Azərbaycan yenə bir ilkə imza atdı
11 Aprel 2020 09:43 SiyasətTürk Şurası Prezident İlham Əliyevin təşəbbüsü ilə koronavirusla bağlı toplanan ilk beynəlxalq təşkilat oldu
Bütün dünya koronavirus kimi öldürücü bir pandemiyaya qarşı mübarizə apardığı bir dönəmdə Azərbaycan yenə də mühüm, önəmli bir görüşün təşəbbüskarı kimi tarixə düşdü desək yanılmarıq. Söhbət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün keçirilməsindən gedir. Əvvəlki formatlardan fərqli olaraq bu dəfə zirvə görüşü videokonfrans şəkilində baş tutdu ki, bu da yuxarıda qeyd etdiyimiz kimi hazırda dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar idi. Elə zirvə görüşünün də əsas ana mövzusunu məhz koronavirusa qarşı mübarizə tədbirləri təşkil edirdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılıb və faciəvi nəticələrə gətirib çıxarıb. Nəzərə alsaq ki, koronavirusa qarşı mübarizə tədbirləri, görülməsi vacib olan işlər barədə zirvə görüşü keçirən beynəlxalq təşkilatlar sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir ilkə atdı, o zaman Azərbaycan Prezidentinin sözügedən təşəbbüsünün nə qədər mühüm və nə qədər tarixi əhəmiyyət daşıdığını aydın şəkildə görə bilərik. Elə zirvə görüşündə çıxışı zamanı da dövlət başçısı bu məqamı xüsusi olaraq vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir: "Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır".
Dövlət başçısı qeyd edib ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir: "Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır. Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılıb. Mənim Sərəncamımla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılıb. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir". Prezident İlham Əliyev çıxışının sonunda ümid edib ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünü tarixi görüş kimi xarakterizə edən millət vəkili Nəsib Məhəməliyev də ümid etdiyini bildirib ki, türkdilli dövlətlər bütün çətinliklər kimi pandemiyanın da öhdəsindən gələ biləcəklər: "Türk dünyası üçün tarixi bir gün oldu. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü keçirildi. Zirvə görüşü Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan prezidentləri, Macarıstanın baş naziri, TDƏŞ-in baş katibi və Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun iştirakı ilə baş tutdu. Zirvə görüşü koronovirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuşdu. Konfrans iştirakçılarının hər biri ölkələrində görülən tədbirlər barədə məruzə ilə çıxış etdilər və yekunda bəyanat qəbul etdilər". Zirvə görüşünü tarixi görüş adlandırmasının səbəbinə gəlincə, millət vəkilinin sözlərinə görə, müasir dünyanın bu günki reallıqları ondan ibarətdir ki, koronovirus, qısa zaman kəsiyində dünyanın bütün ölkələrini bürüdü: "Ölkələr arası sərhədlər bağlandı, diplomatik, iqtisadi, mədəni, turistik əlaqələr kəsildi. Hətta Avropa Birliyi ölkələri uzun illər əvvəl götürülmüş sərhədləri bərpa etdilər. Virusun daha çox yayıldığı İtaliya, İspaniya kimi ölkələrə nəinki yardım etməkdən imtina etdilər, bəzi hallarda digər ölkələrdən göndərilən humanitar yardımları mənimsəməkdən çəkinmədilər. Təbii olaraq həssas bir dövrdə, belə neqativ halların, dünya ölkələrinin nümunə götürdüyü birliyin daxilində baş verməsi, proseslərin heç də monolit olmadığını göstərir".
Millət vəkilinin sözlərinə görə, təəssüf hissi ilə etiraf etmək lazımdır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uzun illər əvvəl formalaşsa da, müxtəlif səbəblərdən birliyin harmonik, stabil inkişafını təmin etmək mümkün olmurdu: "Azərbaycan-Türkiyə-Qazaxıstan üçlüyünün iqtisadi, siyasi, mədəni və digər sahələrdə strateji əməkdaşlıqlarını çıxmaq şərti ilə digər ölkələrlə münasibətdə vaxtaşırı müəyyən boşluqlar nəzərə çarpırdı. Təbii ki, ikitərəfli və çoxtərəfli münasibətlərdəki bu sistemsizlik ümumi işə ziyan gətirirdi. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu, uzaq gələcəyə hesablanmış apardığı siyasət türk dünyasının inkişafına, inteqrasiyasına, genişlənməsinə hesablanmış siyasətdir. Hazırda bir çox dünya ölkələri öz aralarında uzun illər mövcud olmuş iqtisadi əlaqələri pozaraq, ticarətdə proteksionist siyasət yürüdür, bir-birilərinə qarşı maliyyə sanksiyaları, müxtəlif əsassız tariflər, gömrük rüsumları tətbiq etməklə, ənənəvi bazarlardan çıxarırlar. Nəticədə güclü daha çox güclənir, zəif isə daha da zəifləyir. Belə bir vəziyyətdə türkdilli dövlətlərin vahid strategiyadan çıxış etmələri, pandemiya ilə mübarizədə bir birilərinə maddi və mənəvi dəstək vermələri olduqca zəruridir. Bu birliyin dünya çapında hərtəfəfli inkişaf etmiş, güclü bir varlığa çevrilməsi üçün kifayət qədər təbii sərvətlər, insan resursları, kadr potensialı, nəqliyyat- loqistika infrastrukturu mövcuddur. Macarıstanın timsalında Avropadan tutmuş, Türkiyə, Azərbaycan vasitəsilə Qazaxıstan və orta Asiya dövlətlərini özündə cəmləşdirən böyük bir coğrafiyada məskunlaşmış türkdilli millətlər, müasir dünya sivilizasiyasına əhəmiyyətli töhfələr verə bilər. Mövcud milli, irqi, dini ayrı seçkiliklərin, ədalətsizliklərin qarşısı alınar".
Millət vəkili bildirib ki, aprelin 10-da keçirilən zirvə görüşündə, dövlət başçılarının, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun çıxışlarında səsləndirilən fikirlər və gözəl təşəbbüsə görə cənab Prezident İlham Əliyevə edilən təşəkkürlər, bu birliyin daha da güclənməsində Azərbaycanın rolunun nə qədər vacib olduğunun əyani sübutudur. Bu bir ilkdir, tarixidir. Davamlı olsun".
Süleyman