Azərbaycanımız, dövlətimiz naminə “Əyyub səbri” - CƏMALƏDDİN QULİYEV YAZIR
12 Mart 2020 06:13 SiyasətCəmaləddin Quliyev
Bəlkə də bəzilərinə qəribə gələr: qiyabi tanışlığım çoxdan başlasa da, 1995-ci ildən sonra isə fəaliyyətini izləmək imkanım olsa da, 2014-cü ilə qədər Əli müəllimlə birbaşa təmaslarım olmayıb. Nə digər həmkarlarımdan fərqli olaraq onunla şelfi çəkdirmək üçün yüyürmüşəm, nə "mənim elmi rəhbərim ol" deyib müraciət etmişəm, nə də şəxsi xahişlərimlə dəng etmişəm. Təmaslarımız bilavasitə deyil, bilvasitə olub və rəsmi çərçivəni aşmayıb. Bunun yaxşı , ya pis olduğunu iddia etmirəm, sadəcə xatırlatma edirəm. Hərçənd o zaman "sən Ramiz müəllimin qohumusanmı?" sualına mənfi cavab alanlar Əli müəllimin qohumu olduğumu da zənn edib, elə belə də şayiə yayıblar. Bu şayiələr indi də qulaqlarıma gəlib çatır.
Verdiyim cavabı təkrarlayıram-mən müsəlman və azərbaycanlı ailəsində böyümüşəm, kosmopolit, rusbaşlı, irançı, turançı... olmamağımla, azərbaycanlı və azərbaycançı olmağımla fəxr etmişəm və edirəm. Mirzə Kazımbəydən, Məhəmməd ağadan üz bəri azərbaycançılığın bütün ideoloqlarını, Fətəli xan Xoyskidən, Məhəmməd Əmindən Heydər Əliyevədək dövlətimizin bütün qurucuları və qoruyucularını özümə mənəvi sələf, qohum, doğma hesab edirəm. Bəli, bu sırada Ramiz Mehdiyev də, Əli Həsənov da var. Çünki Azərbaycan dövlətinin yenidən bərpa olunub ideoloji əsaslarının işlənməsində, bu günədək qorunmasında, vətəndaşı olduğum dövlətdə sabitliyin qorunmasında müstəsna xidmətləri var.
2014-cü ildə dövlət qulluğu ilə bağlı mənə iki iş təklifi olanda məhz Administrasiyada, Əli Həsənovun rəhbərlik etdiyi şöbədə işləməyi intixab etmişəm. Ona görə yox ki, Administrasiya daha nüfuzlu qurum idi, həm də ona görə ki, Azərbaycan dövlətinin ağır çəkili, təcrübəli qulluqçu-qoruyucuları ilə bir yerdə çalışmaq istəmişəm. Bu seçimimə görə də fəxr edirəm. Çalışdığım müddətdə isə nə "qohumlarım"ın adından istifadə etdim, nə də rəsmi, protokol münasibətlərini aşdım. Özümün və bioloji qohumlarımın deyil, mediadan, tələbəlikdən, ictimaiyyətdən tanıdığım və diqqətə layiq bildiyim şəxslərin xahişlərini, qayğılarını çatdırmışam. Bu xahişlər əksər hallarda da Əli müəllimin köməkliyi ilə müsbət həll olunub.
Onun rəhbərliyi altında çalışanda Əli müəllimin dövlətinə və mənsub olduğu siyasi komandaya sədaqətinə, iş əzminə, etikasına heyran olmuşam. Haqsız qarayaxmalara, dünənəcən şelfi çəkdirmək üstünə yüyürənlərin, kabineti önündə əyilə-əyilə gəzənlərin, onunla bir səfər proqramına düşmək üçün dəridən- qabıqdan çıxanların, barəsində yazdıqları mədhiyyələri zor-xoş sildirdiklərimizin Bakıda hər dəfə gilavarını xəzri, xəzrini Buzovna yeli əvəz etdikcə dəyişib, yumşaq ifadə etsəm, üstünə gəlməsinə çox səbirli reaksiyası təəccübləndirib məni. İbrahimi dinlərə aid mətnlərdən dünya dillərinə keçmiş "Əyyub səbri" ifadəsi var. "Belə səbrə dəyərdimi?" sualının cavabı mənim üçün birmənalıdır: Azərbaycanımız, dövlətimiz naminə "Əyyub səbri" nümayiş etdirməyə, 25 ilin gərgin əməyinə dəyərdi.
...Protokoldan kənar "Müəllim" deyə xitab etdiyim çox az adamlar var, heç auditoriyasında tələbə kimi oturduğum müdərrislərin də çoxuna "müəllim" deməmişəm, çünki bu xitaba layiq bilmədiklərimdən nəsə öyrəndiyim yadıma gəlmir. Sizsə bizim, sizi etiraf etməyənlərin də çoxunun Müəllimisiniz. Sizlə birgə çalışdığımıza, Sizdən öyrəndiyimizə, nəhayət, Sizi bir müdirdən çox, bir Müəllim və bir Böyük Qardaş kimi qəbul etdiyimizə görə qürurluyuq. Sizin qarşınızda bir ömürlük vəfa borcumuz var.60-ınız mübarək! Tanrı Sizi qorusun!...
10 mart 2020