İlham Əliyev: “Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir”

İlham Əliyev: “Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir”

Ölkəmiz dinlər arasında dialoq üçün mərkəz rolunu oynayır

Azərbaycan xalqının yetmişillik Sovet imperiyası rejimindən xilas olaraq milli-mənəvi dəyərlərə qədəm qoyması elə də hamar olmadı. Sözsüz ki, yeni mərhələyə keçid özü ilə  çoxlu problemlər də gətirdi. Xüsusən bəzi xarici dairələr öz maraqlarını təmin etmək üçün iqtisadi-siyasi təzyiqlərlə yanaşı, din sahəsindəki boşluqlardan da yararlanmağa çalışırdılar. Müstəqilliyimizin bərpa edildiyi ilk dövrlərdə müharibə və siyasi xaos nəticəsində yaranmış ağır sosial vəziyyətdən istifadə edən həmin qüvvələr xeyriyyə təşkilatı adı altında ölkəmizə ayaq açmış, əhalinin böyük qisminin dini məlumatsızlığından, İslama dair biliklərinin yetərsizliyindən istifadə edərək öz təlimlərini həqiqi dini dəyər maskası altında yaymağa, az da olsa, müvəffəq olmuşdular. Lakin Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə növbəti xilaskarlıq missiyasının təməlini qoydu. Məhz Ulu Öndərin sayəsində milli-mənəvi dəyərlərə münasibət  kökündən dəyişdi, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanıldı, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar oldu. Qətiyyətlə demək olar ki, müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, prezident İlham Əliyev Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitində çıxışı zamanı qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur: "Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dövlət-din münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə - həm sovet dövründə, həm müstəqillik dövründə xalqa ləyaqətlə xidmət etmişdir. Dövlət-din münasibətlərinin təməlini məhz Heydər Əliyev qoymuşdur, necə ki, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası onun adı ilə bağlıdır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə nail olmuşdur. Ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi. Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı, Azərbaycan dərin böhrana düçar oldu, ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda, dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür və təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi bir il dözə bildi, bir ildən sonra öz liderinə üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət etdi və ona ölkənin gələcəyini etibar etdi". Etiraf edilməlidir ki, Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında ümumilli lider Heydər Əliyevin müstəsna xidmətləri olyub. Belə ki, Ulu öndərin təşəbbüsü ilə  vətəndaşların vicdan azadlığı Konstitutsiyamızın  48-ci  maddəsində öz əksini tapıb və Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununda geniş şəkildə təsbit olunub. Ötən müddətdə istər "Dini etiqad azadlığı haqqında" Qanuna, istərsə də din ilə əlaqəli digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərin olunması dövlət siyasətində din sahəsinə diqqətin təzahürü kimi qəbul edilib. Hazırda dinlər, müxtəlif mədəniyyətlər arasında tolerantlıq Azərbaycanda çox yüksək səviyyədədir. Burada müxtəlif dini icmalar nəinki dözümlülük, eyni zamanda səmimi qonşuluq və əməkdaşlıq şəraitində inkişaf edirlər. Dinlərin arasındakı bu xoş münasibət multikulturalizmin daha da bitkinləşməsini təmin edir. Yəni bizdə lokal, ancaq bir dinin ənənələri üzərində, Şərq motivləri üzərində qurulmuş bir cəmiyyət yox, bu ənənələrin modern sivilizasiya ilə birləşdirilməsi zəminində bir cəmiyyət qurulub. Başqa ölkələr də coğrafi baxımdan sivilizasiyaların qovşağında yerləşir. Amma həmin ölkələrdən elələri var ki, orada dini dövlət qurulub və o dövlət dinə əsaslanan ideologiya ilə idarə olunur. Belə hallarda başqa dinlərə və mədəniyyətlərə açıq qapı siyasəti aparılmır. Amma biz mədəniyyət və sivilizasiya müstəvisində açıq qapı siyasətinə üstünlük veririk. Bundan irəli gələrək bizim sivilizasiyaya, mədəniyyətə öz baxışımız formalaşır. Azərbaycanda bu sintetik vəhdətdə olan mənzərənin öz nəzəri konsepsiyaları meydana gəlməkdədir. Qeyd edək ki, Azərbaycanda dövlət-din münasibətlərinin nümunəsi göstərir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə, qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər. Belə bir şəraitdə  multikulturalizm ideyasını kənara qoymaq yox, onu daha da inkişaf etdirmək və dünyaya yaymaq zərurəti yaranır. Dövlət başçısının sərəncamında qeyd olunduğu kimi  tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Dövlət başçısı İlham Əliyevin təbirincə desək Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir: "Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var". Etiraf edilməlidir ki, hazırda Azərbaycanda həyata keçirilən dini siyasət bir çox ölkələr üçün nümunə ola bilər. Məlum olduğu kimi, ölkəmiz həm də dinlər arasında dialoq üçün bir mərkəz rolunu oynayır. Ölkəmizin təşəbbüsü ilə reallaşan "Bakı Prosesi" dediklərimizin əyani sübutu kimi qəbul edilə bilər. Prezident İlham Əliyev qeyd edib ki, bu gün beynəlxalq aləmdə "Bakı Prosesi" çox yüksək qiymətləndirilir və bu, doğrudan da nadir əməkdaşlıq formatıdır: "Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzlə başlanmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir və biz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Mədəniyyət nazirlərini dəvət edək və beləliklə, birinci təmas yarandı. Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət etdik. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzvdür və biz bu imkandan istifadə edib "Bakı Prosesi"nə start verdik". Sadalanan faktlar bir daha deməyə əsas verir ki, Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədədir, cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Bu isə o deməkdir ki, Azərbaycan xalqı tarixən tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verməkdədir.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31