Pensiya və icbari tibbi sığorta ilə təminatda əmək müqaviləsinin rolu -TƏHLİL
Pensiya və icbari tibbi sığorta ilə təminatda əmək müqaviləsinin rolu
6 Mart 2020 13:14 Siyasətİlham Əliyev: "Əgər hansısa sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın. Çünki siz pensiya almayacaqsınız və icbari tibbi sığorta ilə təmin olunmayacaqsınız"
Ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət qeyri-leqal məşğulluğun leqallaşmasına stimul yaradıb. Bu sahəyə yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək müqavilələrinin sayında ardıcıl artıma imkan yaradıb. Məhz atılan addaımların nəticəsidir ki, ölkədə əmək müqavilələrinin sayında artım müşahidə olunur. Rəsmi statistik məlumata əsasən 2019-cu ilin əvvəlindən bu günədək qeydiyyata alınmış əmək müqavilələrinin sayında 95 minə yaxın artım qeydə alınıb. Həmin əmək müqavilələrindən 66268-i qeyri-dövlət, qalanı dövlət sektorunda bağlanıb. Lakin hələ də bi çox idarə və müəssisələrdə əmək müqaviləsiz çalışan işçilərin sayı kifayət qədərdir. Bu halda əmək müqaviləsinin üstünlüklərinin izahatına ciddi ehtiyac yaranır. Daha doğrusu, əmək müqaviləsiz çalışan işçilər hansı hüquqlardan məhrum olurlar?
Qeyd edək ki, Prezident İlham Əliyev Qazax rayon ictimaiyyətinin bir qrupu və əhəng zavodunun kollektivi ilə görüşü zamanı deyib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluq olmamalıdır: "Yenə də bütün işçilərə üz tutub deyirəm ki, əgər hansısa sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın. Çünki siz pensiya almayacaqsınız və icbari tibbi sığorta ilə təmin olunmayacaqsınız. İcbari tibbi sığorta isə bu ildən başlayaraq mərhələli şəkildə ölkəmizi tam əhatə edəcək. Ancaq qeyri-rəsmi işləyən hər bir vətəndaş bundan məhrum olacaq və gedib tibbi xidməti almaq üçün pul verməli olacaq. İcbari tibbi sığorta artıq pulvermə praktikasına da tamamilə son qoyacaq. Çünki əfsuslar olsun ki, bu gün bizim hələ də bu sahədə ciddi problemlərimiz var, pozuntular var. İcbari tibbi sığorta bunun qarşısını alacaq. Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı da ciddi mübarizə üsulu olacaq".
Məlumat üçün bildirək ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. İşçilər işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir işçi özünün firavan gələcəyini indidən düşünmüş olur. Unutmayaq ki, ödənilən rəsmi əmək haqları - sabah üçün işçinin sabit sosial təminatının təməlini indidən qoymuş olur. Məhz bu kimi amillər nəzərə alınaraq ölkədə qeyri-leqal işçilərin aşkarlanması istiqamətində ciddi addımlar atılır. Belə ki, vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir. Vergilər Nazirliyindən verilən məlumata görə, aparılmış nəzarət tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən "Ən Ucuz Market"lər şəbəkəsinə daxil olan 7 obyektdə əmək müqaviləsi olmadan ümumilikdə 33 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması halları aşkar edilib. Həmin obyektlərin hər birində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və faktiki sahələrinin vergi orqanlarına təqdim edilmiş uçot sənədlərində bəyan edildiyi göstəricilərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb.Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, Cəlilov Elşən Firdovsi oğluna məxsus tikiş sexində aparılan vergi nəzarəti tədbirləri zamanı isə 16 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunduğu aşkar edilib. Həmçinin müəyyən edilib ki, vergidən yayınmaq məqsədilə vergi ödəyicisi fəaliyyət göstərdiyi obyekti vergi orqanlarında qeydiyyatdan keçirməyib.
Xatırladaq ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı 10 nəfərdən çox olduğu halda, cinayət tərkibi yaranır. Nazirlikdən bildirilib ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi orqanları dövriyyələrini gizlədərək vergidən yayınan şəxslərin aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, qanun pozuntularına yol verilməsi və vergidən yayınma hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Bir daha xatırladaq ki, əmək müqaviləsinin bağlanması, ilk növbədə, işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. İşçilər əmək müqaviləsi olmadan və ya işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əməkhaqqı ödəməyi tələb etməklə hər bir işçi öz gələcəyini indidən düşünmüş olur.
Nurlan
Olaylar.az