Prezident qanunverici və icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi üçün strateji yol xəritəsini cızdı -Şərh
Prezident qanunverici və icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi üçün strateji yol xəritəsini cızdı
11 Mart 2020 13:07 SiyasətMüstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq keçirilmiş növbədənkənar parlament seçkiləri və bu seçkilər nəticəsində Milli Məclisin üzvü seçilmiş millət vəkilləri martın 10-dan etibarən rəsmi fəaliyyətə başladılar. Ənənəvi olaraq yeni formalaşmış qanunverici orqanın ilk iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də iştirak və çıxış edərək həm seçkilərə, onun nəticələrinə, eləcə də ölkədəki mövcud duruma qiymət verdi, həm də VI çağırış Milli Məclisə seçilmiş deputatlara öz tövsiyələrini verdi. Millət vəkili Nəsib Məhəməliyev dövlət başçısının parlamentin ilk iclasında iştirakı və çıxışını Cənab Prezidentin qanunverici orqana diqqəti kimi dəyərləndirməklə yanaşı, həm də onu qeyd edib ki, hər bir millət vəkili də çalışıb öz fəaliyyəti ilə bu diqqəti doğrultmalı, daha aktiv olmalıdır: "Cənab Prezident çıxışının əvvəlində 5- ci çağırış Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirdi, bu da Ali Rəhbərin öz komandasının üzvlərinin keçmiş fəaliyyətinə verdiyi xeyirxahlıq jesti kimi qəbul olunmalıdır. Prezidentin çıxışları , müxtəlif sahələr üzrə xalqa verdiyi tezis xarakterli mesajlarla, zamana və mövcud şərtlərə görə biri digərindən fərqlənir. Ancaq bu günki tarixi çıxışında Prezident, Azərbaycanın gələcək inkişafını təmin etmək, cəmiyyətin bütün təbəqələrini birləşdirmək, əhalini narahat edən problemləri operativ həll etmək, vətəndaş məmnunluğunu təmin etmək, qanunverici və icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi üçün strateji yol xəritəsini cızdı. Etiraf etmək lazımdır ki, əvvəlki çağırış deputatların qaldırdıqları bir çox məsələlərə ayrı-ayrı məmurlar tərəfindən qanuna uyğun reaksiya verilmir və yaxud yumşaq desək, qulaq ardına vurulurdu. Bu da nəticə etibarilə deputatların, bütövlükdə parlamentin nüfuzuna xələl gətirir, inamsızlıq yaradırdı. Cənab Prezident bu və digər çoxsaylı problemlərin operativ həll olunması üçün ayrı ayrı nazirliklərə, məmurlara parlamentlə sıx təmasda olmağı, millət vəkillərinin qaldırdıqlara məsələlərə ciddi yanaşmağl tapşırdı. Qəbul olunan qanunların icrasına nəzarət etmək mexanizmi, dünya parlamentarizmində geniş yayılmış, eyni zamanda ən effektiv praktika hesab olunur və düşünürəm ki, Prezidentin apardığı islahatlarda məhz bu müddəanın tətbiqi olduqca əhəmiyyətlidir". Millət vəkili qeyd edib ki, son günlər dünya bazarında neftin qiymətlərinin kəskin düşməsi ilə bağlı yaranmış narahatlıqlar və ajiotajla bağlı Prezidentin verdiyi iqtisadi təhlil, xalqın eşitmək istədiyi fikirlər olmaqla bərabər, Azərbaycanın iqtisadi cəhətdən sabit ölkə olduğunu bir daha göstərdi: "Fevral ayında keçirilən seçkilərdən sonra müəyyən siyasi qüvvələr, heç bir parlament islahatlarının aparılmayacağı haqqında əhali arasında müxtəlif şayiələr yayırdılar. Ancaq cənab Prezident hər zaman olduğu kimi, bu dəfə də necə uzaq görən, peşəkar bir dövlət xadimi olduğunu sübut etdi. Parlamentin rəhbərliyi tamamilə dəyişdi. İlk dəfə olaraq, müxalifət partiyalarının nümayəndələri həm parlament, həm də komitə rəhbərliklərində təmsil olundular. Parlamentə düşən və ya düşməyən müxalifət partiyaları ilə Prezident Administrasiyası arasında dialoq mühiti yaradıldı. Hörmətli Sahibə xanım Qafarovanın spiker seçilməsi isə, müasir dünyada gedən proseslərlə ayaqlaşmaq və Azərbaycanın dünyəvi dövlət olmasının göstəricisidir". Nəsib Məhəməliyevin sözlərinə görə, xarici ölkələrdən və daxildən gələn müsbət reaksiyalar əminlik yaradır ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət digər sahələrdə olduğu kimi, qanunverici orqanda da öz müsbət nəticələrini verəcək, ölkəmiz daha da sürətlə inkişaf edərək dünya birliyində mövqelərini gücləndirəcəkdir.
Azərbaycan Respublikası Mili Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini kimi yüksək bir vəzifəyə təyin olunan millət vəkili Jalə Əliyeva isə deputat həmkarlarına təşəkkür edib. Martın 10-da keçirilən VI çağırış Milli Məclisin iclası ilə ölkə olaraq tarixi bir gün yaşadığımızı deyən millət vəkili deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisdə çox dəyərli, tarixi bir çıxış etdi: "Bu çıxış daha güclü Azərbaycan uğrunda çıxdığımız şərəfli yolu aydınladan böyük bir işıq seli idi. Bu çıxışın hər cümləsi həm Parlament üçün, həm icra qurumları üçün, həm də bütün cəmiyyət üçün bir yol xəritəsi idi. Bu çıxış eyni zamanda bir çox beynəlxalq təşkilatlara, hələ də ölkəmizə qarşı ikili standartlar tətbiq edənlərə bir mesaj idi". Jalə Əliyeva bildirib ki, dövlət başçısının çıxışı islahatlar yoluna qədəm qoymuş Azərbaycanımızın hər bir vətəndaşına, hər qarış torpağına dövlət başçımızın ehtiramının, məhəbbətinin və qayğısının daha bir parlaq nümunəsi idi: "Bu çıxış daha möhkəm vətəndaş cəmiyyətinin qurulması, xalq və dövlət münasibətlərinin inkişafının daha da dərinləşdirilməsi üçün atılmalı olan addımların məcmusu idi. Çox sağ olun, cənab Prezident! Azərbaycan Parlamenti dövlətinin yanındadır, Sizin yanınızdadır! Bütün tapşırıqlarınız və tövsiyələriniz bizim üçün Azərbaycanımız qədər müqəddəsdir".
Füzuli
Olaylar.az