"Əziz və hörmətli Prezidentimiz, biz ailəlikcə Sizinlə fəxr edirik"-PREZİDENTƏ YAZIRLAR
17 Aprel 2020 15:55 SiyasətAzərbaycan respublikasının prezidenti İlham Əliyevə təşəkkür məktubları gəlməkdə davam edir. Prezidentin saytı onlardan bir neçəsini təqdim edir.
"Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Hazırda bir çox ölkələri öz ağuşuna alan pandemiya Azərbaycandan da yan keçmədi. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı. İnanırıq ki, Sizin sayənizdə ölkəmiz bu bəladan minimum itki ilə çıxacaq.
Belə çətin zamanda hər bir vətəndaş özünü dövlətin, Prezidentin himayəsində hiss etdi. Bunun bariz nümunəsi kimi, bu ay imzaladığınız fərman və sərəncamları xüsusi qeyd etmək lazımdır. Yaşı 65-dən yuxarı 176 məhbusun əfv edilməsi Sizin necə humanist Prezident olduğunuzu göstərir. İşsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər.
Cənab Prezident, bütün bunlara görə ailəmiz adından Sizə təşəkkür edirəm. Biz gənclər Sizinlə fəxr edirik və Sizi dəstəkləyirik.
Hörmətlə,
Quliyev Əhməd Leysan oğlu.
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Çalburun kəndi."
XXX
"Möhtərəm cənab Prezident.
Mən pensiyaçı babayam, yeddi nəvəm vardır, onlardan ikisi qardaş Türkiyədə təhsil alır. Onların atası, yəni oğlum Azərbaycan Ordusunun zabitidir.
Ölkəmiz və dünyamız üçün bu çətin koronaviruslu günlərdə nəvələrim Türkiyədən xəbər verdilər ki, dövlətimiz onların hər birinə maddi yardım etmişdir. Bu xoş xəbərdən çox sevindim, fərəhləndim və böyük qürur hissi keçirdim, ürəyim dağa döndü. Allah da Sizi sevindirsin.
Hörmətli Prezident, əlli iki ildən artıq əmək stajım vardır. Bütün həyatım boyu elimə, obama, millətimə, xalqıma, doğma yurduma, Vətənimə bağlı olmuşam, onunla birlikdə addımlamışam, ölkəmin ictimai-siyasi həyatında daim fəal olmağa çalışmışam.
Xoşbəxtlikdən taleyim elə gətirmişdir ki, gənclik-tələbəlik illərim də daxil olmaqla, demək olar ki, bütövlükdə təhsil və əmək fəaliyyətim ulu öndərimiz Heydər Əliyevin Sovetlər İttifaqında və müstəqil Azərbaycanda rəhbər vəzifələrdə olduğu dövrlərə təsadüf edib. Mən onu həmişə böyük maraqla izləmişəm, dinləmişəm, daim ondan öyrənmişəm, daim ona inanmışam və yaxşı bilirəm ki, Siz hansı ictimai-siyasi məktəbin yetirməsisiniz. Odur ki, prezident seçkilərində birmənalı olaraq Sizi dəstəkləmişəm və bir seçici olaraq Sizə səs vermişəm. Həmişə əmin olmuşam və bu gün bir daha təsdiqləndi ki, öz seçimimdə yanılmamışam. Siz, doğrudan da, ölkəmizin hər bir vətəndaşının qayğısına qalan layiqli Prezidentimizsiniz, Ali Baş Komandanımızsınız.
Nəticələr göz qabağındadır. Biz yaxşı görürük ki, "mənəm-mənəm" deyən lider ölkələr dünyanı çulğamış koronavirus sınağında hansı vəziyyətdədirlər. Yalnız Sizin uzaqgörənlik, yüksək təşkilatçılıq, hər bir məsələyə ciddi yanaşmaq bacarığınız, eləcə də bizim sevimli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xalqımıza ana qayğıkeşliyi sayəsində Azərbaycanımız ağır bəlalara düçar olmamışdır. Bunları görməyənlər nadandırlar.
Əziz və hörmətli Prezidentimiz, biz ailəlikcə Sizinlə fəxr edirik. Sizə ailənizlə birlikdə uzun və sağlam ömür, cansağlığı, ailə xoşbəxtliyi, ölkə rəhbəri kimi bütün fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər və uğurlar diləyirik.
Dərin hörmətlə,
Əfəndiyev Sabir İsmayıl oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri."