Azərbaycanın siyasi səhnəsi yenidən şəkillənir

Hakimiyyətin ortaya qoyduğu siyasi iradəyə siyasi təsisatlardan dəstək mədəniyyəti

Azərbaycanda siyasi səhnə yenidən şəkilləndirilir desək yanılmarıq. Yeni şəkilləndirmə əvvəlki illərdəki mənfi tendensiyadan daha çox özünün müsbət elementləri ilə diqqət çəkir. Siyasi konfrantasiyadan siyasi konfiqurasiyaya keçid müşahidə edilir, iki fərqli siyasi cəbhə arasında illərdir mövcud olan gərginlik, hətta düşmənçilik kimi mənfi tendensiyalar aradan qalxır. Bunu ölkədə həyata keçirilən siyasi islahatların əsas tərkib hissəsi kimi də xarakterizə etmək olar. Hansı ki, bu islahatlara 2016-cı il referendumundan sonra start verilməyə başlandı və günümüzdə bu islahatlar daha çevik, daha sürətli və dinamik, eyni zamanda nəticəli şəkildə uğurla həyata keçirilir. Nəticəli ona görə deyirəm ki, həyata keçirilən islahatlardan bütün tərəflər razı görünür, onu dəstəkləyir. Istər iqtidar, istər müxalifət, istərsə də cəmiyyət, vətəndaş.

Tərəflərdən biri və birincisi hakimiyyətdir. Hakimiyyət bununla bağlı öz siyasi iradəsini ortaya qoyub. Yuxarıda da qeyd etdiyimiz kimi hakimiyyət ölkədə siyasi gərginlik istəmir, bütün məsələlərin qarşılıqlı anlaşma, dialoq, qarşı tərəfin mövqeyini dinləmək, təklif və təşəbbüslərini dəyərləndirmək xəttini tutub. Elə 2016-cı il, konstitusiyaya əlavə də dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsindən, referendumdan sonra Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbənin yaradılmasında da başlıca məqsədlərdən biri bu idi. Ölkədə uzun illərdən bəri mövcud olan iqtidar-müxalifət qarşıdurması, cəbhələşməsi, hətta düşmənçiliyinə son qoymaq, yeni dövrdə yeni siyasi münasibətlər sistemi formalaşdırmaq. Ənənəvi olaraq iqtidar, hakimiyyət tərəfindən uzadılan barışıq əli, qarşılıqlı faydalı əməkdaşlıq jesti, dövlətin, dövlətçiliyin, milli maraqların qorunması naminə atılan addımlar bu dəfə daha səmimi, daha ümidverici görünürdü. Çünki hakimiyyət öz opponentləri ilə artıq diqtə ilə deyil, üstün tərəf kimi yox, bərabərhüquqlu tərəf kimi danışırdı. Ötən müddət ərzində  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə keçirdiyi çoxsaylı görüşlər və həmin görüşləri şərh edən ayrı-ayrı partiya rəhbərlərinin aparılan müzakirələrə dair ifadə etdikləri müsbət fikirlər fonunda da bunu aydın görmək mümkündür. Etiraf etmək lazımdır ki, ölkədə həyata keçirilən son siyasi islahatlara, siyasi konfiqurasiyanın yaradılmasına nail olmaq məqsədilə atılan nəticəyə hesablanmış addımlara qədər Azərbaycanın siyasi çevrəsində belə bir müsbət tendensiya müşahidə edilməmişdi. Bunun əsas səbəblərindən biri bəlkə də siyasi sahədə iqtidar-müxalifət münasibətlərini formalaşdırmağa, qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaratmağa məsul olan bəzi məmurların özünü doğrultmayan fəaliyyəti idi. Yaxud onların Azərbaycanda maraqları olan hansısa xarici dairələrlə birgə əməkdaşlığının nəticəsi idi ki, ölkədə daim siyasi gərginlik olsun, iqtidar-müxalifət münasibətlərinə siyasi dialoq masasında deyil, meydanlarda, küçələrdə  aydınlıq gətirilsin. Hakimiyyətlə müxalifət yalnız nadir hallarda, Qarabağ məsələsində vahid mövqedən çıxış etməyə meyilli görünürdü. Daha doğrusu siyasi müxalifət, ən çox da özünü ana, ata, və ya əsas müxalifət hesab edən siyasi qüvvələr Qarabağ məsələsində nisbətən hakimiyyətlə həmrəylik nümayiş etdirirdi. Yerdə qalan digər məsələlər, Azərbaycanda xarici təhdidlər, təsirlər məsələsində iqtidarla müxalifətin mövqeyi qəti şəkildə uzlaşmır, eyniləşmirdi. Bunun da əsas səbəbkarı məhz ikinci tərəf idi. Çünki onlar üçün Azərbaycanın təhdid edilməsi, xarici təsirlərə məruz qalması daha məqbul hesab edilirdi. Hətta yeri gələndə Bakıyla təhdid dili ilə danışan həmin xarici dairələrlə radikal siyasi düşərgə əməkdaşlıq edir, həmrəylik nümayiş etdirirdi. Elə ona görə də həmin radikal siyasi düşərgə indiki məqamda ölkədə həyata keçirilən siyasi islahatlardan, siyasi gərginlikdən konfiqurasiyaya doğru atılan addımlardan razı görünmür, bu məqsədlə keçirilən bütün görüşlərdən imtina edir, iqtidar, hakimiyyət tərəfindən uzanan əməkdaşlıq əlini geri çevirir. Ancaq həmin siyasi qüvvələrdən fərqli olaraq ölkənin konstruktiv siyasi düşərgəsi, dövlətçilik, milli maraqları üstün tutan siyasi təsisatları hakimiyyətin siyasi səhnədə həyata keçirdiyi islahatlara dəstək nümayiş etdirir, onunla əməkdaşlığa maraq göstərir. Çünki bu əməkdaşlıq yalnız iqtidar və ya müxalifə deyil, ümumilikdə ölkənin maraqlarına, onun siyasi anlamda güclənməsinə xidmət edir. Bunu şərtləndirən başlıca səbəb isə yuxarıda qeyd etdiyimiz kimi hakimiyyətin siyasi müxalifətlə əvvəlki illərdə olduğu kimi diqtə dili ilə danışmamasıdır. Daha çox qarşılıqlı anlaşmaya, çoxtərəfli qaydada siyasi dialoqa meyilli olmasıdır.  Bunu ötən müddət ərzində siyasi partiyalarla keçirilən görüşlər,  onlarla aparılan müzakirələr də təsdiq edir. Azərbaycan Respublikasının Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin keçən ilin sonlarından etibarən ölkədə fəaliyyət göstərən siyasi partiyalarla keçirdiyi görüşlərin nəticəsi olaraq bir neçə uğurlu addımlara imza atılıb desək yanılmarıq.  İllərlə qeydiyyat həsrəti gözləyən partiyaların dövlət qeydiyyatına alınması, bəzi partiyaların ofis problemi ilə bağlı qaldırılan məsələlərin nəzərə alınıb baxılması, ölkə üçün əhəmiyyətli, milli maraqlarımız baxımından əhəmiyyətli olan müzakirələrdə müxalifət liderlərinin iştirakının təmin edilməsi, eləcə də digər bu kimi irili-xırdalı məsələlər məhz iqtidarın opponentlərini razı salan məqamlardır. Bütün bunlarla yanaşı mühüm tarixi günlərdə, bayramlarda dövlət tərəfindən siyasi partiyalara ünvanlanan təbrik məktubları da siyasi müxalifət tərəfindən yüksək jest kimi qarşılanmaqdadır. Məhz hakimiyyətin siyasdi konfiqurasiyaya doğru atdığı addımların nəticəsi idi ki, bir müddət əvvəl Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi təxribatı siyasi qüvvələr də kəskin şəlkildə pisləyərək hakimiyyətlə, iqtidarla həmrəylik nümayiş etdirdi. 40-dan artıq siyasi partiyanın həmin sənədə imza atması öz-özlüyündə Azərbaycanın siyasi səhnəsində yeni bir hadisə sayıla bilərdi. Bu həm də onun göstəricisi idi ki, siyasdi müxalifət də eyni zamanda hakimiyyətin dialoq əlini geri çevirmir, ölkədə müasir dövrə uyğun siyasi mühitin, iqtidar-müxalifət əməkdaşlığının möhkəmlənməsini istəyir.

Nəhayət, iqtidar-müxalifət dialoqu, ölkədə siyasi konfiqurasiyanın yaranması, hər iki cəbhənin təkcə ümummilli məsələlər deyil, eləcə də ölkə həyatı üçün vacib olan digər məsələlərdə yekdil mövqe nümayiş etdirməsini istəyən, arzulayan üçüncü tərəf Azərbaycan cəmiyyəti, vətəndaşlardır. Cəmiyyət neçə illərdir açıq şəkildə görür ki, siyasi gərginlik, iqtidar və müxalifətin ən xırda məsələdə uzlaşa bilməməsi ümumilikdə ölkəni, Azərbaycanı geri salır, onu müəyyən mənada inkişafdan saxlayır. Arada olan düşmənçilik (hərçənd bu düşmənçiliyi daha çox radikal siyasi düşərgə edir) siyasi münasibətləri daha da gərginləşdirir və bundan istifadə edən antiAzərbaycan qüvvələr, xarici dairələr burada öz planlarını həyata keçirib Azərbaycanı döyüş poliqonu çevirmək istəyirlər. Belə bir halın baş verməsi isə Azərbaycanda Suriya, Misir, Liviya və digər bu kimi hadisələrin təkrarlanması demək olar. Ona görə də Azərbaycan cəmiyyəti siyasi gərginlik, xaos, anarxiya deyil, qarşılıqlı uzlaşma, anlaşma, konfiqurasiya tərəfdarıdır və hakimiyyət tərəfindən bu istiqamətdə ortaya qoyulan siyasi iradəni dəstəkləyir.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31