Vətəndaşların təhlükəsizliyinin və sağlamlığının qorunması üçün bütün imkanlar səfərbər edilib

"Pandemiya  sərhəd tanımayan, çox sayda insanın yoluxa biləcəyi epidemiyadır. Ümumdünya Səhiyyə Təşkilatı artıq bir neçə aydır ki, dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19) pandemiya elan edib və pandemiya dünyanın istənilən ölkəsi üçün təhlükəlidir. Artıq bildiyimiz kimi vaxtında zəruri addımlar atılmazsa, inkişaf səviyyəsindən asılı olmayaraq, istənilən ölkəyə sarsıdıcı zərbə vura bilər."

Olaylar.az bildirir ki, bu fikirləri "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin  sədri h.e.d., prof. Mayis Əliyev deyib.

O bildirib ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, onun təhlükəsizliyini və sağlamlığını qorumaq üçün bütün imkanlarını səfərbər edir. Bu gün bütün nazirliklər öz sahələri ilə bağlı gərgin iş rejimində fəaliyyətlərini davam etdirirlər:

"Bu xüsusda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti göz önündədir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında pandemiya dövründə işsiz kimi qeydiyyata alınan və bu dövrdə qazancını itirmiş şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi bu qəbildən olan insanların həyat şəraitinin davam etməsi üçün bir stimuldur".

Sədr qeyd edib ki, eyni zamanda nazirlik tərəfindən yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri də uöurla həyata keçirilir: "15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 14100 tənha ahıla və əlilliyi olan şəxsə ərzaq payları evlərinə aparılıb verilib və bu proses uğurla davam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31