Dağıstanlı deputatlar Milli Məclisdə olublar
Dağıstanlı deputatlar Milli Məclisdə olublar
14 Noyabr 2019 11:41 SiyasətMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Dağıstan Milli Məclisi sədrinin müavini Kamil Davdiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. "Olaylar" xəbər verir ki, qonaqları salamlayan komitənin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanla Dağıstan xalqları ortaq dəyərləri bölüşən, bir-birinə çox yaxın mədəniyyətə, adət-ənənələrə malik qardaş xalqlardır. Azərbaycanda da, Dağıstanda da gedən müsbət dəyişikliklər, inkişaf tendensiyası təqdirə layiqdir. Komitə sədri qonaqlara Azərbaycanın büdcəsi, iqtisadi sahədə aparılan islahatlar, sahibkarlar, investorlar və kənd təsərrüfatının inkişafı üçün yaradılmış imkanlar, ölkəmizin keçdiyi tərəqqi yolu barədə ətraflı məlumat verib.
Səmimi sözlərə görə təşəkkürünü bildirən Dağıstan Milli Məclisi sədrinin müavini Kamil Davdiyev öz növbəsində Dağıstanın büdcəsi, iqtisadi inkişafı, kənd təsərrüfatı haqqında danışıb. Bildirib ki, Dünya dini liderlərinin ikinci sammitinin Bakıda keçirilməsi Azərbaycana beynəlxalq səviyyədə böyük önəm verilməsinin bariz nümunəsidir. Qonaq diqqətə çatdırıb ki, Dağıstan və Azərbaycan xalqları tarixən bir-birinə bağlı, ayrılmaz xalqlardır. Parlamentlərimiz arasında imzalanmış sənədlər bu münasibətlərin daha da inkişaf edəcəyinə əminlik yaradır. Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda müzakirələr aparılıb.