İlham Əliyev: "Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun"
İlham Əliyev: "Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun"
6 Mart 2020 13:09 SiyasətHər bir xalqın, millətin genetik kodunda milli-mənəvə dəyərlər mühüm rol oynayır. Azərbaycan xalqının milli-mənəvi dəyərləri zaman-zaman mövcud olub və bizi başqa millətlərdən fərqləndirib. Bu gün çoxmillətli Azərbaycan xalqının mənəvi dəyəri dedikdə dünyaya örnək ola biləcək bir sıra amillər göz önünə gəlmiş olur. Etiraf edilməlidir ki, qlobal dünyada dəyərlərin əriyib sıradan çıxdığı müasir dövrdə milli dəyərlərimizin qorunu saxlanaraq gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Yeri gəlmişkən xatırladaq ki, milli-mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Dövlətin isə hər cür resurslardan səmərəli istifadə yolları ilə formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik. Məhz bu kimi dəyərlərin qorunaraq gələcək nəslə ötürülməsidə liderlərin rolu əvəzssizdir. Qeyd edək ki, ölkədə milli-mənəvi dəyərlərin qorunmasına və bu sahənin dövlətin himayəsi altında inkişaf etdirilməsinə 1993-cü ildən başlanılıb. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazası formalaşdırılıb. Ümumilli lideri davamçısı olan Prezident İlham Əliyevin bütün istiqamətlərdə olduğu kimi, milli-mənəvi dəyərlərin qorunub saxlanması sahəsində də həyata keçirdiyi siyasət uğurli hesab olunur və şaxələndirilmiş şəkildə davam etdirilir. Təsadüfi deyil ki, prezident İlham Əliyev deyib ki, milli mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür: "Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində qururuq. Milli mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq. Müstəqil, azad Azərbaycan dövləti bu böyük işin öhdəsindən layiqincə gələ bilmişdir".
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu fikirləri təkcə söz xatirinə demir, həm də əməlində, fəaliyyətində milli mənəvi dəyərlərə sadiq olduğunu nümayiş etdirir. "Mən hər bir azərbaycanlının prezidentiyəm" deyən dövlət başçısının regionlara səfəri zamanı nümayiş etdirdiyi davranış qaydaları hər bir azərbaycanlı gənc üçün örnək hesab olunur. Böyüklə böyük, uşaqla uşaq kimi davranan prezident İlham Əliyev öz hərəkətləri ilə nümunə göstərərək gənclərə illərdən bəri formalaşmış milli dəyərləri aşılamış olur. Dövlət başçısının Tovuzda "ASAN Həyat" kompleksinin açılışı və yeni təyin edilmiş icra başçılarının qəbulu zamanı göstərdiyi nümunələr dediklərimiz bir daha tədsdiq etmiş olur. Məlum olduğu kimi Prezident İlham Əliyev Tovuzda "ASAN Həyat" kompleksinin açılışı zamanı onun üçün nəzərdə tutulmuş kreslonun adi stulla əvəz edilməsini tələb edib. Belə ki, xidmət əməkdaşları və könüllülərlə görüşə gələn prezidentə oturması üçün xüsusi kreslo qoyulub. İlham Əliyev buna iradını bildirərək onun üçün adi stul verilməsini tələb edib. "Qətiyyən belə hərəkətlərə yol vermək olmaz", - deyə dövlət başçısı əlavə edib. Dövlət başçısının Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etdiyi zaman yaranan epizod bütün gənclər üçün bir nümunə hesab olunmalıdır. Belə ki, Prezident Neftçala Rayon İcra Hakimiyyətinin başçısına "sən yaşda kiçiksən, orda otur" deyib və sözünə davam edib.
Prezident İlham Əliyevin təkcə bu addımları onun dövlət başçısı olaraq milli adət-nənələrimizə nesə hörmətlə yanaşdığının əyani sübutudur. Milli-mənəvi dəyərlər adını verdiyimiz bu dəyərlər millətin özünəməxsusluğunu, başqa sözlə desək, onun milli kimliyini ortaya qoyur. Prezident İlham Əliyev Tovuzda "ASAN xidmət" əməkdaşları və könüllüləri ilə görüşdə deyib ki, gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun: "Ona görə bir daha demək istəyirəm, - bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur, - bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır". Dövlət başçısı bildirib: "Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən gənclər arasında. Çünki indi gənclər yaşlı nəsildən təbii ki, fərqlənir. Onların maraqları da fərqlidir. Onların informasiya əldə etmək üsulları da fərqlidir. Gənclərin bir çoxu televiziyaya baxmır. Onların əlində telefon var, bütün informasiyanı oradan alırlar. Gənclər bəzi hallarda virtual məkanda yaşayırlar, real həyatdan bir qədər kənarda qalırlar. Bütün bunlar, təbiidir, bu, dövranın, necə deyərlər, mənzərəsidir. Amma bütün bunlara baxmayaraq, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır. Hər biri öz bayrağını həmişə uca tutmalıdır, öz milli atributlarına hörmətlə yanaşmalıdır və heç kimin təsiri altına düşməməlidir".
Xatırladaq ki, mənəvi dəyərlərin qorunması və təbliği vətənpərvərlik hisslərinin möhkəmlənməsi ilə birbaşa əlaqəlidir. Məhz vətənpərvərlik hissi sayəsində fərd bu dəyərlərə sahib çıxır, həm onları, həm də aid olduğu vətəni, təmsil etdiyi milləti qorumaq üçün canından belə keçməyə hazır olur. Başqa sözlə, vətəpərvərlik hissinin formalaşması milli-mənəvi özünüdərkdən keçir. Qətiyyətlə qeyd etmək olar ki, dövlət başçısının bu tövsiyyələri gənclərdə firavan gələcəyə böyük ümidlər verir, onların hərtərəfli fəaliyyət göstərmələri üçün zəmin yaratmış olur. Cəmiyyət bütövlükdə dərk etməlidir ki, cənclərin milli şüurunun inkişafı, vətənpərvərlik ruhunda yetişməsi dövlət və cəmiyyət üçün də vacib ehtiyaclardandır. Ona görə ki, gənclik bir xalqın gələcəyini, onun inkişaf yolunu müəyyən edən, cəmiyyətin ictimai-siyasi həyatında ön sıralarda gedən aparıcı qüvvədir. Məhz bu gün gənclərimizin hər bir sahədə qazandığı uğurlar ölkəmizin inkişaf səviyyəsini, yüksəlişini, ictimai-siyasi potensialını təbliğ edən ən vacib meyarlardandır. Dövlətimiz, xüsusən dövlət başçımız də bu meyarı dəyərləndirərək gənclərimizdən diqqət və qayğısını əsirgəməyib, hər zaman onların yanında olaraq qabiliyyət və imkanlarını inkişaf etdirmək üçün lazımi göstərişlərini verib, bu gün də həmin proses davam etməkdədir.
Alim
Olaylar.az