"Biz Prezidentimizin ətrafında sıx birləşir, onun çağırışlarına və səsinə səs veririk"
17 Aprel 2020 16:11 SiyasətPrezidentin saytı dövlət başçısı İlham Əliyevə gələn məktubları təqdim edir.
Qazax rayon sakini təqaüdçü Yusifov Yusif Əhməd oğlu yazır:"Möhtərəm cənab Prezident.
Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər. Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində görülən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb.
Yerlərdə əhalinin sosial müdafiəsinə yönəlmiş planlar layiqincə icra olunur, nəticədə hər bir ailə dövlətin sosial qayğısını öz üzərində hiss edir. Qazax rayonunda aidiyyəti qurumlar koronavirusa qarşı mübarizəyə səfərbər edilib, imkanı olan şəxslər aztəminatlı ailələrə yardım göstərirlər.
Rayonumuzun ağsaqqalları, ziyalıları adından Sizə, nəcib işləri ilə xalqın sevimlisinə çevrilmiş Mehriban xanıma minnətdarlığımızı bildirir, Siz başda olmaqla ailənizə cansağlığı, qarşıya qoyulmuş hədəflərə çatmaq istiqamətində fəaliyyətinizdə uğurlar arzu edirəm."
Bakı şəhər sakini Güldanə Babaşova isə yazır ki:"Əziz və hörmətli Prezidentimiz.
Əvvəla Sizə və ailə üzvlərinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz əlillərə və kimsəsizlərə heç vaxt dəstəyinizi və qayğınızı əsirgəmirsiniz. Dövlətimizin başçısı olaraq xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərinizə görə Sizə dərin ehtiram bəsləyirik. Bu xalqa Sizin kimi Vətənini sevən igid oğul bəxş etdiyi üçün Allah atanıza və ananıza qəni-qəni rəhmət eləsin.
Ümid edirik ki, bütün dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Bir vətəndaş olaraq hamımız karantin qaydalarına, qoyulmuş qadağalara sonadək riayət etməliyik. Çünki yalnız bu yolla öz sağlamlığımızı qoruya bilərik. Sağlamlığımızın qorunması istiqamətində gördükləri misilsiz işlərə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkür edirəm.
Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bütün Azərbaycan xalqının bu çətin günlərdə bir olmasına, həmrəylik göstərməsinə mühüm töhfə verdi. İnanırıq ki, bu çağırışınızla bir gün doğma Qarabağımızı işğaldan azad edəcəyik."
Göyçay rayon sakinləri Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov və Sahil Hüseynovdan gələn məktubda isə deyilir ki dünyanı cənginə alan koronovirus pandemiyası ilə bağlı təxirəsalınmaz, qabaqlayıcı tədbirlərə, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına, sağlamlığının qorunmasına, eləcə də, bu çətin dövrdə vətəndaşlarımızın sosial müdafiəsinə və biznes mühitinə dəyən ziyanın aradan qaldırılmasına göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Bu günlərdə ölkədə vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr heç nəyə nail olmayacaqlar. Biz Prezidentimizin ətrafında sıx birləşir, onun çağırışlarına və səsinə səs veririk.