“Hərbi təlimlər Ermənistanda ciddi təşviş yaradıb” – Bəhruz Quliyev

"Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək və bu kimi təlimlərin keçirilməsi ənənəvi hal almaqla, iki qardaş ölkə arasındakı strateji müttəfiqliyin ali, sarsılmaz və qüdrətli təcəssümü olamaqla yanaşı, eyni zamanda, düşmən tərəfə bir mesaj kimi də qiymətləndirə bilərik". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.  

Siyasi ekspert hesab edir ki, növbəti təlimlərdə qoşunların şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb edilməsi onun miqyasının böyüklüyünə də dəlalət edir: "Belə ki, təlimlərin Bakı, Naxçıvan, Gəncə şəhərlərində, Kürdəmir və Yevlax rayonlarında keçirilməsi də məhz bu cür qənaətə gəlməyə zəmin yaradır. Lakin bu, daha bir gerçəkliyi ortaya qoyur - iki qardaş ölkənin regiondakı mühüm hərbi faktorunu, eləcə də siyasi- hərbi ideoloji reallığını. Çünki regionumuzun sərhədləri geostrateji baxımdan həssas məkanda yerləşir və nəzərə alsaq ki, burada Ermənistanın işğalçılıq maraqları hələ də qalmaqda davam edir, o cümlədən təcavüzkar ölkənin sivil hərbi mövqeyindən daha çox hərbi təcavüzkarlıq maraqları mövcuddur, bu zaman Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hər an istənilən vəziyyətə hazırlıqlı olmalarına ehtiyac duyulur".

"Daha bir məsələ iyulun 12-dən başlayaraq işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində dövlət sərhədimizdə silahlı təxribat törətməsi ilə bağlıdır", deyə qeyd edən Bəhruz Quliyev məhz həmin ərəfələrdə qardaş Türkiyə dövlətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bu ölkənin ali hərbi struktur rəhbərlərinin Azərbaycanın yanında olduqlarını və istənilən dəstəyi göstərəcəklərinə dair bəyanatlarını da xatırladıb: "Düşünürəm ki, bu geniş masştablı birgə hərbi təlimlər həmin bəyanatların davamıdır və artıq Ermənistanın hərbi-siyasi dairələri bu informasiyadan təlaş keçirməyə başlayıblar. Xüsusilə, Naxçıvanda keçirilən hərbi təlimlər öz miqyasına görə daha öncəki təlimlərdən daha geniş müstəvini əhatə edir. Hərbi təlimlər iki qardaş ölkənin strategiyalarının üst-üstə düşməsinin və sarsılmazlığının bariz göstəricisidir. İşğalçılar da bilməlidirlər ki, təcavüzkar siyasət uzun müddət davam edə bilməz və bütün bu kimi reallıqlardan nəticə çıxarmalıdırlar. Onu da qeyd edim ki, təlimlərin keçirilməsi artıq Ermənistan rəhbərliyi və sadə vətəndaşları arasında da ciddi şəkildə  təşviş yatadıb. Elə hesab etmək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində  qarşı tərəfin indiyəqədər tutduğu anormal mövqeyindən imtina etməsinin və Azərbaycanın işgal olunmuş torpaqlarının geri qaytarmasının  vaxtıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31