Parlament seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib -Təhlil
Parlament seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib
11 Mart 2020 12:40 Siyasətİlham Əliyev: "Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir"
Martın 10-dan etibarən VI çağırış Milli Məclisi rəsmən fəaliyyətə başladı. Fevralın 9-da növbədənkənar seçkilər əsasında formalaşan yeni parlamentin daha demokratik, daha şəffaf olacağı hələ seçkilərə start verilən ilk gündən proqnozlaşdırılırdı. Bunu isə şərtləndirən bir neçə səbəb var idi. İlk növbədə növbədənkənar parlament seçkilərinin daha demokratik, daha azad və ədalətli keçirilməsi üçün ortaya siyasi iradə qoyulmuşdu və bu proses birbaşa Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin nəzarəti altında idi. Dövlət başçısı seçkilərin bütün mərhələlərində istər daxildə keçirdiyi görüşlərdə, istərsə də xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə birmənalı olaraq qarşıya məqsəd qoymuş və tövsiyə etmişdi ki, seçkilər tam demokratik və ədalətli şəkildə keçirilsin, insanların, vətəndaşın layiq bildiyi şəxslər qanunverici orqanda yer alsın. Elə Cənab Prezidentin ortaya qoyduğu bu siyasi iradənin göstəricisi idi ki, növbədənkənar parlament seçkilərinə qoşulan, özünü Milli Məclisdə görmək istəyən iddialıların sayı dəfələrlə artıq idi. Hətta namizəd sayına görə, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri əvvəlki seçkilərdən bu prosesdə iştirak etmək arzusunda olanların sayına görə rekord həddə idi.
***
Növbədənkənar parlament seçkilərinin demokratik və şəffaf keçirilməsini şərtləndirən digər bir mühüm amil seçki prosesində iştirak etmək arzusunda olan bütün namizədlərə bərabər şəraitin yaradılmasından ibarət idi. Cəmiyyətin, siyasi cameənin bütün təbəqələri heç bir əngəl, maneçilik ölmadan öz namizədliyini irəli sürərək seçki mübarizəsinə qoşulmuşdu. Eyni zamanda seçkilərdə mübarizə aparan hər bir namizədə də öz təbliğat-təşviqat işlərini aparmaq, seçicilərlə görüşlər keçirmək üçün bütün mümkün imkanlar yaradılmışdı. Həm də hər hansı bir namizədə üstünlük verilmədən, heç bir ayrıseçkilik yaradılmadan. Təsadüfi deyil ki, bütün bu sadalanan faktorlar, azad və demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyulan siyasi iradə Azərbaycan cəmiyyəti, seçicisində də seçkilərin demokratik şəraitdə baş tutacağı ümidini yaratmışdı və bu ümidi nəticəsi idi ki, Azərbaycan seçicisi səsvermə günü yüksək fəallıq nümayiş etdirdi, səsvermə prosesində aktiv iştirak etdi. Bütün bu sadaladığımız amillər Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləyən beynəlxalq müşahidəçilər tərəfindən də müsbət qiymətləndirildi, seçki prosesini izləyən bütün beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları 9 fevral seçkilərinin demokratik şəraitdə baş tutduğunu ifadə etdilər.
Fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərinin demokratik şəraitdə keçirilməsi Azərbaycanın demoktatik prinsiplərə nə qədər sadiq qaldığını, bu prinsipləri daha da inkişaf etdirmək üçün davamlı olaraq ortaya siyasi iradə qoyduğunu bir daha təsdiqləmiş oldu. Növbədənkənar seçkiilərin uğurla başa çatmasını Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev VI çağırış Milli Məclisin martın 10-da keçirilən ilk iclasında çıxışı zamanı da vurğulayıb və seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirdiyini deyib: "Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması, əslində, seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür. Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir".
***
Dövlət başçısı beynəlxalq təşkilatlar, seçki müşahidə missiyalarının mövqeyi və dəyərləndirmələri də 9 fevral seçkilərinin azad və ədalətli keçirildiyini bir daha təsdiqləyir: "Biz seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Bunu bəyan edən beynəlxalq müşahidəçilər, əlbəttə ki, reallığı əks etdirir. Eyni zamanda, Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışmışdılar. Heç bir seçki qüsursuz olmur. Bu dəfə də qüsurlar olub və 4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması üçün Azərbaycan özü maraqlıdır. Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir".
Beynəlxakq müşahidə missiyalarınınn seçkilərlə bağlı dəyərləndirmələri zamanı bir məqama da xüsusi diqqət çəkmək lazımdır. Belə ki, bir qayda olaraq Avropa İttifaqı ölkəmizdə keçirilən bu və ya digər seçkilərin nəticələri ilə bağlı adətən mənfi münasibət ortaya qoyur, səsvermə günü bir sıra qanun pozuntularının olduğunu ifadə edirdilər. Ancaq fevralın 9-da keçirilən seçkilər zamanı ən xırda detalların belə nəzərə alınması və seçkilərin demoktatikliyini şübhə altına ala biləcək hər hansı bir qüsurun olmaması Avropa İttifaqının da seçkilərlə bağlı müsbət rəy verməsinə imkan yaradıb. Təsadüfi deyil ki, dövlət başçısı VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bu məqama da toxunub. Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verib: "Bəyan etmişdir ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir".
Süleyman
Olaylar.az