Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında müntəzəm dialoq mövcuddur -Siyasi analiz

Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında müntəzəm dialoq mövcuddur-Siyasi analiz

Birmənalı şəkildə demokratik cəmiyyətlərdə siyasi institutlar  xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Başqa sözlə, demokratiya xalqa, siyasi təşkilatlara dövlət işlərində iştirak etmək hüququ verir. Beləliklə demokratik əhval-ruhiyyəli sosial mühitdə plüralizm yaranır. Təsadüfi deyil ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalq hesab olunur və siyasi təşkilatlar onun idarə olunmasında fəal iştirak edirlər. Nəzərə almaq lazımdır ki, demokratik cəmiyyət əsas partiyalar və siyasi blokların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır. Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda siyasi plüralizm daha çox müstəqillik dövrünə təsadüf edir. Azərbaycanda siyasi plüralizmin mövcud olmasının bir göstəricisi ölkədə siyasi partiya və birliklərə verilən hüquqlar, onların qarşısında heç bir məhdudiyyətin tətbiq edilməməsidir. Ölkəmizdə də istənilən siyasi partiya və birlik heç bir məhdudiyyət olmadan, heç bir baryerlə üzləşmədən öz proqramını cəmiyyətə çatdıra bilir, bu və ya digər məsələlərə öz yanaşmasını ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun göstəricisi sayıla bilər. Siyasi partiyalar və birliklərə verilən bu hüquqlar elə "Siyasi partiyalar haqqında Qanun"da da təsbit olunub. Sözügedən qanunda qeyd edilir ki, siyasi partiyalar məqsədləri və fəaliyyəti barədə məlumatları sərbəst yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaratmaq, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkilərində, habelə ümumxalq səsverməsi-referendumlarda iştirak etmək, dövlət orqanları tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək hüquqlarına malikdir. Etiraf edilməlidir ki, Azərbaycanda siyasi partiyalar sərbəs toplaşmaq azadlığından istifadə edir, seçkilərə qatılmaqla siyasi proseslərin subyektinə çevrilirlər. Konkret olaraq qanunvericilk təşəbbüsü ilə çıxış edirlər, idarətmədə fəal iştiraka cəlb olunurlar. 9 fevral Milli Məclis seçkilərinə 19 siyasi partiyanın qatılması, parlament sədarəti və komitələrində müxtəlif pariyaların nümayəndələrinin təmsil olunması buna bariz nümunədir.

Məlumdur ki, siyasi partiyanın məqsədi sivil mübarizə yolu ilə hakimiyyətə gəlməkdir. Bu istiqamətdə siyasi partiyalar, siyasi bloklar iqtidara müxalif ola bilər, üstəlik dövlətin idarə olunmasında alternativ proqramlar irəli sürə bilərlər. Lakin dövlət və milli maraqlar, eləcə də ümumilli problemlərə yanaşmada siyasi intriqa və iddialar, şəxsi və partiya maraqları kənara qoyulmalıdır. Çox təəssüflər olsun ki, bəzi hallarda Azərbaycanda bərqərar olmuş demokratiyadan, ölkədə bu istiqamətdə yaradılan şəraitdən, siyasi institutların normal fəliyyəti üçün yaradılan imkanlardan bəzi siyasi partiya və ictimai birliklər bir o qədər də səmərəli istifadə etmirlər. Əksinə, yaradılan şəraitdən bəzən sui-istifadə hallarına yol verilir, demokratiyanın verdiyi imkanlardan şəxsi və yaxud qrup maraqları üçün yararlanmağa cəhdlər göstərilir. Nəzərə almaq lazımdır ki, bu kimi sui-istifadə halları çox zaman dövlətçilik prinsipləri, milli maraqlara zidd addımların atılmasına gətirib çıxarır. Əslində isə Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalı, Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələr onların həllinə birlikdə öz töhfələrini verməlidirlər. Çünki, problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir.

Məhz belə halların qarşısını almaq məqsəilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən həftədən başlayaraq ölkədəki siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirir. Parlament seçkilərindən az sonra partiya sədrləri ilə görüşlər keçirilməsi hakimiyyətin ölkədəki partiyaların mövqeyinin güclənməsində maraqlı olması, siyasi islahatlar kursunun daha bir təzahürü kimi şərh edilir. Siyasi ekspertlər hesab edirlər ki, belə görüşlər ilk növbədə ölkədə gərginliyin aradan qaldırılmasında, həmçinin sabitlik və təhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır.

Siyasi partiyalarla təmaslar quraraq onlarla fikir mübadiləsi aparıb ölkədəki real siyasi vəziyyəti, siyasi partiyaların rəhbərlərinin baxış bucağını, təkliflərini öyrənmək hər bir iqtidarın qarşısında duran əsəs şərtlərdəndir. Hakimiyyətin bu istiqamətdə atdığı addımlar cəmiyyətdə siyasi həmrəyliyə aparan yolları axtarıb tapmaq və praktiki təkliflər hazırlamaq baxımından olduqca əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, belə görüşlər zamanı təkcə ölkənin üzləşə biləcəyi problemlər və ondan çıxış yollar yox, həm də siyasi partiyaların özlərinin problemləri və təşəbbüsləri öyrənilir. Bu isə nəticə etibarilə gələcəkdə siyasi partiyalarla polemika, dialoq praktikasını təkmilləşdirib onu iqtidar-müxalifət dialoquna çevirmək kimi də bir perspektivə hesablanıb.

Belə görüşlər həm də siyasi partiyaların fəaliyyətinin  aktivləşməsi baxımından əhəmiyyətli rol oynayır. Dövlətin siyasi partiyalara dəstəyi məsələsi  "Siyasi partiyalar haqqında Qanun"da da öz əksini tapıb. İstər sözügedən qanunun mövcudluğu, istər həmin qanunda yer alan mühüm maddələrdə açıq şəkildə göstərilir ki, dövlət siyasi partiyaların mövcudluğu, onların inkişaf etməsində maraqlıdır və bu istiqamətdə məqsədyönlü addımlar atılır. Məsələn, "Siyasi partiyalar haqqında qanunun III fəslinin 13-cü maddəsində göstərilir ki, dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir. Həmçinin dövlət bu Qanunun 17-1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərir. Eyni zamanda qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına yol verilmir.

Sirr deyil ki, Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında müntəzəm dialoq mövcuddur. Prezident Administrasiyasınnın yeni strukturunda yaradılan müvafiq şöbə tərəfindən ayrı-ayrı partiya, o cümlədən müxalifət partiyalarının nümayəndələri ilə keçirilən görüşlər bunu bir daha aydın göstərir. Halimiyyət tərəfindən atılan addımlar deməyə əsas verir ki, heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz. Çünki, Azərbaycanda iqtidar-xalq birliyi hökm sürür. Məhz buna güvənən Azərbaycan hakimiyyəti daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31