“Mənim polisim məni qoruyur”
1 İyul 2020 10:59 SiyasətAzərbaycan polisi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 102-ci ildönümünü qeyd edir. Qürurverici haldır ki, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Məhz bu kimi amillər nəzərə alınaraq Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" adına, 1143 nəfər orden və medallara layiq görülüb. Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirib. Azərbaycan polisinin fəadakarlığı nəzərə alınaraq ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanına çevrilib. Hazırda Azərbaycan polisinin fədakarlığı vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. Məhz bu amillər nəzərə alınaraq hazırda dünyanı cənginə almış koronavirusla mübarizədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası polisə həvalə edilib. Bu isə o deməkdir ki, polis öz soydaşlarını dəhşətli virusa yoluxmaqdan qoruyur. İnsafən desək, polis ona etimad edilərək həvalə edilən vəzifənin öhdəsindən layiqincə gəlir. Onlar hər gün gücləndirilmiş iş rejimində işləyir, təhlükə ilə üz-üzə qalırlar. Öz həyatlarını riskə ataraq vətəndaşları maarifləndirir və məsuliyyətsizlik edənləri qanuna riayət etməyə dəvət edir. İndi Azərbaycan polisinin işi təkcə insanları cinayətkardan yox, həm də öz məsuliyyətsizliyindən qorumaqdır. Xüsusi karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən polislərimiz bir an olsun sayıqlıqlarını itirmirlər. Təmkin və səbrlə, yeri gələndə nəzakətlə insanlarla ünsiyyət quraraq onları evdə qalmağa çağırır, koronoviorus infeksiyasının nə qədər ciddi problemlər yaratdığı ilə bağlı maarifləndirmə işləri aparırılar. Məsuliyyətsizlik edərək, lazım olmadığı halda evdən küçəyə çıxan və hər an virusa yoluxma ehtimalı olan insanları nəzarətdə saxlamaq onların işini daha da çətinləşdirir. Buna baxmayaraq onlar müşahidə etdikləri səhlankarlığa dərhal reaksiya verirlər. Hazırda polis əməkdaşları qadağan olunmuş ictimai yerlərdə insanların kütləvi hərəkətini, lüzum olmadan küçələrə axışmanın qarşısını almaq üçün şəhərin müxtəlif ərazisində xidmət aparırlar.
Sirr deyil ki, hazırki şəraitdə Azərbaycan polisinin fədakarlığı daha artıb. Kimliyindən asılı olmayaraq günü-gündən artan bu virusdan qorunmaq üçün əlindən gələni əsirgəmir. Polis təkcə qanunla ona həvalə edilən vəzifələrin icrasını təmin etmir, eləcə də vətəndaşların bu çətin anda düşdükləri vəziyyətdən çıxmasına yardımçı olur. Xatırlada ki, pandemiya dövründə Bakının Bayıl qəsəbəsində kəsildi, polis su maşını təşkil edərək b əhalini su ilə təmin etdi. Yeni Yasamalda polis hamilə qadını xəstəxanaya çatdırarkən uşaq elə maşındaca dünyaya gəldi. Binədə əlini şüşə kəsən qadın polis vaxtında xəstəxanaya çatdıraraq həyatını xilas etdi. Dializ xəstəsinin köməyinə son anda polislər çatdı.Bacısını itirən yaşlı qadını polis öz maşını ilə yas yerinə apardı. Sərt karantin rejimindən xəbəri olmayaraq küçəyə çıxan ahıl qadına öz yemək paylarını verən də polislər oldu. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən bir ailə çörək istəyir. Dərhal polislər həmin ailəyə çörək çatdırırlar. Bir ailə də polisə zəng edərək xəstə övladının yeməyinin bitdiyini deyir. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarından biri aptek və marketlər bağlı olduğu üçün evinə gedərək öz uşağının yeməyini gətirib həmin ailəyə verərək daha bir insanlıq nümunəsi göstərir. Küçədə sahibsiz heyvanların yemləyəni məhz polislər verdi. Məyər sadalanan faktlar polislərin fədakarlığının nümunəsi deyilmi?
Fəxrlə demək olar ki, sərt karantin günlərində koronavirusa yoluxma təhlükəsi olan sağlam vətəndaşlarımızın keşiyində məhz Azərbaycan polisi dayandı. İnsanlar evdə oturarkən onlar öz canlarını təhlükəyə ataraq küçələrdə keşiş çəkdilər. Fədakarlıq nümayiş etdirdilər, gecə-gündüz yollarda, postlarda, parklarda qoruyucumuza çevrildilər. Yaşlı, tənha, kimsəsiz insanların köməyinə tələsdilər, sovqat apardılar. Sosial məsafə saxlamağımızı, maska taxmağımızı, karantin qaydalarına əməl etməyimizi, yəni özümüzü qorumağımızı tələb və təmin etdilər. Məhz polislərimiz öz fədakarlıqları ilə koronavirusla mübarizədə ön sıralarda dayandılar. Polisin karantin dövründə xidmətləri danılmazdır, bunu inkar etmək qeyri mümkündür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də onların xidmətinə yüksək qiymət verib: "Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, "mən qorxmuram, mənə bir şey olmaz". Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir". "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, pandemiya dövründə Azərbaycan polisi fədakarlıq nümayiş etdirib və xidməti vəzifələrini layiqincə yerinə yetirib: "Bütün dünya pandemiyanı müharibə olaraq qəbul edib. Koronavirus yayıldığı andan bu müharibənin ön sıralarında həkimlərlə yanaşı polislər də dayanıb. Xüsusi karantin rejiminin təmin edilməsi daxili işlər orqanlarına həvalə edilib. Bu müddət ərzində də polislərimiz çox peşəkar səviyyədə proseslərin öhdəsindən gəlib. İnsanlarla davranma barədə məsələlərdə polis işçiləri xüsusi qayğı nümayiş etdirdilər. Hətta bir neçə polis xidməti vəzifələrini icra edərkən koronavirusa yoluxdu. Bu da onların fədakarlığının göstəricilərndən biridir. Eyni zamanda, son günlər polisin necə fədakar olduğunu bir daha gördük". Bu isə o deməkdir ki, Azərbaycan polisi üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir".
Alim
Olaylar.az