Azərbaycan üzvü olduğu bütün beynəlxalq təşkilatlara yeni nəfəs verir

"Türk Şurasının fövqəladə Zirvəsinin Azərbaycanın təşəbbüsü ilə keçirilməsi tarixi əhəmiyyətli hadisədir və özündən sonra yeni hadisələr doğurmaq gücündədir".

Bunu    "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor Zirvə görüşünün əhəmiyyətini belə izah edib: "Türk dövlətləri bu gün koronavirusa yoluxma və müalicə olunmuş insan sayına görə dünyada nisbətən ən yaxşı vəziyyətdə olan ölkələr sayılsa da, Zirvə görüşü türk ölkələrinin bəşəriyyətin taleyi üçün daha çox narahat olduqlarını və daha çox iş görmək istədiklərini nümayiş etdirdi.

Çox qiymətli faktdır ki, Türk Şurası koronavirusla mübarizəni məxsusi olaraq müzakirəyə çıxarmış ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Bu əlamətdar zirvənin Azərbaycanın sədrliyi dövrünə düşməsinin ayrıca mənası var. Bu təşəbbüskarlıq qəti sübut etdi ki, ölkəmiz ümumtürk inteqrasiya proseslərinə dəstəyini heç vaxt əsirgəməyəcək. Azərbaycan üzvü olduğu bütün beynəlxalq təşkilatlarda yeniləşdirmə, təkmilləşdirmə və staqnasiya gücünə malik olduğunu Türk Şurasında da nümayiş etdirdi.

Azərbaycan indiyədək İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə xeyli yeniləşdirici addımlar atıb və bu qurum özünün təşkilatlanmasında bir sıra yeniliklərə görə Azərbaycana borcludur. Ölkəmiz BMT TŞ-da bir il qeyri-daimi üzv oldu və sadə dildə desək, "bu təşkilat üçün yeni səhifələr yazdı". BMT-nin islahatlarla təkmilləşdirilməsinə dair Azərbaycanın bir neçə maraqlı təşəbbüsü və təşəbbüslərə dəstək jestləri var. Nəhayət, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə çox böyük yaradıcılıq gücü nümayiş etdirməkdədir. Eyni yaradıcı və təkmilləşdirici gücünü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə də göstərməkdədir.

Türk liderlərin Zirvəsi ilə Azərbaycan indiki çətin dövrdə dünya dövlətlərinə koronavirusla mübarizədə öz dəyərli təcrübələrini başqaları ilə bölüşmək şansı verdi.

Bu mənada COVID-19-la mübarizədə Azərbaycanın milli təcrübəsinin digər dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edəcəyi şəksizdir. Türk dövlətlərinin inteqrasiya prosesində Azərbaycanın moderatorluq gücü getdikcə özünü daha parlaq nümayiş etdirəcək.Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31