Keçmişdən gələcəyə nə daşıyırıq?- BEŞİNCİ YAZI-YUNUS OĞUZ YAZIR
Keçmişdən gələcəyə nə daşıyırıq?-BEŞİNCİ YAZI-YUNUS OĞUZ YAZIR
14 Fevral 2020 12:49 SiyasətFəlsəfi-tarixi-publisist düşüncələrim
Yunus Oğuz
Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
Yunus Oğuz
- Beşinci yazı
- Birinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/365495
- İkinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/366212
- Üçüncü yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/367202
- Dördüncü yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/368146
1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələri sübut etdi ki, Moskvanın təhlükəsizlik xidmətinin əli ilə ermənilər bunu özləri hazırlayıblar. Qriqoryan soyadlı bir quldur, Sumqayıt sakini öz dəstəsilə orada yaşayan erməniləri qətlə yetirdi və bütün olanları azərbaycanlıların ayağına yazdılar. Sonradan, əvvəllər həbsxanada məhkumluq həyatı sürmüş Qriqoryan Sumqayıt hadisələrinə görə mühakimə olunacaq və törətdiklərini etiraf edəcəkdi. Bu sonralar olacaqdı. Hadisələrdən bir neçə gün qabaq bir çox erməni ailəsi bank hesablarındakı pulu çıxaracaq və şəhərdən köçüb gedəcəkdi. Belədə məntiqi sual ortaya çıxır: Bu ailələrə şəhərdən çıxıb getməsi haqqında xəbərdarlığı kim etmişdi? Əlbəttə, ya təhlükəsizlik xidmətinin orqanları, ya da ermənilərin özləri, çünki ermənilərin əksəriyyəti o zamanlar "Daşnaksütyun" partiyasına pul köçürürdülər. Kim bu partiyaya yardım etmirdisə onlara xəbərdarlıq olunmadı, əksinə Qriqoryana göstəriş verildi ki, məhz onlar qətlə yetirilsinlər.
Daha bir sual: Əgər onlar hadisənin baş verəcəyini bilirdilərsə niyə güc strukturları tərəfindən qarşısı alınmadı? Sual içindən sual doğur. Bütün bunları həmən il akademik Ziya Bünyadov "Poçemu Sumqait" məqaləsində çox gözəl şərh etdi, amma gec idi.
Sumqayıt hadisələri ilə ermənilərə görə azərbaycanlıların "vəhşi" obrazı yaradıla bildi və onların təbliğat maşını bundan sonra var gücü ilə işləməyə başladı. Artıq bu təbliğatın qarşısını almaq gücündə kimsə yox idi.
Qarabağda "miatsum" hərəkatı başlayanda azərbaycanlılara heç kim tərəf olmaq istəmirdi. Erməni kilsəsi də elə bunu istəyirdi. Bütün Ermənistandan ilkin olaraq azərbaycanlıların çıxarılmasına rəvac verildi. Hədələr, qorxular, kəndlərin və evlərin yandırılması, qətllər, təhdid orada yaşayan azərbaycanlılar üçün adi xarakter aldı. Nəticədə 1988-ci ildə Ermənistanda bir azərbaycanlı da qalmadı. Azərbaycana və onun paytaxtına qaçqın və köçkünlərin hiddəti, nifrəti ilə yanaşı qisas almaq arzuları da daxil oldu. Üç yüz min qaçqını yerləşdirmək elə də asan olmadı.
Bu erməni məsələsini niyə geniş yazıram? Bilirəm ki, biz dözümlü xalqıq və qonşulara həmişə sayğılı və anlayışlı münasibət olub. Həmişə onlara qarşı mərhəmətli olmuşuq. Nə zamansa onlara yenə mərhəmət göstərəcəyik, dostluq əlini uzadacayıq (elə indinin özündə də bu çağırışlar səslənməyə başlayıb), amma bilməliyik ki, fürsət düşən kimi yenə də, osmanlılara vurduqları kimi, bizi də arxadan xəncərlə vuracaqlar. Beynəlxalq güclərin içində ermənilərin tərəfini saxlayanlar hələ çox olacaq.
Tarix ibrətdir və əgər biz ondan nə isə əxz etməsək, fəaliyyətimizi düzgün yönəltməsək yenə hər şey təkrar olunacaq. Ancaq indi bunun qarşısını ala biləcək dövlətimiz və onun güclü ordusu var. İmkan vermək lazım deyil ki, bütün bu neqativ hallar, faciələr təkrar olunsun.
Qayıdaq 1988-ci ilə.
Xalq birliyinin enerjisi həmin ilin noyabrında özünün ən yüksək zirvəsinə çatdı. Bu dəfə ermənilərin Şuşa ətrafında Topxana meşəsinin qırılmasına etiraz dalğası birliyin təcəssümünə çevrildi. Əslində bu, illərlə qorxudan söz deməyən xalqın yığılıb qalan etiraz enerjisi idi.
Bu enerji çox tezliklə xalq hərəkətına çevrildi. Etnik və sosial problemlərdən başlayan etiraz enerjisinin xalq hərəkatına çevrilməsi hələ indiyə qədər tam analiz edilib başa çatdırılmayıb. Yeri gəlmişkən bu da bir ibrətdir və ondan dərs götürmək lazımdır, çünki ən adi, sadə bir problemin xalq hərəkatına çevrilməsi günümüzdə də baş verir. Elə "ərəb baharı" deyilən hərəkata başlanmasına Tunisdə bir göyərti satanın özünü yandırması səbəb olmadımı? Hər şey zəncirvaridir və hər bir hadisə baş verənlərin həlqəsidir. Sadədən mürəkkəbə doğru.
Xalq hərəkatının sosial etirazı tədricən Milli Azadlıq Hərəkatına çevrilirdi, zatən buna bilərəkdən, ya bilməyərəkdən Moskva məmurları ermənilərin körüklədiyi Qarabağ məsələsilə rəvac verirdilər.
1989-cu ilin dekabrın sonlarında SSRİ-nin yapdığı İranla sərhəddə tikanlı məftillərin sökülməsi artıq yalnız bir nəsnədən xəbər verirdi: hərəkatın sosial etirazlar dövrü bitdi. Tikanlı məftillərin sökülməsi ilə artıq, sosial etirazların siyasi etirazlara keçid dövrü də hesab etmək olar. Amma, bu hələ Milli Azadlıq Hərəkatı deyildi. Olsa-olsa, bu uzun illərdən bəri Arazın ikiyə böldüyü yüz yetmiş illiyin tikanlı həsrətini vücuddan çıxartmaq cəhdi və bu xalqın güney-quzey həsrətinə son qoymaq istəyi idi.
Lakin, SSRİ məkanında sərhəd dirəklərinin sökülməsi dünya çapında böyük olacaqlardan xəbər verirdi və təəssüflər olsun ki, bunun hələ də elmi, ictimai və siyasi qiyməti verilməmişdi. Məhz sərhədsökmə əməliyyatı imperiyanın
1. Özünü qorumaq enerjisinin bitdiyini;
2. Xalqların bu sərhədlər çərçivəsində yaşamaq istəmədiyini;
3. Beynəlxalq güclərin bu dövlətin dağılmasına inanmağın real olduğunu təsbit etdi.
Dərininə varmaq istəmədən qeyd edə bilərəm ki, dünya güclərinin imperiyanı dağıtmaq düsturunu, Bzejnsknin "Böyük şahmat" oyununun yeni gedişlərini məhz sərhəd məftillərinin sökülməsi etdi.
Mövzumuz başqa olduğu üçün sərhəd məsələsinin üstündə çox dayanmayaq.
Yazdıqlarımın hamısı erməni fonunda baş verirdi. Moskva və Qorbaçyov, onun köməkçiləri Şahnəzərov və Aqambekyan hər şeyi edirdilər ki, Azərbaycanı və onun əhalisini vəhşi və barbar kimi qələmə versinlər və bunun fonunda Qarabağ məsələsini birdəfəlik həll etsinlər. Amma təsir əks təsirə bərabərdir. Fakt odur ki, ermənilərin fikir əsirinə çevrilən Qorbaçyov imperiyanın parçalanmasına Qarabağ problemini yaratmaqla rəvac verdi. Heç 1989-cu ilin aprelində Tiflis şəhərində dinc aksiyaçıların güllələnməsi bu qədər böyük rezonans vermədi. Baş katib Amerika, Avropa, Böyük Britaniyadan təminat almışdı ki, imperiya içi nə etsə ona göz yumacaqlar. Göz yumacaqlardımı?
Və 1990-cı ilin məhnus 20 yanvar faciəsi baş verdi. Bu da hadisələrin, yəni "könüllü" Moskva ermənilərinin Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi planının tərkib hissəsi idi.
Yerlərdə icra strukturlanın devrilməsi, Müdafiə Şurasının yaranmasına Vəzirovun (həm də Moskvanın) cani-dildən dəstək verməsi, Moskva təhlükəsizlik qurumunun əli ilə Bakıda bir neçə erməninin öldürülməsi, Azərbaycan televiziyasının blokunun partladılması, Qorbaçovun Bakıda və bir neçə şəhərdə 20 yanvar öncəsi fövqəladə vəziyyət elan edilməsi dəhşətli olacaqlardan xəbər verirdi və Bakı peşəkar quldur əsgərlər və silahlı texnika ilə mühasirəyə alınırdı. Baxmayaraq ki, Bakının və Moskvanın yüksəkçinli məmurları hamını "qan tökülməyəcək, silah tətbiq edilməyəcək" sözlərilə inandırmağa çalışırdılar, bir sözlə hamının başının altına qu tükündən hazırlanmış yastıq qoyurdular. Zatən xalq da inanmırdı ki, əli yalınlara, öz vətəndaşlarına belə bir qətliam törədilə bilər. Amma bu oldu və yaxşı ki, oldu, çünki Xalq Hərəkatından Milli Azadlıq Hərəkatına, görünür bunsuz keçid mümkün deyilmiş. Müstəqillik qurban tələb edirdi və bu 20 Yanvar qurbanları oldu. Bununla da Moskva bir tərəfdən bütün imperiya ərazisində hərəkatçılara ismarıc göndərdi ki, hər kəsi əzib keçərəm, digər tərəfdən isə acı bağırsaq kimi uzanan Qarabağ problemini birdəfəlik həll etmək istəyirdi, özü də ermənilərin xeyrinə. Amma yenə əksinə oldu. 20 Yanvar faciəsi xalqın birlik enerjisini ən yüksək səviyyəyə qaldırdı. Təsadüfi deyil ki, 1990-cı il xalqların müqavimət əmsalında Azərbaycan birinci yerdə durdu. Yüzdən artıq şəhidimizin və minlərlə əsirimizin olmasına baxmayaraq, xalq ilk dəfə şəhidlərin dəfn günündə MÖHTƏŞƏM BİRLİK nümayiş etdirdi.
20 yanvar Milli Azadlıq Hərəkatına keçidin dönməz xarakterinə çevirdi. Hətta, mart ayı 1991-ci ildə SSRİ-nin bütöv halında saxlanması haqqında keçirilən referendumun da heç bir köməyi olmadı. Bu referendumda Pribaltikanın üç respublikası-Litva, Latviya və Estoniya - , yalnız Azərbaycandan isə Naxçıvan Muxtar Respublikası ümumiyyətlə iştirak etmədi, Azərbaycanın o zamankı rəhbərliyi (20 yanvar faciəsi zamanı Ə. Vəzirov Moskvaya qaçdığından, onun yerinə A. Mütəllibov gətirilmişdi) isə hadisələrin önündə deyil, Kreml yetkilərinin yedəyində gedirdi. Hər iki "rəhbərin" Moskvaya ümidi həddən artıq çox idi və zənn edirdilər ki, hərbinin, özü də imperiya ordusunun köməyilə Qarabağ problemi həll olunacaq. Amma, çox yanılırdılar, bu adamlar başa düşmürdülər ki, hadisələri körükləyən elə Moskva rəhbərliyidir, çünki ermənilər həm partiya, həm də Nazirlər Sovetinin aparatında yaxşıca yerləşmişdilər və ələ aldığı liderlər çox idi. Bizim xalq o zaman başa düşməli idi ki, 20 yanvar faciəsinə SSRİ Ali Sovetinin qurultayında siyasi qiymət verilmədi. Bunu xalq başa düşürdü və Xalq Cəbhəsi yeni yaranan partiyalar vasitəsilə təşkilatlanırdı, ancaq bu xalqı Moskvada təmsil edənlər yatmamış rus ayısının sehrindən çıxa bilmir və ayılmaq istəmirdi.
Hətta, 1988-ci ilin sonunda Ermənistandan bir nəfər kimi qovulan azərbaycanlıları Qarabağda və ətraf rayonlarda yerləşdirmək ideyasını Vəzirov və Qorbaçyov qılınc-qalxanla qarşıladılar.
Ardı var...