Mayis Səfərli: “İqtidar-müxalifət münasibətlərinin yeni formatda qurulması demokratik şəraitin daha da genişləndirilməsinin təzahürüdür”

Mayis Səfərli: “İqtidar-müxalifət münasibətlərinin yeni formatda qurulması demokratik şəraitin daha da genişləndirilməsinin təzahürüdür”

"Bütün bəşəriyyəti fəlakətə sürükləmiş koronavirusa qarşı Azərbaycanda son dərəcədə effektiv, ardıcıl mübarizə təşkil edən ölkə rəhbərliyi bu gün dövlət həyatının bütün sahələrinin ritmik fəaliyyətini və dinamik inkişafını da diqqət mərkəzində saxlayır". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə,  pandemiyanın yaratdığı mövcud çətinliklər fonunda Azərbaycanın gələcəyinə, uğurlu inkişafına yönəlik islahatların davam etdirilməsi göz önündədir: "İdarəetmə, iqtisadi, sosial, məhkəmə-hüquq, qanunvericilik sahələrindəki ciddi keyfiyyət dəyişiklikləri, kadr islahatları, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin günün tələblərinə uyğun təşkili bu istiqamətdə atılan çoxsaylı addımlardır. İqtidar-müxalifət münasibətlərinin də yeni formatda qurulması, parlament rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması ölkədə demokratik şəraitin daha da genişləndirilməsinin təzahürüdür. Bu gün Ədliyyə Nazirliyi tərəfindən yeni-yeni siyasi partiyalar dövlət qeydiyyatına alınmışdır. Bu da öz növbəsində Prezidentin çoxpartiyalı siyasi sistemin inkişafina, siyasi partiyaların dövlətimizin ümumi siyasi mənzərəsinin tərkib hissəsinə çevrilməsinə istiqamətlənən islahatlarının bəhrəsidir".

Onun sözlərinə görə,  siyasi arenaya yeni qüvvələrin gəlməsinə qanunlar çərçivəsində hər cür şəraitin yaradılması, əlbəttə ki, ölkəmizdə plüralizmin, fikir azadlığının və bütün digər təməl azadlıqların inkişafında dövlətimizin qərarlı və ciddi siyasətindən xəbər verir: "Bu isə öz növbəsində ölkəmizin demokratiya yolunda yeni-yeni nailiyyətlərin əldə edilməsinin göstəricisidir. Söz yox ki, bütün bu islahatlar pandemiyadan sonrakı dövrdə daha intensiv şəkildə həyata keçiriləcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31