Çexiyadakı yeni səfirimiz kimdir? - DOSYE
12 Mart 2020 14:20 SiyasətXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Adış Məmmədovu Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Adış Sakit oğlu Məmmədov 1968-ci il dekabrın 17-də Cəlilabad rayonunun Seyidbazar kəndində doğulub. 1986-cı ildə orta məktəbi Gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olub. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına qəbul olub. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.

2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olub, 2005-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktoranturasına qəbul olub, hal-hazırda "Daxili münaqişələrin tənzimlənməsinin siyasi və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının (siyasi elmlər doktoru) üzərində çalışır. Beynəlxalq münasibətlərə dair 2 kitabın, ölkə və xarici mətbuat səhifələrində çap olunmuş bir sıra məqalələrin müəllifidir.
A.Məmmədov 1995-1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışıb. 1998-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində I Katib vəzifəsinə təyin olunub. 2001-2002-ci illərdə Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri vəzifəsində çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində I Katib vəzifəsində işləyib. 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində Müşavir vəzifəsində çalışıb.
2013-cü il 12 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının İsveç Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib.
Evlidir, iki övladı var.
