İşdən çıxarılandan 50 gün sonra həbs edilən icra başçısı kimdir? - DOSYE

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatla Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbs edilməsi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, Səmədov Qoca Çərkəz oğlu 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub. 1966-1976-ci illərdə M.Ə.Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. 1976-1977-ci illərdə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləyib. 1977-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olub, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnib.

1982-ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlayıb. 1982-1984-cü illərdə ordu sıralarında xidmət edib. 1985-1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996-2004-cü illərdə Yevlax rayonundakı "Qafqaz" Kooperativinin sədri işləyib.

2004-2005-ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışıb. 2005-2006-cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli 1345 saylı Sərəncamı ilə Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 31 oktyabr tarixində vəzifədən azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31