Partiya sədri: “Bəzi siyasi təşkilatlar  dövlət orqanlarına diktə etməyə çalışırlar”

"Koronavirus (COVİD-19) epidemiyasının dünyada sürətlə yayılmağa başladığı andan Azərbaycan hökuməti bu öldürücü infeksiyanın ölkəmizin ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınmasını, vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasını təmin etmək üçün pandemiyanın lap əvvəlindən təxirəsalınmaz addımlar atdı. Məhz bu addımların nəticəsi olaraq bu gün ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarətdədir və dövlət orqanları situasiyaya uyğun olaraq yeni-yeni tədbirlər həyata keçirirlər". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, ölkəmizin bu sahədə gördüyü işləri Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə müsbət qiymətləndirmişdir: "Aprel ayının 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqaladə video sammitinə qatılan ÜST baş direktoru Tedros Adxan Gebreyesus koronavirusla mübarizədə səmərəli fəaliyyətinə görə ölkəmizin rəhbərliyinə və xalqımıza bir daha təşəkkürünü bildirdi. Azərbaycanın bu məsələdə yaxşılar, öncüllər sırasında olması təsadüfi deyil. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyəti lap əvvəldən, təhlükəli xəstəliklə mübarizənin ilk günlərindən ortaya sistemli və səmərəli fəaliyyət qoydu. Qısa bir müddət ərzində ölkədə COVİD-19 infeksiyasına yoluxmuş insanların müalicəsi üçün 2 yeni klinika istifadəyə verilmiş, maska və digər tibbi qoruyucu vasitələr istehsal edən müəssisə işə salınmış, hər biri 200 yerlik olan daha 6 modul tipli xəstəxananın tikintisinə qərar verilmişdir".

Partiya sədri bildirib ki, dövlətimizin bu gərgin məqamda ölkə vətəndaşlarına dəyən maddi ziyanın yüngülləşdirilməsində, işsizliyin qarşısının alınmasında, sahibkarlığın tənəzzülünə səbəb ola biləcək faktorların aradan qaldırılmasında, aztəminatlı ailələrin, işsizlərin maddi ehtiyaclarının ödənilməsində atdığı addımlar da görülən sistemli və kompleks fəaliyyətin tərkib hissəsidir: "Lakin, təəssüflər olsun ki, bəzi siyasi qüvvələr dövlətimizin apardığı bu möhtəşəm fəaliyyətə kölgə salmağa çalışır, qısqanclıq nümayiş etdirirlər. Bir sıra siyasi partiyalar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciəti nəzərdən keçirdikdə belə qənaətə gəlmək mümkündür ki, bəzi siyasi təşkilatlar dövlətimizin yanında olmaq, ona dəstək vermək, əhali arasında, heç olmasa öz partiya üzvləri arasında tətbiq olunan karantin əməllərinə riayət olunması ilə bağlı maarifləndirmə işi aparmaq əvəzinə tənqidçi rolunda çıxış edir və hətta  dövlət orqanlarına bu və digər məsələlərlə bağlı diktə etməyə çalışırlar. Düşünürəm ki, bütün siyasi təşkilatlar koronavirus kimi təhlükəli xəstəliklə mübarizədə dövlətin gördüyü bütün fəaliyyətə dəstək olmalı, ölkədə həmrəyliyin, birliyin mövcudluğununun qorunub saxlanılmasında öz töhfələrini verməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31