"Qoy bu çətin yolda Allah da həmişə Sizin arxanızda dursun!"
17 Aprel 2020 10:19 SiyasətKoronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Prezidentin saytı həmin məktubları təqdim edir.
Bakı şəhəri Nəsimi rayonunun sakini Sübhan Qaragözov yazır: "Hörmətli cənab Prezident, hazırda koronavirus pandemiyası nəticəsində dünyada hər gün yüz minlərlə insan xəstəliyə yoluxur, minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir və milyonlarla insan müxtəlif şəkildə bu pandemiyadan maddi və mənəvi zərər görür. Bu çətin günlərdə biz bir daha şahidi olduq ki, dövlətimiz dünyada baş verən bütün prosesləri olduqca həssaslıqla izləyir və öz vətəndaşlarının pandemiyadan əziyyət çəkməmələri, zərərlərin ən minimum səviyyəyə endirilməsi üçün lazım olan bütün qabaqlayıcı və tənzimləyici tədbirləri vaxtında, qətiyyətlə həyata keçirir. Dünyanın aparıcı dövlətlərinin belə aciz qaldığı bu vəziyyətdə dövlətimizin, Prezidentimizin öz xalqının və vətəndaşlarının yanında olması, onların bütün mümkün problemlərinin həllinə çalışması doğrudan da təqdirəlayiqdir, sevindirici və qürurvericidir. İstər xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, istər sahibkarlara, işsizlərə və mövcud vəziyyətdən zərər çəkən digər şəxslərə dövlət dəstəyinin, maddi yardımın göstərilməsi, istərsə də xəstəliyə yoluxmuş və yoluxma riski olanların müalicəsi, qorunması baxımından Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma ortaya qoydu. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk, cənab Prezident!".
Bakı şəhər sakini Fuad Heydərlinin məktubunda isə aşağıdakı fikirlər yer alıb: "Möhtərəm cənab Prezident, bütün dünyanın koronavirusla üz-üzə qaldığı bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri biz gənclərdə böyük qürur hissi yaradıb. Müvafiq Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş "Yeni klinika" xəstəxanasının və Sumqayıt Kimya Sənaye Parkında maska istehsalı müəssisəsinin açılışları, həmçinin Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakınız bir daha sübut etdi ki, Siz hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışırsınız. Sizin və Mehriban xanımın bu mövzuda xalqımıza müraciətləriniz soydaşlarımızda yüksək əhval-ruhiyyə yaradıb, biz vətəndaşlara böyük mənəvi stimul olub. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən koronovirusla mübarizə sahəsində həyata keçirilən bütün tədbirlər xarici ölkələrin mətbuatlarında da, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir olunur və yüksək qiymətləndirilir. Biz gənclər də Sizin bu xidmətlərinizi yüksək qiymətləndirir, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımızın tezliklə bu yoluxucu xəstəlikdən ən az itki ilə qurtulacağına əminliyimizi bildiririk. Bütün bunlara görə gənclər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun!".
Bakı şəhəri Səbail rayonunun sakini Telman Əzimzadə yazır: "Əziz Prezidentim, bizim ailə Sizin qayğınızı daim hiss edib. Hazırda mən tək yaşasam da, özümü tənha hiss etmirəm. Məlum səbəblərdən ölkəmizdə yaranmış bu çətin günlərdə Sizdən böyük diqqət və qayğı gördük. Bu günlərdə həm maddi, həm də ərzaq yardımı aldım. Bu, mənə və mənim kimi insanlara maddi yardımdan əlavə, həm də mənəvi qayğıdır. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi qorusun. Doğrudan da biz birlikdə güclüyük".
Bakı şəhəri Suraxanı rayonunun sakinləri Vidadi Hüseynov, Rüstəm Kazımov və Natiq Baxışov yazırlar: "Hörmətli cənab Prezident, biz Yeni Suraxanı qəsəbəsinin sakinləri Sizə qəsəbəmizdə daxili yolların təmirinin başa çatdırıldığına görə səmimi təşəkkürlərimizi bildiririk. Bu işlər ilin əvvəlindən başlasa da, qayğılı günlərdə başa çatdırıldı. Bu isə Azərbaycan dövlətinin heç bir çətinlik qarşısında əyilmədiyini göstərir. Bu işlərin yerinə yetirilməsini biz hazırkı çətinlik üzərində ilkin qələbə kimi qəbul edirik. Əminik ki, Sizin rəhbərliyinizlə pandemiyaya qalib gələcək, Qarabağ uğrunda mübarizədə qələbəyə də hazırlaşacağıq. Gecə-gündüz çalışdığınıza görə qəsəbəmizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Goranboy rayonunun Xan Qərvənd kəndinin sakini Niyaz Hacıyevin məktubunda deyilir: "Möhtərəm cənab Prezident, bu gün dünya ölkələri qarşısında ciddi problemə çevrilmiş COVID-19 virusunun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən davamlı, sistemli və kompleks tədbirlər biz sadə vətəndaşlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. İstər koronavirusun yayılmasının lokallaşdırılması ilə bağlı qabaqlayıcı tədbirlər, istər iqtisadiyyatın bu virusun təsirlərindən qorunması üçün atılan addımlar, istərsə də sahibkarlara, sosial baxımdan ehtiyacı olan insanlara dövlət dəstəyinin göstərilməsi və bütün bu işlərin həyata keçirilməsi istiqamətində dövlət qurumlarının sistemli fəaliyyəti vətəndaş olaraq bizim özgüvənimizi daha da artırır. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyətini, bir neçə gün əvvəl xalqımıza bir ana qayğısı ilə, sevgi və səmimiyyətlə müraciətini də qeyd etməyi özümə borc bilirəm. Bu gün mən və ailəm paytaxtdan 350 kilometr aralıda, özü də döyüş bölgəsi olan bir rayonda yaşayırıq. Verilən bütün qərarların ölkənin ən ucqarlarında belə icrası dövlət intizamının bariz nümunəsi və bunun nəticəsində biz sadə insanların dövlətə inamının daha da möhkəmlənməsidir. Cənab Prezident, Siz xoş günlərdə də, çətin günlərdə də həmişə xalqımızın yanında, sadə insanların arxasında olmusunuz. Qoy bu çətin yolda Allah da həmişə Sizin arxanızda dursun!".
Xaçmaz rayonunun Mehrəliqışlaq kənd ümumi orta məktəbinin direktoru Pənah Ələsgərov yazır: "Əziz və hörmətli cənab Prezident, bütün dünyanın koronavirusla üzləşdiyi bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri bizlərə ölkəmizdə daha rahat və arxayın yaşamağa imkan verir. Siz insanlarımızın sağlamlığı üçün ölkədə çox münbit şərait yaradırsınız. Sizin göstərişinizlə bütün sahələrdə işlərin qaydasında olması üçün lazımi tədbirlər görülür. Hazırda dünyada tüğyan edən koronavirus bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Amma əsas odur ki, Sizin müəyyənləşdirdiyiniz proqram sayəsində biz vətəndaşlar bunu hiss etmirik. Əksinə, vətəndaşlara maddi dəstək göstərilir, sahibkarlara güzəştlər edilir. Möhtərəm cənab Prezident, görülən işlərə görə Sizə minnətdarlığımızı bildirməklə bərabər, əminliyimizi ifadə edirik ki, Sizin rəhbərliyinizlə qısa zamanda bu çətinliklərdən az itkilərlə çıxacaq, əvvəlki həyatımıza qayıdacağıq. Bu yolda hamımıza cansağlığı, uğurlar arzulayırıq".
Quba rayonunun sakini Sərxan Mirzəyevin məktubunda deyilir: "Möhtərəm Prezidentimiz İlham Əliyev, Sizin Azərbaycanın hər bir vətəndaşına olan diqqət və qayğınız Quba əhalisi tərəfindən də fərəhlə qarşılanır. Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə vaxtında həyata keçirdiyiniz tədbirlər hər bir Azərbaycan vətəndaşına olan qayğınızdan xəbər verir. Respublikamızın hər yerində bu istiqamətdə aparılan zəruri tədbirlər, xüsusi karantin rejiminin tətbiqi mövcud vəziyyətdə əhalinin sağlamlığının qorunmasına xidmət edir. Sizin rəhbərliyinizlə həyata keçirilən bu tədbirlər əslində bir sıra dünya ölkələri üçün də nümunədir. Cənab Prezident, son illər ölkəmizdə, o cümlədən Qubada reallaşdırılan böyük infrastruktur layihələrini də xüsusi vurğulamaq istəyirəm. Yaşadığım Dəvədabanı massivində uzun illərdən bəri həllini gözləyən problemlər sürətlə aradan qaldırılmaqdadır. Artıq əraziyə qazın verilməsi təmin olunub. Hazırda küçələr asfaltlanır, müasir işıqlandırma sistemi quraşdırılır. Çoxdan gözlədiyimiz məktəb və uşaq bağçasının inşası da yaxın vaxtlarda başlanacaq. Bütün bu işlərə görə Dəvədabanı yaşayış massivinin üç min sakini adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk".
Füzuli rayonunun 5-ci Zobucuq qəsəbəsinin sakini Cəmalə Məmmədova dövlətimizin başçısına ünvanladığı məktubda qeyd edir: "Hörmətli cənab Prezident, mən vətənpərvər Azərbaycan vətəndaşı və müəllimi olaraq, ilk növbədə, təhsil sahəsinə göstərilən qayğıya, həmçinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində müəllimləri düşünərək, əməkhaqları ödənilməklə onlara evdə qalmaq şəraiti yaratdığınıza görə Sizə təşəkkür edirəm. Biz müəllimlər ev şəraitində olsaq da, gələcəyimiz olan uşaqların təhsildən yayınmamaları üçün əlimizdən gələni edəcək, Sizin qayğınıza yorulmadan çalışmaqla cavab verəcəyik. Bir daha Sizə dərin minnətdarlığımı çatdırır, uğurlar diləyirəm. Allah Sizi qorusun!".