Oqtay Əsədov: “Azərbaycan Rusiya Federasiyası ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir”

Oqtay Əsədov: “Azərbaycan Rusiya Federasiyası ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir”

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federasiya Şurasının Sədr müavini İlyas Umaxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Dağıstan Respublikası Xalq Məclisinin Sədri Xizri Şıxsəidov və digər rəsmi şəxslər də iştirak ediblər. "Olaylar" xəbər verir ki, Spiker qonaqları səmimi salamlayaraq qeyd edib ki, müstəqil Azərbaycan Rusiya Federasiyası, onun subyektləri, o cümlədən Dağıstanla hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Xalqlarımız arasındakı mədəni və mənəvi yaxınlıq münasibətlərimizin daha da inkişafı üçün yaxşı zəmin yaradır. Ölkə başçılarının görüşlərində aparılan danışıqlar və imzalanmış sənədlər əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qalxması baxımından çox əhəmiyyətlidir. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrimizə də öz müsbət təsirini göstərir.  Parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı ümumi məqsədlərə xidmət edir. Spiker Rusiya tərəfdən Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrup üzvləri arasında Dağıstandan olan deputatların fəaliyyətini təqdirəlayiq hesab etdi. Qeyd edildi ki, deputatlarımızın qarşılıqlı səfərləri onları düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Görüşdə bildirildi ki, dini liderlərin növbəti sammitində iştirak etmək üçün ölkəmizə səfər etmiş Rusiya nümayəndə heyəti Milli Məclisdə olmaqdan çox məmnundur. Qonaqlar qeyd etdilər ki, müştərək tarixi keçmişə malik xalqlarımız arasında münasibətlərin dərinləşməsi günün tələbidir. Rusiya, o cümlədən Dağıstan Azərbaycanla iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri daha da genişləndirməyə böyük əhəmiyyət verir. Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında danışıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31