ÜST Ağ Evi alt-üst edib - yanlış qərarlar, yoxsa…

Ekspert: "İndi ittihamlar irəli sürmək vaxtı deyil, dünyanı qurtarmaq lazımdır"

ABŞ Senatının daxili təhlükəsizlik və hökumət məsələləri üzrə Komitəsi koronavirusun meydana gəlmə və yayılma şəraiti, burada Çinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) oynadığı rolu araşdırmağa başlayır. 

Musavat.com xəbər verir ki, bu barədə Komitənin sədri Rın Conson "Politico" nəşrinə müsahibəsində məlumat açıqlayıb. Onun sözlərinə görə, o və həmkarları həm ABŞ-da, həm də onun hüdudlarından kənarda koronavirusun meydana çıxması, yayılması və ona qarşı tədbirlərin həyata keçirilməsi intensivliyini araşdıracaqlar. Araşdırma ilk növbədə virusun Çində meydana gəlmə şərtlərini, eyni zamanda Pekinin və ÜST-ün onun yayılmasının qarşısını almaq üçün nə qədər effektiv tədbirlər həyata keçirdiklərini üzə çıxarmağa istiqamətlənəcək: "Bütün bunlar haradan başladı? İnfeksiyanın heyvandan insana keçməsi faktı həqiqətən baş veribmi? Yoxsa Çində tutalım ki, ən zərərsiz məqsədlə - koronavirusun digər tiplərinə qarşı dərman hazırlanan laboratoriyadan sızmamı olub? Biz həmçinin ÜST-nin virusun meydana çıxması ilə bağlı məlumatların gizlədilməsindəki rolunu da araşdırmalıyıq".

Ron Conson həmçinin qeyd edib ki, ABŞ-da virusla mübarizə üçün zəruri olan fərdi mühafizə vasitələri və tibbi ləvazimatların çatışmazlığının, zəruri tibbi preparatların istehsalının qurulmamasının səbəblərini də araşdıracaqlar.
Araşdırmada iştirak edən senator Rik Skott isə daha açıq danışıb: "Biz kommunist Çinə inana bilmərik, həmçinin bizə məlum oldu ki, ÜST-yə də inanmaq olmaz, çünki onlar bizə yalan deyiblər".

Musavat.com-a məsələ ilə bağlı danışan professor Adil Qeybulla bildirib ki, əslində hazırda dövlətlərin görməli olduğu əsas iş bu pandemiyanın qarşısını almaqdır: "Bütün dövlətlərin, səhiyyə təşkilatlarının qarşısında duran ən əsas vəzifə də budur. Hədəf odur ki, bu problemdən mümkün qədər az itkilərlə çıxılsın. Bu virusun mənşəyi, əmələ gəlmə səbəbi isə başqadır. Bütün bunlarla bağlı hüquqi məsuliyyət yaradan məsələlərin araşdırılması ikinci mərhələdə ola bilər. Əlbəttə ki, böyük bir itkilərlə başa çatan bu prosesin müzakirə edilməsi, araşdırılması olacaq. Bəllidir ki, bu məsələni boş buraxmayacaqlar. Nəticədə asılı olaraq, hüquqi məsuliyyət də fərqli formada gündəmə gələ bilər. Lakin həmin prosesi ortaya atsalar da bu, müzakirə mövzusu deyil. Əsas məsələ odur ki, ABŞ supergüc bir ölkədə bu qədər çoxsaylı itkilərin yaşanmasıdır. Virusu lokallaşdıra bilməmək həmin səhiyyə üçün böyük bir biabırçılıqdır. Bu, onu göstərir ki, ABŞ-da səhiyyə təşkili məsələlərinə yenidən baxmalıdırlar. Bu qədər xərclərin mənasız yerə getməsi vətəndaşın xeyrinə çalışmaması, hər halda müzakirə mövzusu olmalıdır. Bəzi ölkələr öz səhiyyələrinə yenidən baxmalıdırlar. Ümumdünya Səhiyyə Təşkilatının bir konsepsiyası olmalıdır ki, bu cür pandemiya ilə biz hər an üz-üzə qala bilərik. Çünki insanlar artır, onlar faunanı, floranı sıxışdırırlar və təbii ki, heyvanların əti ilə qidalanma da çoxalır".

Professor bildirib ki, bu kimi virusların əksəriyyəti insana məhz heyvandan keçib:

"Koronavirus və digər virusların əksəriyyəti insanda olmayıb və insana heyvandan keçib. Bütün bunlar göstərir ki, biz yeni-yeni surprizlərlə üz-üzə qala bilərik. Hər dəfə də səhiyyə buna hazır olmalıdır. Bu məsələləri müzakirə etmək daha vacibdir nəyinki, məsələnin hüquqi tərəfi. Bu prosesdən siyasi məqsədlərlə, milli maraqlar üçün istifadə etmə var. Dünya iqtisadiyyatı bu məsələdən olduqca zərər görüb. Bununla yanaşı "qara pullara" nəzarət də həyata keçirmək mümkün deyil. Yəqin ki, bundan sonra dünya yenidən şəffaflaşacaq, bəzi məsələlər dərindən yoxlanacaq. O cümlədən də bir çox ölkələr öz səhiyyələrinə yenidən baxmalı olacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31