Prezident İlham Əliyevin siyasi islahatlar paketinə uyğun olaraq cəmiyyətdə pozitiv bir sıyası atmosfer formalaşıb -ŞƏRH

Məhəmməd Əsədullazadə: "Bundan sonra iqtidar öz siyasətində daxili siyasi partiyalarla məsləhətləşəcək və ölkədə yeni siyasi mərhələnin başlanğıcını qoyacaq"

Azərbaycanda bir neçə ildir ki, həyata keçirilən və həyatımızın müxtəlif sahələrini əhatə edən islahatların növbəti mərhələsinə start verilib. "Bu mərhələ daha çox siyasi sferada özünü göstərir" desək yanılmarıq. Azərbaycan Respublikasının Prezident Administrasiyasında həyata keçirilən struktur islahatları, eləcə də fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə start verilən bu islahatlar çərçivəsində ötən müddət ərzində görülən işlər, atılan addımlar onu deməyə əsas verir ki, digər islahatlar kimi siyasi sahədə də həyata keçirilən islahatlar da öz müsbət nəticəsini verir. Həm Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbərliyinin yarandığı qısa müddət ərzində ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə keçirdiyi görüşlər, aparılan müzakirələr, həm də yeni formalaşan qanunverici orqanda, eləcə də onun rəhbərliyi və komitələrində müxalifət və bitərəf şəxslərin təmsil olunması onu deməyə əsas verir ki, həyata keçirilən siyasi islahatlar öz bəhrəsini verir.

Siyasi sahədə həyata keçirilən islahatların uğurlu nəticələr verməsini şərtləndirən əsas amillərdən biri bu prosesin reallaşmasını yönəlik siyasi iradənin olmasıdır. Həm Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbənin yaradılması, həm də VI çağırış Milli Məclisinin rəhbərliyi və komitələrində müxalifət nümayəndələrinin təmsil olunması bu istiqamətdə siyasi iradənin ortada olduğunu göstərir. Bu siyasi iradə isə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ortaya qoyulur. Elə VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fikirlərindən bu aydın şəkildə sezilirdi. İclasda çıxışı zamanı dövlət başçısı açıq və net olaraq bildirdi ki, parlament rəhbərliyi və komitələrdə müxalifət nümayəndələri də təmsil olunmalıdır və dövlət başçısı bununla bağlı öz tövsiyəsini də verib: "Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olub ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır".

Ölkədə siyasi sahədə həyata keçirilən islahatlar, çoxpartiyalı sistemin yaradılması istiqamətində atılan addımlar, eləcə də siyasi partiyalarla müntəzəm olaraq keçirilən görüşlər siyasi cameədə təmsil olunan partiya və birliklər tərəfindən də yüksək səviyyədə dəstək görür.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə hesab edir ki, hər bir ölkənin siyasi camesində müxtəliflik və demokratik prinsiplərin inkişafı baxımından iqtidar-müxalifət görüşü və dialoqu mütləqdir. Onun sözlərinə görə,  bu dialoqlar ölkəyə qarşı xarici təhdidlərin qarşısının alınmasına və cəmiyyətin yekdilliyinə  gətirib çıxarır: "Ona görə də zamanla belə bir görüşlərə ehtiyac duyulur. Azərbaycanın müstəqilliyindən bəri dəfələrlə iqtidar-müxalifət anlaşması vaş tutub və parlamentdə müxalifət təmsil olunub. Bir müddət bəzi səbəblərə görə aktiv siyasi təşkilatlar parlamentdə yer tutmasa da bu il keçirilən seçkilərdə aktivlik və siyasi proseslərdə sıyası partiyaların seçkilərdə aktivliyi müşahidə edildi. Burada iqtidarın müəyyən qədər açılım siyasəti də mühüm rol oynadı". Partiya rəsmisi qeyd edib ki,  Prezident İlham Əliyevin siyasi islahatlar paketinə uyğun olaraq cəmiyyətdə pozitiv bir siyasi atmosfer formalaşıb: "Məhz prezident də parlamentdə çıxışında siyasi partiyalarla dialoqu vacib saydı. Bu onu göstərir ki, prezident də dialoqda maraqlıdır. Təbii ki,  bu dialoq formatı çərçivəsində bir çox siyasi partiyalarla görüş keçirildi. Göründüyü kimi bundan hər iki tərəf razı qalıb. Hesab edirəm ki, bu görüşlər və danışıqlar Azərbaycanın güclənməsinə, daxili siyasi proseslərin təhlükəsizliyinə zəmin yaradacaq. Dövlət başçısı tərəfindən müəyyən edilən bu siyasi xətdə dövlətçilik və xalq birliyi yaranacağı şübhəsizdir. Azərbaycanda yeni siyasi ab-havanın yaradılması istiqamətində bu kimi siyasi görüşlərin keçirilməsi xalqın dövlətə etimadını artıracaq". Məhəmməd Əsədullazadə bildirib ki, bu görüşlər birbaşa prezidentin iradəsi ilə həyata keçirilir: "Düşünürəm ki, burada müsbət irəliləyişlər qaçılmaz olacaq. Prezidentin Milli Məclisdə dialoqla bağlı verdiyi mesajlar göstərir ki, Azərbaycanın buna ehtiyacı var və problemlər xaricə çıxmamaqla  daxildə həll edilməlidir. Hesab edirəm ki,  belə bir görüşlər dialoq formatında kiçik bir qığılcımdı və bunu geniş şəkildə ictimaiyyətə açıq keçirilməlidir. İqtidarın müəyyən xarici təhdidləri neytrallaşdırmaq və proseslərdə birlik nümayiş etdirmək kimi belə təşəbbüslər  göstərməsi təqdirəlayiqdir və ölkədə siyasi proseslərdə dinamika yaradacaq.  Hər bir siyasi partiyanın inkişafı və mövqeyinin gücləndirilməsində siyasi partiyanın daxili situasiyada öz yerini tutmasından irəli gəlir. Bu da əlbəttə iqtidarla düşmənçilik etməklə olmur. Ona görə də bu kimi görüşlər zamanında atılan bir addım oldu. Bundan sonra iqtidar öz siyasətində daxili siyasi partiyalarla məsləhətləşəcək və ölkədə yeni siyasi mərhələnin başlanğıcını qoyacaq. Çünki, belə bir siyasi dialoq siyasi mühitin şəffaflığına xidmət edəcək".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31