Azərbaycan Ordusu tam komplektləşdirilib

İlham Əliyev: "Əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır"

Hər ötən il öz maddi-texniki bazasını, silah arsenalını gücləndirən Azərbaycan Ordusu günümüzdə təkcə regionun deyil, eləcə də dünyanın güclü orduları sırasında qərarlaşır. Silahlı Qüvvələrimizin istər şəxsi heyət, istərsə də hərbi texnika təchizatı baxımından bu gün elə bir səviyyədədir ki, qarşısına çıxan istənilən hədəfi, maneəni dəf edə, onu aradan qaldıra bilər. Son illər ərzində nümayiş etdirilən güc, qüvvə bunu bir daha sübut edib. Həm 2016-cı ilin Aprel döyüşləri, həm Güngüt zəfəri, həm də bir müddət əvvəl Tovuzda baş verən erməni təxribatına qarşı Ordumuzun verdiyi layiqli cavab deyilənləri əyani şəkildə təsdiqlədi.

Azərbaycan Ordusunun son bir neçə ildə həyata keçirdiyi bir neçə uğurlu hərbi əməliyyat və düşmənə vurduğu ağır zərbə Silahlı Qüvvələrimizin gücünü, potensialını nümayiş etdirməklə yanaşı, həm də  Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin artmasına gətirib çıxardı. Elə son Tovuz təxribatı zamanı minlərlə insanın Azərbaycan Ordusuna dəstək məqsədilə küçələrə çıxması, dövlət başçısının çağırışına cavab olaraq vətəndaşlarımızın kütləvi şəkildə könüllü olaraq ordu sıralarına yazılması bunun təsdiqidir. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də bu günlərdə Balakən rayonunda ASAN Xidmət Mərkəzinin açılışında etdiyi çıxışı zamanı bu məqama toxunub. Dövlət başçısı bildirib ki,  Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Prezident bu məqamda gənclərin proseslərə müdaxiləsini də müsbət qiymətləndirib: "Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan".

Prezident çıxışında hazırda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu imkanlardan da danışıb və bunu yüksək qiymətləndirib: "Mən demişəm ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva günümüzdə Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu gücə, potensiala diqqət çəkərək deyib ki, Azərbaycan xalqının qəhrəmanlıq dastanı bu gün də davam edir. Deputatın sözlərinə görə, torpaqlarımızı işğal edən Ermənistana qarşı hazırda da bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar: "Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir və bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimizin əhəmiyyətli rolu oynayır. Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Bu gün Silahlı Qüvvələrimizin dünya reytinqində 50-ci pillədə qərarlaşır. Təsadüfi deyildir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimizin hər bir vətəndaşın qürur mənbəyidir".

Sədaqət Vəliyeva qeyd edib ki, Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyinin göstəricisi kimi düşdü və bir daha sübut edildi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir: "Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur: "Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə, hətta bütün vətəndaşlara nümunədir. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. Heç kəsə sirr deyil ki, Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə qarşı vuruşurdu. Ali Baş Komandan da Vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir".

Deputat diqqətə çatdırıb ki, iyulun 15-də Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışıb: "Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Eləcə də, Prezident İlham Əliyev general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib. Ötən gün isə Prezident İlham Əliyev Qəbələdə küçələrdən birinə şəhid general Polad Həşimovun adının verilməsini tapşırdı. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan güclü dövlətdir, onun güclü Ordusu var, xalq Ordusuna inanır və Ali Baş Komandanın daimi diqqət və qayğısı silahlı qüvvələrin əsgər və zabitlərinin üzərindədir".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31