaq lazımsa, o işarə məhz "sual" işarəsidir. Sualdan qurtarmaqçün nə etməli? - Cavab yenə Azərbaycan Prezidentinin nitqindədir:
"Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir.
Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır!"
Və bugünlərdə Azərbaycanla Türkiyə Silahlı Qüvvələrinin genişmiqyaslı döyüş atışlı taktiki, taktiki-uçuş birgə təlimləri keçirilməkdədir. 29 iyuldan başlamış, 10 avqust tarixinədək davam edəcək təlimlər Naxçıvan, Bakı, Yevlax, Kürdəmir və Gəncədə təşkil olunub. Təlimlərə iki qardaş ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib.
Biz bu təlimlərə, işğal altındakı torpaqlarımızın azad edilməsi əməliyyatı kimi baxmasaq da, təlimlərin əvvəllər də keçirildiyini, gələcəkdə də keçiriləcəyini qəbul etsək də, yenə dost, düşmən fərqindədir ki, bu təlimlər sıradan bir hadisə deyil. 102 il öncə Azərbaycan torpaqlarının azadlığı uğrunda 1130 şəhid verən qardaş ölkə, babalarının hərbi ənənələrini davam və inkişaf etdirmək əzmini gizlətmir. Bu əzm, iradə və qardaşlıq bağları Çanaqqalaya könüllü savaşmağa getmiş babalarımızın əzmi ilə süslənir, çiçəkləyir, ayrı bir gözəllik qazanır. İki qardaş ölkənin bir-birinə təmənnasız dəstəyinə dair çoxlu örnəklər var. Və bugün daha yeni örnəklər yaratmağa heç kim mane ola bilməz.
Ermənistan başbilənləri bir də bunu düşünsün... Düşünmürsə də, cəhənnəmə düşünsün - necə olsa, cəhənnəmi dadacaqlar.
Dövlətimiz zaval görməsin!
Bayrağımız uca olsun!