“Azərbaycana, azərbaycanlılara qarşı haqsızlığa son qoyulmalıdır”
29 İyul 2020 13:38 SiyasətJalə Əliyeva: "Mehriban xanım öz haqq, etiraz səsini bir daha yüksəltdi"
Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat ölkə ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Lakin buna baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bütün həmlələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəf edildiyini görən ermənilər təxribatlarını xarici ölkələrdə yaşayan soydaşlarımıza qarşı davam etdiriblər. Belə ki, son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfinən təxribatlar törədilir. Təkcə bu fakt deməyə əsas verir ki, terror, təxribat Ermənistanın əzəli dövlət siyasəti olub və indi də bu silahdan istifadə etməkdə davam edirlər. Elə ermənilərin bu məkirli siyasətinin toruna düşməməsi üçün ölkənin ictimai siyasi xadimləri xaricdə yaşayan soydaşlarımıza müraciət ediblər. Ölkənin Birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib: "Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib...".
Millət vəkili Jalə Əliyeva qeyd edib ki, bu, qəlbi daim qədirbilən Azərbaycan xalqı və dövləti ilə döyünən, onun üçün hər zaman narahatçılıq keçirən, onun ən xırda uğurlarına belə sevinən, onun naminə gecəli-gündüzlü bütün fədakarlıqlara qatlaşan, nəinki xalqının, dövlətinin, bütün dünyanın rəhm, mərhəmət, şəfqət simvoluna çevrilən bir xanımın, bir ananın, bir bacının, bir siyasətçinin, bir ictimai xadimin, bir dövlət xadiminin müraciətidir: "Başqa cür ola da bilməzdi. Mehriban xanım bu məsələyə də, növbəti erməni təxribatı və fitnəkarlığı nəticəsində sərhəddin Tovuz istiqamətində baş verənlərə etiraz əlaməti olaraq, xarici ölkələrdə yaşayan soydaşlarımızın, həmvətlərimizin bir andaca Vətən, Qarabağ naminə yaşadıqları ölkələrin küçələrinə axışmalarına, həm işğalçı və təcavüzkar ölkəyə, həm onu dəstəkləyənlərə, Azərbaycanın üzərinə qaldıranlara, həm də 30 ildən çoxdur ki, erməni yalanlarına, böhtanlarına inananlara, onların insanlıq əleyhinə cinayətlərinə göz yumanlara səslərini ucaltmalarına və bu zaman onların növbəti erməni barbarlığı, vandallığı ilə qarşılaşmalarına, yenə də "demokratiya", "insan hüquqları" "çarcıları"nın seyrçi qalmalarına biganəlik göstərə bilməzdi. Göstərmədi də, öz haqq, etiraz səsini bir daha yüksəltdi, ucaltdı! Həm daxildə-ölkə vətəndaşları, 32 ildən çoxdur ki, erməni zülmlərindən, onların havadarlarının ədalətsizliklərdən əziyyət çəkən xalqı ilə, həm də xaricdə yaşayan azərbaycanlılarla, soydaşlarımızla birgəliyini, həmrəyliyini nümayiş etdirdi! Hər zaman onların yanında olduğunu və olacağını bütün dünyaya, düşmənlərimizə də, elə dostlsrımıza da gur səslə duyurdu. Budur Mehriban Əliyeva Ucalığı, budur Mehriban Əliyeva Sevgisi, budur Mehriban Əliyeva İradəsi və Cəsarəti! Mehriban xanımın tarixi müraciətində də deyildiyi kimi, Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Ancaq həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Müraciətində bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırır Mehriban Əliyeva! Çünki qanunsuz əməllər cəzalandırılmalıdır. Tamamilə, haqlı, məqamında, yerində olan tələbdir. Çünki artıq yetər, artıq Azərbaycana, azərbaycanlılara qarşı haqsızlığa, ədalətsizliyə son qoyulmalıdır, ermənilərin, Ermənistanın, onları təhrik edənlərin haqlı, layiqli cəzaları verilməlidir. Bu cəzanın vaxtı gəlib çatıb, hətta keçib belə".
Onun sözlərinə görə, müraciətində beynəlxalq qurumlara, o cümlədən, adlarını insan-hüquq müdafiə təşkilatı qoyanlara da çağırış edən Mehriban xanım haqlı olaraq deyir: "Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən "Freedom House", "Amnesty International" və "Human Rights Watch" təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər...". Bəli, indi söz onlarındır, buyursunlar, zəhmət çəksinlər, öz mövqelərini bildirsinlər, ortaya qoysunlar. Çünki birbaşa onların vəzifəsi, borcudur. Borclarını, vəzifələrini yerinə yetirsinlər, biz də onların səmimiyyətinə, ədalətpərvərliyinə inanaq. Ancaq onlar da, digərləri də, güc mərkəzləri də, həmsədrlər də öz mövqelərini yenə ortaya qoymasalar, yenə oyun oynamaqda davam etsələr, Azərbaycan dövləti və xalqı öz liderləri-ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və onun ən yaxın çiyindaşı, silahdaşı, ölkənin ikinci şəxsi-Mehriban xanım Əliyeva ilə birlikdə cəmi düşmənlərin cavabını layiqincə və sonunacan verəcək. Qələbə Azərbaycanın, zəfər bizim olacaq. Müraciətinin sonunda da dediyi kimi, "Qarabağ Azərbaycandır və nida işarəsi!"
Zəka
Olaylar.az