Qarabağ cəbhəsində artan diplomatik fəallıq- Şərh

Qarabağ cəbhəsində artan diplomatik fəallıq-Şərh

Və Lavrovun regiona səfərinin proseslərə təsir imkanları

Rusiya yenidən Dağlıq Qarabağ probleminin həlli istiqamətində aktivlik nümayiş etdirməkdədir. Bu ölkənin xarici siyasət idarəsi rəhbərinin bir müddət əvvəl Ermənistana, bu günlərdə isə Azərbaycana səfər etməsi, hər iki ölkənin rəhbərliyi ilə keçirilən görüşlərdə Dağlıq Qarabağ probleminin də müzakirə edilməsi belə bir ehtimal yaradır.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun regiona səfərinə diqqət çəkən ekspertlər bu səfərdə Moskvanın bir neçə məqsədinin olduğunu iddia edirlər. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük səfərinin bir neçə məqsədi var idi. Onun sözlərinə görə, Sergey Lavrov bir müddət əvvəl İrəvana səfər etmişdi: "Qarşıduran ölkələrdən birinə səfər edib, o birisinə səfər etməmək Lavrovun açıq-aşkar tərəflərdən birinə üstünlük verməsi mənasına gələrdi. Ona görə də Rusiyanın xarici işlər naziri münaqişə tərəflərindən hər birinə sözdə də olsa, eyni məsafədə olduğunu göstərməliydi. Lavrov Yerevanda iki gün qalmışdısa Bakıya da gəlib iki gün qaldı. Lavrovun Bakıya gəlişinin bir başqa məqsədi iki ölkənin xarici işlər nazirliklərinin 2020-ci il üçün fəaliyyəti proqramını təsdiq etmək idi. Lavrov eynisini Ermənistanda təsdiq etmişdi. Ancaq bizi daha çox maraqlandıran Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Bakıda nə deyəcəyi idi?"

Politoloq bildirib ki, Lavrov səfərinin ilk günü dövlət başçısı İlham Əliyevlə görüşdü. Bu görüşdə İlham Əliyev Lavrova Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə dediyi təxribatçı "Qarabağ Ermənistandır" açıqlamasını xatırlatdı: "İlham Əliyev onu da xatırlatdı ki, Paşinyanın bu təxribatçı açıqlamasını Lavrov da tənqid etmişdi. Doğrudur, Lavrov tənqidində Paşinyanın adını çəkməmişdi, ancaq xatırlatmışdı ki, düşünülməmiş açıqlamalar danışıqlar prosesinə zərər vura bilər. Lavrov təxminən eyni sözləri İlham Əliyevə də dedi. Sergey Lavrov yenə Nikol Paşinyanın adını çəkmədən bildirdi ki, düşünülməmiş açıqlamalardan çəkinmək lazımdır. Yəni bu yalnız Paşinyanın ünvanına göndərilən tənqid deyildi. Lavrov tənqidində hər iki tərəfi nəzərdə tutur. Lavrov həmişə olduğu kimi  Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması barədə heç nə demədi. Ümumiyyətlə Lavrov bu haqda heç vaxt heç nə deməyib. Çünki, Lavrov bunu desə, ermənilərin də xeyrinə nəsə deməli olacaq. Ona görə də Lavrov düşünür ki, nə tərəflərin xeyrinə, nə zərərinə heç nə deməsin. Halbuki, Lavrov İrəvandakı mətbuat konfransında açıq demişdi ki, münaqişəni Dağlıq Qarabağın maraqları nəzərə alınmadan həll etmək mümkün olmayacaq. Aydındır ki, Lavrov bu fikri Bakıda səsləndirməyəcəkdi. Əksinə Lavrov İrəvandakı açıqlamasını Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında korrektə edərək belə dedi: "İstənilən qərarı bu torpaqlarda yaşayan həm Ermənistan, həm Azərbaycan, həm də Dağlıq Qarabağın bütün əhalisi verməlidir".

Politoloqun sözlərinə görə, Lavrov "bütün əhali" dedikdə Dağlıq Qarabağda yaşayan azərbaycanlıları da nəzərdə tutub: "Sadəcə, yenə də açıq deməkdən çəkinib ki, münaqişənin həllində Dağlıq Qarabağa qayıdacaq azərbaycanlıların da rəyi nəzərə alınmalıdır. Bütün hallarda Lavrov İrəvanda dediyini Bakıda təkrarlamadı. Lavrov münaqişənin həlli prosesində jurnalistlərin qarşılıqlı səfərlərinə önəm verdiyini bir daha xatırlatdı. Əslində bu ideya elə Lavrova məxsusdur. Lavrov bu ilin aprel ayında xarici işlər nazirlərinin birgə görüşündə vətəndaş cəmiyyətləri arasında təmaslara başlamağı zəruri hesab etmişdi. "Jurnalistlərin qarşılıqlı səfərlərini vacib hesab edirik" - deyən Lavrov Bakıda xalqlar arasında münasibətlərin qurulması vacibliyini belə izah etdi: "Jurnalistlər bu istiqaməti nə qədər çox işıqlandırsa, əldə etməyə ümid etdiyimiz hədəflər daha dayanıqlı olacaq. İcmalararası görüşlər əvvəllər də keçirilib və bərpa olunmalıdır. Bu perspektivli mövzudur. Dağlıq Qarabağın icmaları gələcək yaşayış barədə müzakirələr aparmalıdır". Rusiya xarici işlər naziri bu mövzudakı fikirlərini belə yekunlaşdırıb: "Biz təşəkkür edirik ki, tərəflər Minsk qrupunun həmsədri kimi və ikitərəfli əlaqələrdə bizim verdiyimiz təklifləri nəzərə alırlar". Yəni bu təklifə həm İrəvan, həm də Bakı razıdır". Elxan Şahinoğlunun sözlərinə görə, jurnalistlərin qarşılıqlı səfərləri və icmalararası təmaslar elə mövzular deyil ki, Bakı və Yerevan bunun əleyhinə çıxsınlar: "Əksinə, Dağlıq Qarabağın azərbaycanlı icmasının erməni icmasının təmsilçiləri ilə görüşlərə başlaması Azərbaycanın xeyrinədir. Bununla Ermənistana və beynəlxalq aləmə göstəririk ki, Dağlıq Qarabağda ermənilərlə yanaşı azərbaycanlar da yaşamalı və onların hüquqları təmin edilməlidir. Məsələ burasındadır ki, dialoqun əleyhinə olmasaq da, bu münaqişənin ədalətli həllini sürətləndirəcək əsas alət deyil. Buna baxmayaraq, Lavrovun münaşiqə ilə bağlı səsləndirdiyi son cümlə də maraqlıdır: "Biz başa düşürük ki, çətin olsa da, kompromis üçün imkanlar var". Lavrov həmin imkanların nədən ibarət olduğunu söyləmədi. Əslində bu fikirdə yeni heç nə yoxdur. Lavrov bu illərdə Bakıda və İrəvanda bu cümləni başqa formada dəfələrlə səsləndirib. Dəyişən heç nə yoxdur". Politoloq deyib ki,  Sergey Lavrov Bakıdakı görüşlərində başqa mövzulara da toxundu: "O, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya uğurlu səfərindən tutmuş, Rusiya universitetlərində artan azərbaycanlı tələbə sayına qədər mövzulardan danışdı. Lavrov onun sahəsinə az aidiyyatı olan iki ölkə arasında hərbi texniki əməkdaşlıqdan da danışdı. Rusiyalı nazir qeyd etdi ki, hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalar var: "Hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalarımız var və gələcəkdə bu ideyaları həyata keçirəcəyik. Bu ideyaların nədən ibarət olacağını yaxın günlərdə biləcəyik".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31