Keçmişdən gələcəyə nə daşıyırıq?-DÖRDÜNCÜ YAZI- YUNUS OĞUZ yazır

Nə yaxşı ki, Stalin 1953-cü ilin martında (deyilənə görə zəhərlənmiş, ya da iynəsinə əlavə maddə qatmışdılar. Nəriman Nərimanovun başına gətirdiyini iyirmi səkkiz ildən sonra öz başına gətirdilər) dünyasını dəyişdikdən sonra siyasi rejim yumşalmağa başladı.

  • Fəlsəfi-tarixi-publisist düşüncələrim
  • Yunus Oğuz

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Yunus Oğuz

Nə yaxşı ki, Stalin 1953-cü ilin martında (deyilənə görə zəhərlənmiş, ya da iynəsinə əlavə maddə qatmışdılar. Nəriman Nərimanovun başına gətirdiyini iyirmi səkkiz ildən sonra öz başına gətirdilər) dünyasını dəyişdikdən sonra siyasi rejim yumşalmağa başladı. Bu da ona səbəb oldu ki, Ermənistanda yaşayan azərbaycanlıların tam köçürülməsinin qarşısı alındı. Ancaq buna baxmayaraq xeyli insan  yolda və məskunlaşdıqdan sonra qırıldı. Təsəvvür edin, dağlarda yaşayan insanları arana köçürürlər, özü də yeri-yuvası olmayan düzənliklərə. İsti havaya öyrəşməyən əhalini elementar şəraiti olmayan yerdə məskunlaşdırırlar. Əslində isə vaqonları saxlayıb insanları çölün düzünə qovublar ki, bəs get, necə istəyirsən yaşa. Amma, onların Qərbi Azərbaycanda nə qədər mal və mülkləri qaldı. Heç kim də köçürülənlərə təzminat vermək fikrinə düşmədi. Əcaba, bu necə olan işdir? Əvəzində isə ideologiya maşını tam gücü ilə, özü də  hay və türklərin qardaş olması haqqında təbliğatla işə düşdü. Hətta mahnı da qoşdular: "Qardaş olub hayastan- Azərbaycan" . Bu bizə yenə dərs, ibrət olmadı. Çünki altımışıncı illərdə artıq bizi inandırmışdılar. Biz inanırdıq, ermənilərsə  riyakarcasına torpaqlarını genişləndirmək haqqında  düşünür, bircə dəqiqə olsun belə dayanmırdılar.

Budur indi Naxçıvanı istəyirdilər. Naxçıvanlılar çox tez bir zamanda onların qızmış başlarına soyuq su səpdilər. Və tezliklə orada yaşayan ermənilər Rostov vilayətinə köçdülər. Çox keçməz ki, haylar Rusiyadan torpaq istəməklə ayağa durarlar və bütün dünyanı rusların üstünə qaldırarlar. Axı onların "dənizdən dənizə" dövlət qurmaq planları mövcuddur. Bu xalq necə psixoloji aşınmaya məruz qalıbsa, hətta Adəm və Həvvanı, lap elə Allahı da erməni hesab edir. Erməni kilsəsi xəstə təxəyüllü xalq yetişdirib. İndi bunun ağrısını bütün dünya çəkir, ən çox da ədavətləri türklərlədir. Belə qonşuluq olmaz! Yetmişinci illərdə ermənilər Bakıda və digər şəhərlərdə oturuşmuşdular. Qara bazar onların əlində idi. Məmurların əksəriyyətinin katibələri erməni qızlarından idi. Bir neçə rayonun birinci katibi ya erməni əsilli idi, ya da qarışıq nikahlardan yaranmışdılar. Hər yerdə erməni barmağı işləyirdi, çünki vəzifəpərəstlərimiz ya rus, ya da erməni qızlarına üstünlük verir, karyera qurmaq üçün onlarla nikahlara meyllənirdilər.

Bakı kosmopolit şəhərə çevrilmişdi. Yetmişinci illərdə Bakıda Azərbaycan türkcəsilə danışmaq qəbahət hesab olunurdu. Xalqın birliyi sual altında idi və bir neçə ziyalımızı çıxmaq şərtilə qalanları Moskvadan asılı olmağı daha üstün tuturdular.

BİGANƏLİK xalqın qanına hopmuşdu. APATİYA  xalqı içindən yeyirdi. Ucadan, gur səslə qışqıranımız, bütün olanları dilə gətirən az idi, əgər bir neçə epizodu nəzərə almasaq. Məsələn, Qız qalası üstündə altmışıncı illərdə bir neçə gəncimiz üçrəngli bayrağımızı qaldırmışdı. Onların da taleyi acınacaqlı oldu. Hərəsi ən azı on il həbsxana həyatı yaşadı. Bütün bunlara baxmayaraq, Azərbaycanda milli şüurun formalaşmasının simptomları görünməyə başlamışdı. Elə "Qobustan" jurnalının işıq üzü görməsi bundan xəbər verirdi. Həm də 1978-ci ildə SSRİ-nin Yeni Konstitusiyası qəbul olunanda Azərbaycanda kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması çox məsələni dəyişdi. İndi bütün başqa dilli xalqlar bu dili öyrənməyə çalışırdılar, çünki məcbur idilər.

Bundan sonra Azərbaycan ədəbi-ictimai fikrində dil sahəsində əsl inqilab baş verdi. Ən gözəl ədəbiyyat, musiqi, film və teatr incilərimiz yarandı. Yaranan əsərlər, çəkilən filmlər bizi özümüzə qaytardı. Keçmişimizlə maraqlanmaq, onu təhlil etmək və nə isə əxz etmək əsl cərəyana çevirdi.

Hələ Üzeyir bəy Hacıbəyli bizə  "O olmasın, bu olsun"da cəmi bircə kəlmə ilə Nadir şahı necə sevdirmişdisə, bu illərdə "Nəsimi" filmi  bu möhtəşəm şairlə yanaşı Əmir Teymuru da sevdirdi. 

"Dədə Qorqud"la törələrimizə sayğı göstərilməyə  başlandı. Valideynlər övladlarına əsərdəki obrazların adını verdilər və bu indi də davam edir. Ən əsası isə "Dədə Qorqud"da ailə sisteminin özəlliyi geniş şəkildə, özü də müsbət mənada keçmişini bilmək istəməyənlərə və ya ondan xəbərsiz olanlara çatdırıldı. Eyni zamanda keçmişdə siyasi sistemin hansı vəziyyətdə olduğu və necə idarə olunması tam çılpaqlığı ilə gənc nəsillərə çatdırıldı. Törələrimizə sayğı göstərilməyə cəhd edildi.  Qəhrəmanlıq və sədaqət, yaşlılara hörmət və ehtiram, qadınlara sevgi, məhəbbət və sədaqət, qırmızı xətlə keçmişimizdən bu günə ötürüldü. Aydın oldu ki, keçmişimizdən bizi ayıran sovet ideologiyası vətəndaşını manqurtlaşdırmaqla yanaşı, həm də xəyanət, satqınlıq, qisas, yaltaqlıq sistemi üzərində qurulub. Bu çox davam edə bilməzdi. Sovet ideologiyası genləri qırmaqla, mentaliteti göydən düşmüş sovet şüarı ilə dəyişdirdiyindən, min illərin  Novruz  bayramına qadağa aradan götürüləndə xalq bunu coşqu ilə qarşıladı. Xalq onsuz da bu bayramı gizlin-gizlin də olsa qeyd edirdi. Xalq özünə gəlirdi.

"Babək" filmini də qeyd etmək yerinə düşərdi. Bilmirəm bu filmin çəkilişinə Moskva necə icazə vermişdi? Film Babəkin işğalçılara qarşı mübarizəsindən bəhs edir, amma Rusiya özü də işğalçı idi və elə filmlərin qarşısını Bakıda yaşayan erməni məmurlar paytaxta narazılıq məktubları göndərməklə almaq istəyirdi. Demək olar ki, bütün milli filmlərimiz barədə Kremlə şikayət məktubları göndərilir və haray çəkilirdi ki, Azərbaycanda pantürkistlər yenidən fəallaşıblar.  Lakin bunun qarşısını o zaman respublikanın rəhbəri olmuş Heydər Əliyev qətiyyətlə alırdı, hətta filmlərin müəlliflərinə, rejissorlarına və başqalarına fəxri adlar da verməyə müəssər olurdu.

Beləliklə, xalq keçmişdən  gələn birlik enerjisini, yaddaşını, mentalitetini bərpa etdikcə, qarşıda onu amansız sarsıntılar gözlədiyini hələ başa düşmürdü. Digər tərəfdənsə ikiyə bölünmüş Azərbaycan mövzusu aktuallığını itirmirdi. Sovet imperiyasının aşkarlığa və yenidənqurmaya qədəm qoyması bu birlik enerjisini daha da gücləndirirdi. Ancaq imperiyanın xalqları əzmək üçün rejim maşını vardı və bu maşın 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslavakiyada öz gücünü göstərmişdi. Bunu bir daha 1985-ci ildə Qazaxıstanda təkrar etdi. Rus mənşəli Kolbin respublikaya birinci katib təyin ediləndə qazax xalqı etirazlara başladı. Bu xalq amansızcasına əzildi, amma sındırıla bilmədi. Bu hələ yenidənqurmanın ilkin közərtiləri idi. Yeni etirazlar özünü çox gözlətmədi.

Azərbaycan üçün bu 1987-ci  ildə başladı. Belə ki, imperiyanın Baş katibinin köməkçisi akademik Aqambekyan Fransada olarkən qəzetlərin birində müsahibəsində bildirmişdi ki, Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi haqqında artıq məsələ həll olunub. Bu zaman Moskvada Azərbaycanın haqq səsi uğrunda mübarizə aparmaq üçün daha heç kim qalmamışdı, Çünki Qorbaçov və onun erməni havadarları Heydər Əliyevi Siyasi Büro üzvlüyündən artıq uzaqlaşdırmışdılar. Deyilənə görə həmin gün İrəvanda bu münasibətlə toy- bayram etdilər. Ümid yalnız xalqa və onun ziyalılarına qalmışdı. Parisdə olduğu kimi, Moskvada da ermənilər bu ölkənin siyasətinə təsir edəcək ikinci və üçüncü dərəcəli vəzifələri öz əllərində saxlayırdılar. Oradakı tək səsimiz H. Əliyev isə Siyasi Bürodan artıq istefaya göndərilmişdi.

Ermənilərsə hələ 1983-cü ildən SSRİ Baş Prokurorluğunun xüsusi müstəntiqi Qdalyan başda olmaqla bütün türk dilli respublikalarda "Pambıq işi" əməliyyatına başlamışdılar. Burada müsadirə olunan pullar və qiymətli əşyalar Qarabağa silah almaq üçün ötürülürdü.

Ermənilər bir əsrdə dördüncü dəfə üstümüzə yeriməyə hazırlaşırdılar. Silahlar, əsgəri qüvvələr satın alınmış, siyasi hakimiyyət öz iradəsini ortalığa qoymuşdu. İndi bir kiçicik bəhanə lazım idi ki, ermənilər bütün dünyaya göstərsinlər ki, Qarabağ əhalisi azərbaycanlıların tabeçiliyində yaşaya bilməzlər, çünki onlar vəhşidirlər, əzazildirlər, idarəolunmazdılar. Bu səbəbdən də burada yaşayanlar "qədim erməni xalqını" idarə etmək gücündə deyillər.

Ardı var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31