COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk
31 İyul 2020 12:54 Siyasətİlham Əliyev: "Bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır"
Artıq 6 aydan çoxdur ki, dünya koronavirus bəlası ilə üz-üzədir. Keçən ilin sonlarından Çindən yayılmağa başlayan koronavirus qısa zaman ərzində dünyanın demək olar ki, dörd bir tərəfini öz cənginə aldı. Hər nə qədər virusun geniş arealda yayılmasına qarşı adekvat tədbirlər görülsə də, lakin onu önləmək, qarşısını almaq təəssüf ki, mümkün olmadı. Bunun başlıca səbəblərindən biri də ümumilikdə dünya səhiyyəsinin bu xəstəliyə qarşı mübarizə apara biləcək gücdə olmaması idi. Ötən müddət ərzində pandemiya səviyyəsinə gəlib çatan bu virusa qarşı hər hansı bir vaksin, pereparatın tapılmaması də, deyilənləri, dünya səhiyyəsinin koronavirus pandemiyası qarşısında aciz qaldığını təsdiqləyir. Ona görə də COVİD-19 adı alan bu virusa qarşı ayrı-ayrı ölkələr öz tibbi imkanları daxilində mübarizə aparır. Nisbətən səmərəli mübarizə aparıb COVİD-19-u qismən zərərsizləşdirən dövlətlər də var, onun qarşısında aciz duruma düşənlər də.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan da günümüzdə koronavirus pandemiyasından ciddi əziyyət çəkir. Düzdür, Azərbaycan dövləti, hökumətinin zamanında, hələ virusun geniş areala yayılmadığı ərəfədə aldığı tədbirlər, atdığı adekvat addımlar ölkəmizi Çin, İtaliya, İspaniya, İran kimi acı tale yaşayan dövlətlərlə eyni sırada qərarlaşdırmadı. Təbii ki, bunu da şərtləndirən başlıca səbəblərdən biri əgər zamanında atılan adekvat addımlar idisə, digəri ötən illər ərzində ölkədə səhiyyə sahəsində həyata keçirilən tədbirlər, infrastruktur layihıələri, yeni tibb və səhiyyə ocaqlarının tikintisi idi. Paytaxt da daxil olmaqla, respublikanın müxtəlif regionlarında son 17 ilə yaxın müddət ərzində tikilib istifadəyə verilən səhiyyə ocaqları, tibb mərkəzləri, müasir tipli xəstəxanalar bu gün koronavirus pandemiyasına qarşı aparılan mübarizədə önəmli rol oynayır.
Hazırda da bu sahədə işlər uğurla davam edir və koronavirus pandemiyasının aradan qalxmaması səbəbindən təkcə paytaxt deyil, eləcə də regionlarda modul tipli xəstəxanaların quraşdırılması prosesi davam edir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkənin şimal-qərb regionuna səfəri zamanı Şəkidə, Qobustan, İsmayıllı və Qəbələdə bu tipli xəstəxanaların açılışında iştirak etməsi də deyilənləri təsdiqləyir. Şəkidə modul tipli xəstəxananın açılışında dövlət başçısının da məlum oldu ki, bundan sonra da sözügedən proses davamlı xarakter daşıyacaq və daha yeni-yeni səhiyyə ocaqları, tibb məntəqələri, modul tipli xəstəxanalar inşa ediləcək. Çünki istər pandemiyanın yayıldığı hazırkı dönəmdə, istərsə də digər dövrlərdə əhalinin, vətəndaşların sağlamlığı əsas prioritetdir, diqqət mərkəzindədir. İstər bu gün, istərsə də əvvəlki illərdə ölkədə səhiyyə sisteminin yaxşılaşdırılması istiqamətində lazımı addımlar atılmasaydı, bu gün Azərbaycanda daha dəhşətli mənzərə olardı və həm virusa yoluxma, həm də ölüm sayı qat-qat artıq qeydə alınardı. Təsadüfi deyil ki, elə dövlət başçısı İlham Əliyev də Şəkidə modul tipli xəstəxananın açılışında bu fikirləri xüsusi olaraq vurğulayıb: "Əgər bu klinika yaradılmasaydı, əgər bundan başqa 41 xəstəxana, - hansı ki, indi koronavirus xəstələrinə xidmət göstərir, - tikilməsəydi, bu gün biz çox ağır bir vəziyyətlə üz-üzə qalardıq. Bu, bir daha onu göstərir ki, biz gərək hər şeyi vaxtında edək. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqramı demək olar ki, tam təmin edilib. Hətta pandemiyaya qədər bunun böyük faydası haqqında insanlar da artıq öz fikirlərini bildirirdilər. Çünki biz pandemiyaya qədər hər il kütləvi surətdə müayinədənkeçmə proqramı icra edirdik. Bu proqram 5 milyon insanı əhatə edir. Beş milyon insan dövlət tərəfindən yaradılmış imkanlar hesabına öz sağlamlığını müəyyən edir və xəstəliklər üzə çıxdıqda dərhal müalicə alır. Məhz bunun nəticəsində bizdə insanların ömrünün uzunluğu artır. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatlar da keçirilir.
Bir sözlə, biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk. Heç bir ölkə buna hazır deyil, heç bir ölkə. Xüsusilə pandemiyanın ilk günlərində inkişaf etmiş ölkələrdəki vəziyyət bizim və dünyanın gözü qarşısında cərəyan edirdi. Ən inkişaf etmiş ölkələr bu xəstəliklə bağlı lazımi tibbi xidməti göstərə bilmirdilər. Bu da yəqin ki, təbiidir. Çünki heç kim buna hazır deyildi. Ona görə bizim əsas vəzifəmiz qısa müddət ərzində bütün səfərbərlik işlərini düzgün təşkil edərək, pandemiyadan minimum itkilərlə çıxmaq üçün infrastruktur və maddi-texniki bazanın yaradılmasından ibarət idi. Laboratoriyalar, xəstəxanalar, çox böyük təşkilati məsələlər öz həllini tapdı. Logistik məsələlər də həmçinin. Eyni zamanda, həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atıldı".
Dövlət başçısının da qeyd etdiyi kimi məhz bu müddət ərzində həyata keçirilən tədbirlər, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır.
Elə Milli Məclisin deputatı Könül Nurullayeva da belə deyir. O, bildirib ki, Azərbaycanda koronavirusla mübarizə kompleks şəkildə davam etdirilir. Yeni xəstəxanaların yaradılması, xəstələrin müalicəsi üçün bütün zəruri tədbirlər epidemioloji vəziyyətin nəzarət altında saxlanmasına xidmət edir. Onun sözlərinə görə, hazırda Azərbaycanda 9 modul tipli xəstəxana istifadəyə hazırdır: "Bu günlərdə Qobustan, İsmayıllı və Şəkidə də yeni xəstəxanalar istifadəyə verildi. 10-cu xəstəxananın avqust ayında istifadəyə verilməsi gözlənilir. Nəticədə bu gün əlavə 2 min çarpayı fondu yaradılıb. Bu gün ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Vaxtında həyata keçirilmiş tədbirlər, yeni xəstəxanaların tikilməsi və əsaslı bərpa olunması COVID-19-la uğurlu mübarizə aparmaq üçün lazımi şəraiti təmin edib. Eyni zamanda pandemiyanın yaratdığı iqtisadi çətinliklərə rəğmən nəinki heç bir sosial layihə təxirə salınmayıb, sosial tədbirlər daha da gücləndirilib, layihələrin icrası rekord səviyyədə təmin olunmaqdadır. Çünki bu gün əsas vəzifə insanların layiqli həyat şəraitini təmin etməkdir. Təkcə bu il 90 min insan üçün ictimai ödənişli iş yerlərinin açılması məşğulluğun əhatə dairəsinin genişlənməsinə xidmət edir ki, bu da pamdemiyanın yaratdığı iqtisadi böhran fonunda olduqca vacibdir". Deputat deyib ki, vətəndaşlarımızın tezliklə sağalması və mövcud vəziyyətdən az itkilərlə çıxması üçün bütün imkanlar səfərbər edilib: "Növbəti məhdudlaşdırıcı tədbirlər artıq müsbət dinamikanı təmin edib. Sevindirici haldır ki, son həftələr ölkəmizdə sağalanların sayı yoluxanların sayını üstələyib. İndi əsas məqsəd bu pozitiv dinamikanı saxlamaq və inkişaf etdirməkdir. Dövlət başçımızın Şəkidə istifadəyə verilən modul tipli xəstəxananın açılışı zamanı söylədiyi kimi, pamdemiyadan az itkilərlə çıxmaq üçün üç şərt vacibdir-məsafə saxlamaq, şəxsi gigiyenaya riayət etmək və məsuliyyətli olmaq. Unutmaq olmaz ki, təkcə xroniki xəstəlikləri olan insanlar deyil, sağlam insanlar da risk altındadır. Bu da sosial məsuliyyətin artmasını şərtləndirir".
Süleyman
Olaylar.az