Qısa müddətdə 6 min çarpayıdan ibarət modul tipli yenu fondun yaradılması kiçik uğur deyil- Aydın Quliyev
31 İyul 2020 11:55 Siyasət"Prezident Şəkidə bir daha nümayiş etdirdi ki, Azərbaycanın koronavirusla mübarizə fəaliyyəti mütləq əksər ölkələrdən fərqli üsullara malik olmaqla həm də fərqli və daha effektiv nəticələr verir. Prezident Əliyevin təqdim etdiyi təhlil və göstəricilər növbəti dəfə imkan yaratdı ki, ölkəmizin əldə etdiyi nəticələri başqa ölkələrlə müqayisə edək."
Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı-Xəbər" qəzetininbaş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
Aydın Quliyev qeyd edir ki, prezident İlham Əliyevin təqdim etdiyi müqayisələr Azərbaycanın əldə etdiyi nəticələr üçün qürur mənbəyidir: "Xəstəliyin ilk günlərdən nəzarət altına alınması, illər boyu yaradılmış səhiyyə infrastrukturunun dərhal total şəkildə məqsədə yönəldilməsi, paralel olaraq səhiyyənin yeni infrastrukturlarının yaradılması, Azərbaycanın hətta bu ağır dövrdə başqalarına da əl tutan az sayda ölkələrdən birinə çevrilməsi və heç bir sosial layihənin ixtisar edilməməsi yalnız bizim ölkəmizin nümayiş etdirə bildiyi özəlliklər oldu."
Qısa müddətdə 6 min çarpayıdan ibarət modul tipli yenu fondun yaradılması kiçik uğur deyil və Azərbaycanda pandemiya ilə mübarizənin həm cari effektivlik, həm də bütün mümkün perspektiv çağırışların nəzərə alınması ilə aparıldığını göstərdiyini bildirən siyasi ekspert vurğulayır ki, prezident Əliyevin fikirləri eyni zamanda cəmiyyətin və dövlətin gücünü qəti qələbəyə qədər toparlamaq gücü ilə seçilir:
"Pandemiya ilə mübarizənin və insan sağlamlığı strategiyasının bir an da zəifləməyəcəyi barədə prezidentin dedikləri çox təsirlidir və potensialları vahid hədəfə daha səmərəli yönəltməkdə əhəmiyyətlidir. Dövlətimizin gücü, cəmiyyətimizin kollektivçiliyi, həkimlərimizin fədəkarlığı və prezidentin müstəsna təşkilatçılıq qabiliyyətləri Azərbaycanın pandemiya ilə mübarizəsinin uğur düsturudur. Prezidentin Şəki səfəri və oradakı görüşləri bu düsturun geniş təqdimatı baxımından çox əhəmiyyətlidir."