Azərbaycanın siyasi müxalifəti dərin böhran içərisində- MÜNASİBƏT
Azərbaycanın siyasi müxalifəti dərin böhran içərisində-MÜNASİBƏT
19 Noyabr 2019 14:13 Siyasətİlqar Altay: "Təməl yanlışlığının nəticəsi adətən məyuslu çöküş olur"
Azərbaycan müxalifəti uzun illərdir ki, düşmüş olduğu böhranlı vəziyyətdən çıxa bilmir. 1993-cü ildən indiyə qədər, keçən 26 ildə zərrə qədər belə uğura, nailiyyətə imza ata bilməyən təəssüflər olsun ki, bunun səbəbini özündə deyil, ya beynəlxalq təşkilat və qurumlarda, ya da Azərbaycan hakimiyyətində axtarır. Nə qədər absurd olsa da, ölkədə keçirilən bu və ya digər seçkilərdə məğlubiyyətini hakimiyyətin bu düşərgəyə təzyiq etməsi ilə, yaxud sözügedən düşərgənin bir araya gəlib heç bir seçkilərdə vahid şəkildə iştirak edə bilməməsini iqtidarın müxalifət daxilində iş aparması ilə əlaqələndirir. Əslində, hakimiyyətin müxalifətin daxilində iş aparması, nisbətən sağlam, radikal meyillərdən uzaq, dövlət və dövlətçilik prinsiplərini üstün tutan siyasilərlə hakimiyyətin bu və ya digər formada əməkdaşlığı normal haldır və beynəlxalq prarktikada da belə hallar mümkündür. Uzağa getməyib qardaş Türkiyənin təcrübəsinə nəzər yetirsək, görərik ki, bu ölkədə Türkiyə üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə hakimiyyətlə müxalifət eyni mövqedən, prizmadan çıxış edə bilir, həmrəylik nümayiş etdirir. Ancaq təəssüflər olsun ki, Azərbaycan reallığında bunu görmək mümkün deyil. Hər zaman, hətta Azərbaycan üçün bir nömrəli ağrılı məsələ sayılan Dağlıq Qarabağ problemi ilə bağlı məsələ gündəmə gəldikdə ölkə müxalifətinin radikal qanadı milli birlik, həmrəylikdən uzaq olur. Hətta bu azmış kimi düşmənlərimizin xeyrinə olan fikirlər, açıqlamalar belə səsləndirməkdən çəkinmirlər. Uzağa getməyib, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan müxalifətinin radikal qanadına daxil olan partiya rəhbərlərinin erməni saytlarında düşmən ölkənin maraqlarına xidmət edən açıqlamalarının tirajlanmasını göstərə bilərik. Bütün bu məqamlar, amillər də heç şübhəsiz ki, Azərbaycan cəmiyyətinin, xalqının müxalifətə olan inamını azaldır, ictimaiyyət tamamilə bu düşərgədən üz döndərir. Elə radikal siyasi düşərgənin son aylarda keçirməyə cəhd göstərdiyi icazəsiz etiraz aksiyalarına xalqın dəstək nümayiş etdirməməsi də bunun əyani sübutu idi. Cəmiyyət böhran durumunda olan, öz aralarında belə ən xırda məsələdə uzlaşma tapa bilməyən siyasilərə inanmadığını onların keçirdikləri aksiyalara dəstək verməməklə ortaya qoyur.
Elə əksər ekspertlər, siyasilər də bu qənaətdədirlər ki, radikal siyasi düşərgəyə olan inamsızlıq bu düşərgədə mövcud olan ciddi böhranla əlaqədardır. İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altayın sözlərinə görə, zaman göstərdi ki, Azərbaycan siyasi müxalifəti dərin çöküntüdə, böhrandadır: "Bunu hamı görür, faktlar və hətta qatı müxalif siyasi, ictimai təbəqələr özü belə, təsdiqləyir. Dünənədək iqtidarın islahatı deyən şəxsi süngü ilə qarşılayanlar ki, "yox nə islahat, iqtidarı süpürək ataq, özümüz edəcəyik bûtün dəyişikləri", indi iqtidarı islahata dəvət edib, yol göstərir, tövsiyyə verir, onunla təmasa gedirlər. Müxalifətin belə çöküşünə səbəb onun rəqibi iqtidarın təzyiq-təqibi, xalqın dəstəksizliyi və s. səbəblər göstərilə bilər. Amma ki, səbəb daha dərin qatda, təməldə, düşüncədə axtarılmalıdır".
İlqar Altay hesab edir ki, Azərbaycanda siyasi partiyalar şəxsiyyət, liderin təşəbbüsü və ətrafında qurulur: "İki əsas müxalifət partiyası liderinin də vaxtında imkan, potensialı vardı ki, müasir dövrə uyğun müasir adla siyasi təşkilat, partiya qurub, liberal dəyər və siyasətlə irəli getsinlər. Ancaq, hər ikisi ilkindən yanlıslıq, səhv etdilər. Mənimsəmə və köhnə yol tutdular. Dövrümüzün ən cox işlək, mənimsəmə mental metoduna əl atdılar. Hazır ideya, hazır ad, hazır fundamenti (əski dövrünə uyğun iş-funksiyasını bitirmiş də olsa) seçdilər. Birisi əski partiyanı, birisi əski hərəkatı mənimsədi. Mənimsəmə isə, ilkin dövr gözəl və ləzzətli görünsə də, həyatın qanununa görə nəticə etibarı ilə nəticəsiz, həm də zərərli olur. Məncə o əski partiyanı və həm də hərəkatı əsl klassik mühazəkar xüsusiyyətli tarixi varislərin ixtiyarına buraxmaq lazım idi. Müasir, islahatçı- reformator təbiətli, xüsusiyyətlə mühafizəkar və klassik təməl üzərində böyük uca məqsədlərin qurulması olmamalıydı. Təməl yanlışlığının da nəticəsi isə təəsüüf ki, adətən məyuslu çöküş olur. Heydər Əliyev ölçdü-biçdi, ön sırasında olduğu əski təşkilatı bir kənara qoyub öz planı-ideyası, məqsədlərinə çatmaq üçün, yeni formatla, adla yeni partiya qurdu, öz proqramı ilə irəliyə getdi. İlqar Məmmədov, içində yetişdiyi əski təşkilatı tərk edərək bir kənara qoydu. Daha yeni ideya və fərqli adla təşkilat yaratdı və xeyli irəli gedir. Azərbaycan siyasi müxalif mühitinin də qəzalı problemi onda oldu ki, rəqib iqtidarın qəsdləmi yaratdığı şərait, ya xarici güclərin məqsədləmi dəstəyi, ya öz imkanları, ya hansı başqa amilin hesabına, həminki iki köhnə təməl və düşüncə üzərində qurulmuş təşkilat dominantlıq edərək yeniliyin, yeni qüvvə və yaranışın qarşısını aldı. İllərin bu acı nəticəsi də budur. İqtidar yerində, müxalifət çokür. Yeni fərqli güclü qüvvə də yoxdur".
Məhəmməd
Olaylar.az