İlham Əliyev: “Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq”

İlham Əliyev: “Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq”

Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədli şəkildə aparılır

Artıq xeyli müddətdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə genişmiqyaslı tədbirlərə start verilib. Etiraf edilməlidir ki, Azərbaycanda həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri effekt verməkdədir. Çünki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə genişmiqyaslı olmaqla yanaşı, həm də məqsədli şəkildə aparılır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə xüsusi komissiyanın, Baş prokurorluq yanında idarənin yaradılması, bir neçə dövlət proqramının qəbul edilməsi özlüyündə siyasi iradənin göstəricisi kimi dəyərləndirilə bilər. Təsadüfi deyil ki, korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarında hər bir dövlət orqanı qarşısında konkret vəzifə müəyyən edilib, onların icra müddəti göstərilib. Onu da qeyd edək ki, Azərbaycanda 13 yanvar 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul edilib. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, korrupsiyanın qarşısının alınması və onun nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Bu isə o deməkdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həm qanunvericilik bazası, həm siyasi iradə, həm də iştimai mühit mövcuddur. Məhz bu siyasi iradənin nəticəsi olaraq dekabrın 19-da Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini  Ramiz Tatarovun və  humanitar məsələlər üzrə müavin Lalə Eyyubova həbs edilib.(Son məlumatlara görə L.Eyyubova həbs xəbərini təkzib edib-red). İcra başçısı və müavini dekabrın 18-i axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb. Ardınca  DTX-nin həyata keçirdiyi əməliyyatla Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbs edilib. DTX-da saxlanılan başçıların ətrafında axtarış və araşdırmalar aparılarkən onların vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol vermələri müəyyən edilib. Məsələn, Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovın ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində "Yaşıllaşdırma və işıqlandırma müəssisəsi"nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılmağının vacibliyini, bu istiqamətdə görülmüş işlərin davam etdirilməsini, bu kimi neqativ təzahürlərə qarşı mübarizə istiqamətində hüquq-mühafizə orqanları qarşısında çox mühüm vəzifələr qoymuşdur. Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə deyib ki, bütün  sahələrdə tam şəffaflıq olmalıdır: "Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi". Prezident İlham Əliyev  bildirib ki, bütün  sahələrdə tam şəffaflıq olmalıdır: "O cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq". Bu isə o deməkdir ki, prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizəni ölkədə başladılan ciddi struktur və kadr dəyişikliklərinin tərkib hissəsinə çevirmək niyyətindədir. Parlament seçkiləri ərəfəsi hətta YAP-ın adı hallanan qərarın  ertələnməməsi Prezidentin bu məsələdə nə qədər qətiyyətli olduğunu göstəricidir.

Yeri gəlmişkən qeyd edək ki, ölkədə korrupsiyaya qarşı mübarizədə vətəndaşların da rolu danılmazdır. Əgər bu istiqamətdə vətəndaşlar üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetrisələr, bu məsələdə dövlət başçısını dəstəkləmiş olarlar. Məlum olduğu kimi Milli Məclis tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilib. Dəyişikliklə korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalarla bağlı məlumat vermə mexanizmini müəyyən edilib və belə məlumatları verən şəxslərin dövlət müdafiəsi təmin edilib. "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi" maddəsi  cəmiyyətdə korrupsiya halları barədə məlumat verməni təşviq etməklə bu sahədə məlumatlandırmanın artmasına, məlumat verən şəxslərin özlərini daha əmin və müdafiəli hiss etməsinə və bu hallarının qarşısının alınmasına hesablanıb. Vətəndaşların bu hüquqlarından səmərələ yararlanması şübhəsiz ki, korrupsiyaya qarşı mübarizədə öz töhfəsini verə bilər.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31