Azərbaycanda parlament diplomatiyası ənənəsi mövcuddur -TƏHLİL
11 Mart 2020 13:25 SiyasətMilli Məclisin fəaliyyətində ölkənin müstəqilliyi, milli mənafeyi, milli təhlükəsizliyi əsas yer tutur
Azərbaycanın siyasi tarixində dövlət və dövlət qurumlarının formalaşdırılması ənənəsi xüsusi yer tutur. Heç təsadüfi deyil ki, xalqımız öz tarixinin müəyyən dönəmlərində müstəqil dövlət qurmağa müvəffəq olub. Xatırlatmaq yerinə düşər ki, müsəlman Şərqində parlament mədəniyyətinin əsası da məhz Azərbaycanda qoyulub. Belə ki, 1918-ci ildə Şərqdə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi dövlətçilik tariximizin ən yaddaqalan dövrlərindən birinin başlanğıcı idi. Həmin dövrdə demokratik dövlət quruculuğu, təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində atılmış addımlar cümhuriyyətin əsas fəaliyyət istiqamətlərindən idi. Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən də məhz Azərbaycan xalqının qurduğu cümhuriyyət olub. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadəyə üstünlük verdi. Hazırda Azərbaycanda çoxpartiyalı sistemə əsaslanan parlamet formalaşıb ki, bu da ölkənin ümumilli problemlərinin həllində əhəmiyyətli rol oynayır. Etiraf edilməlidir ki, son illərdə bütün sahələrdə yeniliklərə səbəb olmuş islahatların intibah dövrünü yaşayan Azərbaycanda yeni parlamentin formalaşması zərurəti yaranmışdı. Xüsusilə də hakimiyyətin əsas qollarında həyata keçirilən islahatların müasir dövrün mühüm çağırışlarına adekvat reaksiya verməsi vacib idi. Ölkədə aparılan islahatlar nəhayət qaunverici orqana da çatdı və fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər uğurla başa çatdı. Seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin rəyi seçki prosesinin azad, demokratik, şəffaf şəraitdə ölkənin qanunvericiliyinə tam uyğun olaraq keçirildiyini təsdiqlədi. Deputat mandatı uğrunda 1314 namizədin mübarizəyə qoşulması rəqabət şəraitinin güclü olmasını da sübut etdi. İndiki seçkilərin fərqləndirici əlamətlərindən biri də qaliblər arasında 44 yeni simanın olmasıdır. Maraqlı, eyni zamanda, qürurverici faktlardan biri də budur ki, Milli Məclisin yeni tərkibində ən gənc deputat məhz xanımdır. Heç şübhəsiz ki, parlamentdə yeni simaların, xüsusilə də gənclərin təmsil olunmaları qanunvericilik fəaliyyətində yeni dönəmin başlanmasına, eləcə də beynəlxalq təşkilatlarda ölkəmizin mraqlarının təmin edilməsində öz müsbət təsirini göstərəcək.
Altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev deputatların qarşısında duran vəzifələrdən danışarkən mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunub. Dövlət başçısı vurğulayıb ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Qeyd edək ki, hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi və yerli məhsulların rəqabət qabiliyyətliliyinin artırılması starateji vəzifə kimi qəbul edilir. Artıq keçid iqtisadiyyatı dövrünü arxada qoyan Azərbaycan iqtisadi tərəfdən tərəqqiyə nail olmaq üçün innovasiyaların tətbiqini sürətləndirir. Təsadufi deyil ki, dinamik inkişaf etmək və tarazlı iqtisadiyyata malik olmaq üçün struktur dəyişikliklərinin stimullaşdırılması həyata keçirilir. Şübhəsiz ki, yeni tərkibli parlament ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara töhfə verəcək. Yeni parlamentin heyətində yer alan təcrübəli millət vəkillərinin, eyni zamanda, ilk dəfə deputat mandatı qazanmış gənclərin qarşılıqlı fəaliyyəti sayəsində hazırlanacaq yeni qanunvericilik təşəbbüslərinin ümumi hədəflərə çatmasında öz müsbət təsirini göstərəcəyi şübhə doğurmur.
Prezident İlham Əliyev çıxışı zamanı həm də Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açıb. Dövlət başçısı xüsusilə vurğulayıb ki, Milli Məclis üzvləri beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etməlidirlər. Qeyd edək ki, Azərbaycan parlamentini digər dövlət hakimiyyəti orqanlarından fərqləndirən başlıca xüsusiyyət məhz onun nümayəndəlik xarakterinin olması və qanunvericilik hakimiyyətinin yalnız bu orqan tərəfindən həyata keçirilməsidir. Bu gün tam məsuliyyətlə qeyd edə bilərik ki, respublikamızda demokratik, dünyəvi və hüquqi dövlət quruculuğunun qanunvericilik bazasının yaradılmasında Azərbaycan parlamenti öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının parlamenti siyasi sistemdə qanunvericilik institutu kimi cəmiyyətin siyasi proseslərinə güclü təsir edir. Milli Məclisin fəaliyyətində ölkənin müstəqilliyi, milli mənafeyi, milli təhlükəsizliyi əsas yer tutur. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində Milli Məclisin rolu getdikcə artır. Nəzərə almaq lazımdır ki, Milli Məclisdə çoxsaylı ölkələrin parlamentləri ilə dostluq qrupu yaradılıb. Paralel olaraq ölkə parlamenti nüfuzlu beynəlxalq və parlamentlərarası təşkilatlarda təkil olunur. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın uğurlu parlament diplomatiyası bir sıra naliyyətlərə imza atmağa imkan yaradıb. Artıq ondan artıq ölkənin parlamenti Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Hazırda Milli Məclisi Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyası kimi parlamentlərarsı təşkilatların işində fəal iştirak edir. Azərbaycan parlamenti parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Respublikası Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət qərarlar qəbul olunub. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2001-2003-cü illərdə ölkə parlamentinin AŞPA-da nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti və büro üzvü olarkən Azərbaycanın mövcud problemləri, ölkəmizdə aparılan demokratik islahatlarla bağlı Avropa parlamentarilərinə faktlarla məlumat verir, ölkəmizin xeyrinə müsbət qərarların qəbul olunmasına nail olurdu. AŞPA-nın vitse-prezidenti kimi cənab İlham Əliyev Azərbaycan torpaqlarının işğal olunmuş ərazilərində Ermənistan dövlətinin, erməni silahlı qüvvələrinin narkotik maddələr əkib-becərdiklərini, nəzarətsiz ərazilərdən narkotranzit kimi istifadə etdiklərini və onların insan alveri ilə bağlı cinayət əməllərini rəsmi faktlarla ifşa edərək, Avropa parlamentarilərində obyektiv rəy formalaşdırmışdı. Prezident İlham Əliyevin parlament fəaliyyətində əsasını qoyduğu belə cəsarətli və hücum xarakterli diplomatiya ənənəsi bu gün də uğurla davam etdirilir. Bu, istər beynəlxalq təşkilatlarında, istərsə də ölkələrarası parlament əməkdaşlığında deputatlarımızın fəaliyyətində özünü göstərir. Heç şübhəsiz ki, yeni formalaşan parlament bu ənənəni davam etdirəcək, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasl istiqamətində öz töhvəsini verəcək.
Nurlan
Olaylar.az