Yeni tərkibli parlament siyasi plüralizmin təntənəsidir -TƏHLİL
Yeni tərkibli parlament siyasi plüralizmin təntənəsidir
11 Mart 2020 12:35 SiyasətMilli Məclis islahatların daha da dərinləşməsinə öz töhvəsini verəcək
Fevralın 9-da baş tutan VI çağırış Milli Məclis seçkisi müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkisidir. Majoritar seçki sistemi ilə keçirilən seçkidə Azərbaycan Respublikasının Milli Məclisinin 125 deputatının seçilməsi reallaşdı. Seçkini izləyən çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin qənaəti belə oldu ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları 5 il müddətinə təkmandatlı seçki dairələrindən sadə səs çoxluqlu majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilib. Qeyd edək ki, 9 fevral erkən parlament seçkisi bir çox parlamentinə görə əvvəlki seçkilərdən fərqli oldu. Əvvala xatırladaq ki, 2016-cı il 26 sentyabrında keçirilmiş sonuncu referendumla Konstitusiyaya bir sıra dəyişikliklər edildi. Həmin dəyişikliklərin arasında prezidentin növbədənkənar seçkilər təyin etmək hüququ da var idi. Məhz bunun nəticəsində, prezident seçkiləri də çoxlarının gözləmədiyi halda vaxtından 6 ay əvvəl, aprel ayında növbədənkənar keçirilmişdi. Prezident seçkilərindən sonra parlament seçkilərinin də vaxtından tez keçiriləcəyi ilə bağlı məlumatlar dolaşmaqda idi. Buna səbəb həmin vaxtlarda parlamentdə 6 yerin boş qalmışı idi. Belə ki, xanım Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq səlahiyyətinə xitam verilmişdi. Bununla yanaşı, Prezidentin aprelin 23-ü və 24-ü imzaladığı sərəncamlarla 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər vəzifəyə gətirilmişdi. Bundan əlavə, həmin ilin aprelin 15-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev dünyasını dəyişmişdi. Odur ki, Konstitusiyaya edilmiş dəyişiklikləri, o cümlədən bəzi qüvvələrin ali qanunverici orqanda öz təmsilçilərini görmək arzusunda olduqlarını və digər səbəbləri nəzərə aldıqda növbədənkənar parlament seçkilərinin keçirilməsi məqbul görünürdü. Nəhayət noyabrın 28-də sensasion qərar verildi. Belə ki, Yeni Azərbaycan Partiyası prezidentin siyasi kursunu və apardığı islahatları dəstəkləmək məqsədilə parlamentin buraxılmasını və yeni deputatların seçilməsini təklif etdi. Hakim partiya hesab edirdi ki, islahatların sistemli olması üçün o, bütün hakimiyyət qollarını əhatə etməlidir. Dekabrın 2-də əsasən Yeni Azərbaycan Partiyasından olan çoxluq bu təklifi dəstəkləyib və prezidentə bu barədə müraciət ünvanladı. Qeyd etmək lazımdır ki, Parlamentin iclasının səlahiyyətli hesab olunması üçün ən azı 83 deputat iştirak etməli və səsvermədə 63 və ya 83 səs çoxluğu ilə qərarlar qəbul edilməlidir. Parlamentdəki partiyalar arasında səs çoxluğu hakim Yeni Azərbaycan Partiyasından olan deputatlarda olduğundan onların istefası təqdirində bu say aşağı düşəcək və sistem işləməyəcəkdi. Elə həmin gün prezident müraciəti Konstitusiya Məhkəməsinə yönləndirdi və dekabrın 4-də məhkəmə təklifin konstitusiyaya uyğun olduğuna qərar verdi.
***
Beləliklə fevralın 9-da reallaşan növbədənkənar parlament seçkisi ilk növbədə namizədlərin rekord həddə olması ilə müşahidə olundu. Milli seçki qanunvericiliyinə görə, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan, daha doğrusu 18 yaşına çatmış hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Məhz mükəmməl seçki qanunvericiliyi imkan verdi ki, seçkilərdə iştirak etmək üçün rekord sayda 2431 nəfər müraciət etsin. Yeri gəlmişkən qeyd edək ki, onlardan 1637 nəfər namizəd qeydə alınmışdı, lakin yanvarın 31-dək olan dövrdə 312-si namizədliyini geri götürdü. Xüsusilə qeyd edilməlidir ki, 9 fevral parlament seçkisində 360 namizəd 19 siyasi partiyanı təmsil edirdi. Təkcə bu fakt deməyə əsas verir ki, altıncı çağırış parlament seçkiləri demokratik keçirilib, səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Altıncı çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşdı. Belə ki, Milli Məclisin 125 deputatından 72 nəfəri Yeni Azərbaycan Partiyasının üzvü oldu. Vətəndaş Həmrəyliyi Partiyası 3 nəfərlə, Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə Milli Məclisdə təmsil olundu. Parlamentin 43 üzvü isə bitərəf oldu.
Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlamentin sədri seçildi. Bu, Yeni Azərbaycan Partiyasının təmsilçisi Sahibə Qafarovadır. Yenilənmə həm mövcud parlamentin tərkibində, həm də ali qanunvericilik orqanının rəhbərliyində - spiker və onun müavinləri, komitə sədrlərinin formalaşması prinsipində də özünü göstərdi. Belə ki, Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, sədrin müavini vəzifəsinə isə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimlinin və bitərəf deputatlar tərəfindən namizədliyi irəli sürülən Adil Əliyevin sədr müavini vəzifəsinə seçildi. Beləliklə, ilk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşdı. 6-cı çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar.
Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçildilər. Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, Adil Əliyev Gənclər və idman komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Səməd Seyidov isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, energetika və ekologiya komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin sədrləri seçiliblər.
Eyni prinsip komitə sədrlərinin müavinlərinin seçilməsində də əksini tapıb. Deputat Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini vəzifəsinə seçilib. Bundan başqa, deputat Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Musa Qasımlı Elm və təhsil komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov Səhiyyə komitəsinin sədr müavini, deputat Sabir Hacıyev Aqrar siyasət komitəsinin sədr müavini, deputat Fazil Mustafa Mədəniyyət komitəsinin sədr müavini, deputat Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Qüdrət Həsənquliyev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Hikmət Məmmədov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Tahir Kərimli İnsan hüquqları komitəsinin sədr müavini seçiliblər. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır. Parlamentin bugünkü tərkibi aydın göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də böyük zərurət var idi. Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək. Parlamentin yeni tərkibi həm də ölkədə siyasi plüralizmin təmin olunduğunun bariz nümunəsi kimi dəyərləndirilə bilər.
Alim
Olaylar.az