“Bakı ilə birlikdə…” - Zelenski Ermənistanda etiraz yaratdı
“Bakı ilə birlikdə…” - Zelenski Ermənistanda etiraz yaratdı
19 Dekabr 2019 13:02 Siyasət"Ukrayna Prezidenti Vladimir Zelenski Bakıya gəldi və Azərbaycanın ərazi bütövlüyünün bərpasına dəstək nümayiş etdirdi. Bununla Zelenski Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığına eyham vurdu".
Bu barədə Ermənistanda nəşr olunan "Ayastani Anrapetutyun" qəzeti yazıb.
Nəşr MDB-nin "ən səs-küylü ölkəsi" adlandırdığı və Qərb tərəfindən dəstəklənən Ukraynanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanında dayandığını bildirib:
"Zelenskinin Bakı səfərindən sonra məlum oldu ki, hər iki tərəf regional və milli təhlükəsizlik sahəsində də əməkdaşlıq edəcək. Söhbət Ukraynanın şərqindəki müharibə və Dağlıq Qarabağ münaqişəsindən gedir. Kiyev və Bakı bu istiqamətdə həm ikitərəfli, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində birlikdə işləməyə davam edir".
Qəzet MDB-nin digər iki ölkəsi - Rusiya və Belarusun Azərbaycana silah satması məsələsinə də toxunub. Nəşr xatırladır ki, hər iki ölkə KTMT daxilində Ermənistanın müttəfiqi olmasına baxmayaraq, Azərbaycana silah satmaqda davam edir.
Mənbə Azərbaycanın Avrasiya İttifaqına müşahidəçi qismində qatılmaq ehtimalından da yazıb və İrəvanın buna cavab verməli olduğunu qeyd edib.
Söhbət Ermənistanın GUAM-a müşahidəçi qismində qatılmaq ehtimalından gedir və nəşr bu haqda belə yazır:
"Əminliklə demək olar ki, Ermənistanın GUAM-da müşahidəçi olma ehtimalı MDB və Avropa İttifaqına səs-küyə səbəb olacaq".