Azərbaycan polisinə qara yaxanlar

Azərbaycanın inkişafı, uğurunu gözü götürməyən müəyyən xarici dairələr və onların daxildəki bəzi əlaltıları müntəzəm olaraq ölkəmizə qarşı çirkin kampaniya həyata keçirir, bu və ya digər sahələrdə guya problem, dözülməz vəziyyətin mövcud olduğu iddiasını ortaya qoyurlar. Bir qayda olaraq isə ittihamlara, əsassız iddialara məruz qalan ölkənin hüquq-mühafizə orqanları olur. İstər paytaxt, istərsə də regionlarda baş verən hər hansı bir neqativ hadisəyə qanunun imkan verdiyi formada müdaxilə edən hüquq-mühafizə orqanları, polis dərhal əsassız olaraq tənqid hədəfinə çevrilir. Aləmə car çəkilir ki, Azərbaycan polisi insan hüquq və azadlılqlarını pozur, insanlara qarşı güc tətbiq edir. Halbuki, hüquq-mühafizə orqanları, polis əməkdaşları yalnız və yalnız bizlərin təhlükəsizliyinin qorunması, ölkədə xaos, anarxiyanın baş verməməsi üçün çalışırlar. Bütün bunların qarşısında isə Azərbaycan polisinə qara yaxmaq, onun fəaliyyətini ləkələmək ölkəmizə qarşı ikili standartların tətbiqindən başqa bir şey deyil. Çünki bu gün Azərbaycana qarşı qara yaxan xarici qüvvələr, ölkələrin özündə belə polis insanlara qarşı ən ağır formada güc tətbiq edir, onları alçaldır, dinc əhalinin təşkil etdiyi etiraz aksiyalarında ən ağır cəza formalarından istifadə edir. Ancaq təəssüflər olsun ki, həmin ölkələrdə baş verən polis zorakılıqlarının isə üzərinə gəlinmir.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, dünyada insan hüquqları ilə bağlı "ixtisaslaşmış" təşkilatlar ikilistandartlı fəaliyyət göstərirlər. Deputatın sözlərinə görə, onlar müxtəlif lobbi təşkilarlarının göstərişi ilə konkret ölkələrə hücumlar edirlər, dövlətlərin imiclərinə qara yaxmağa çalışırlar: "Hansısa səbəbdən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən "Freedom House", "Amnesty International", "Human Rights Watch" kimi təşkilatlar ABŞ-da və Avropada baş verən hadisələrə, törədilmiş cinayətlərə ədalətli qiymət vermirlər. Məsələn, iyulun 28-də Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması faktına hələ də münasibət bildirilməyib. Halbuki bu barədə artıq ABŞ-ın nüfuzlu "New York Times" qəzetində tənqidi məqalə dərc olunub. Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə edib, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıb. Məsələ ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olub. Maraqlıdır ki, Azərbaycanda hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir. Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. Halbuki ABŞ-ın öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Polis zorakılığının isə həddi-hüdudu olmur, bu pozuntular hətta sıravi dinc vətəndaşların ölümünə qədər gedə bilir. Elə təxminən bir ay öncə ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi. Əslində bu cür hallar ABŞ-da demək olar hər gün baş verir. ABŞ rəsmiləri isə öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarır". Sədaqət Vəliyeva bildirib ki,  öz ölkələrində demokratiyanı bərqərar edə bilmədikləri, insan hüquqlarını təmin edə bilmədikləri halda, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyir, yol göstərirlər. Hər fürsətdə Azərbaycan polisini hədəfə alan Sevinc Osmanqızı, Əli Kərimli, Meydan tv və başqaları niyə susurlar? Azərbaycan polisinə qara yaxanlar niyə ABŞ polisinin vəhşiliklərinə söz deyə bilmirlər? Çünki, onların fəaliyyət ideyası demokratiya, insan haqları, ədalət deyil, birbaşa Azərbaycanın imicinə ləkə gətirmək, Azərbaycan polisini qaralamaqdır.

Deputat Anar Məmmədov isə deyib ki, son illərdə tez-tez Kütləvi İnformasiya Vasitələrində (KİV) ABŞ-da baş verən polis zorakılığı və insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına dair məlumatlar daha çox yer alır.  Onun sözlərinə görə, iyulun 28-də ABŞ-ın nüfuzlu "NewYorkTimes" qəzetində Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması dünyada, həm də demokratiyanın beşiyi sayılan ABŞ-da baş vermiş ilk belə hadisə deyil: "Polis zorakılığı ilə bağlı daha əvvəllər də anoloji faktlar olub. Eyni zamanda bu kimi hallar təkcə Birləşmiş Ştatlarda baş vermir. İnsan haqları, demokratiya, qanunun aliliyində nümunə kimi təqdim edilən Avropanın mərkəzində də bu cür çoxsaylı xoşagəlməz nümunələr var. Kifayət qədər hər kəsə agahdır ki, bu gün həm ABŞ-da, həm də Qərbi Avropada nümayişlər və mitinqlər əleyhinə sərt üsullardan istifadə olunur. ABŞ və Avropada geniş vüsət alan mitinqlərdə hökumət qüvvələrinin aksiya iştirakçılarına qarşı ən amansız metodlardan istifadə etməsi, polisin etirazçılara, eləcə də sıravi vətəndaşlara qarşı rəftarına göz yumulması "demokratiya ixracatçısı" olan bu ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulduğuna təməlli nümunədir. Beləliklə, qərbdə demokratiyanın milli, irqi və dini mənafelərə uyğun təhrif edilmiş formasının inkişafı aşkar olaraq görünməkdədir". Deputat vurğulayıb ki, baş verən son hadisələrdə də polisin öz səlahiyyət həddini aşması açıq-aşkar görünür: "Bəlkə də elə burada qaydaların əməl edilməsinə düzgün nəzarət yoxdur. Ümumiyyətlə ABŞ hər zaman başqalarına münasibətdə o fikirləri səsləndirir ki, guya müxtəlif ölkələrdə insanların hüquq və azadlıqları pozulur. Təbii ki, bu, başa düşüləndir. Çünki Amerika böyük dövlət olmaqla yanaşı bir çoxlarının zəif nöqtələrinə diqqəti yönəltməyə də çalışır. Reallıq odur ki, onların təsir və təzyiq riçarqları da böyükdür. Eyni zamanda bu o zaman uğurla nəticələnə bilərdi ki, özündə baş verən zorakılıq hallarının da qarşısı dərhal alınsın. Çünki biz orada şahidi oluruq ki, insanlara qarşı zorakılıq sərgiləyən polislər məhkəmə tərəfindən bəraət də alırlar. Təbii ki, bu da bir qədər düşündürücü məsələlərdir. ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsi, eyni zamanda Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olsa da nədənsə hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələr tərəfindən sanki görməzdən gəlindi. Bundan öncə dəfələrlə Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir, oların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. Baş verən hadisəyə qarşı səssiz qalmaq isə bir daha bu məxluqların hansı "demo" kratiyaya sahib olmasından xəbər verir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31