Radikal müxalifətin qoca masabaşısı- RƏY
Radikal müxalifətin qoca masabaşısı-RƏY
8 Noyabr 2019 13:11 SiyasətArzuman Abdulkərimov: "Özləri kimi izdivacları da qeyri-səmimi, ədavət elementləri ilə doludur"
Hakimiyyət pillələrində, idarəetmədə məqsədyönlü islahatlar həyata keçirilib, nisbətən qocaman məmurlar gənc kadrlarla əvəzləndiyi halda, müxalifət düşərgəsində bunun əks tendensiyasını müşahidə edirik. Hakimiyyətdən islahat, gənc kadrların irəli çəkilməsini tələb edən müxalif düşərgə, bir qədər də dəqiqləşdirsək, bu düşərgənin radikal qanadı siyasi mübarizəni yenə də qocalarla davam etdirir. Özləri azmış kimi, hələ ətraflarına da hakimiyyətdən narazı olan kifayət qədər ahıl, qoca simaları cəlb edirlər. Hər halda bir neçə gün əvvəl Müsavat Partiyasının qərargahında müxalifətin toplantısı adı altında keçirilən görüş belə deməyə əsas verir. Sözügedən görüş bir tərəfə, həmin toplantıya bir vaxtlar indi bir masa arxasında oturduğu partiya liderlərinin kəskin tənqid, hətta təhqir edən sabiq səhiyyə naziri Əli İnsanovun da dəvət edilməsi cəmiyyət tərəfindən heç də birmənalı, müsbət qarşılanmayıb. Dünənə qədər bir-birini söyən siyasilərin bu gün bir masanı bölüşməsi həmin siyasilərin qeyri-səmimiliyini ortaya qoymaqla yanaşı, onların hakimiyyətə gəlmək üçün düşmənlə, hətta şeytanla belə əməkdaşlığa gedə biləcəklərini bir daha təsdiqləyib. Elə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov da bu qənaətdədir. O, bildirib ki, bu gün radikal siyasi düşərgədə eyni cəbhədə olan sabiq səhiyyə naziri Əli İnsanov həmin siyasiləri faşist adlandırmışdı: "Keçmiş məhbus, keçmiş səhiyyə naziri, Azərbaycanın milyonlarını taladığı üçün uzunmüddətli həbs cəzasından sonra artıq azadlığa buraxılan Əli İnsanov indi özünə müxalifətçi, islahatçı, yenilikçi, demokrat deyir. Özü də "faşistlərlə" bir masada oturaraq. Həm də onu deyir ki, ölkədə söz və mətbuat azadlığına meydan verilmir. Halbuki zamanında söz və mətbuat azadlığına qarşı olanların, jurnalistləri döydürənlərin, təhqir edənlərin, üstünə hücüm çəkənlərin ən öndəgedəni məhz o idi. Yeri gəlmişkən, illər öncə üstünə hücum çəkdiyi jurnalistlərdən biri, bu günlərdə Azərbaycan Prezidenti tərəfindən fəxri adla təltif olundu. Maraqlıdır, kimdir diktator, kimdir demokrat? Kimdir medianı "boğan", kimdir ona "yeni nəfəs" verilməsindən yana olan? Qayıdaq ona ki, Əli İnsanov başına kimləri cəm elədi? Və ya kimin başına cəm olanlardan biri də Əli İnsanov oldu? Hələlik heç kim bu mürəkkəb suallara cavab verə bilmir. Amma nəyindənsə dolayı müxaliflər, çox dar heyətdə Əli İnsanovu Musavat Partiyasının ofisində ağırladılar. Bir az mövzuya şərtilik gətirsən, görüşə "faşistlərlə" sabiq məhbusun, nazirin görüşü də demək olar. Dəyirmi masa adlandırdıqları toplantıda hər kəs vardı. İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Pənah Hüseyn və sairlər. Özləri kimi izdivacları da qeyri-səmimi, ədavət elementləri ilə dolu. Məmurların yaş həddinə görə dövlətə irad tuturdular, baxırsan qoca adamı masabaşı eləyiblər. Dövlət gənc kadrları yerləşdirmir deyə hücum edirdilər, öz partiyalarında gənc kadrlar arasında mübahisələr mövcuddur eyni mövzuda. Komandadaxili münaqişələrdə suçlayırdılar siyasi hakimiyyəti. Özlərinin "belindən gələn" söyüş müxalifəti "atalarının" üzünə ağ olub indi. Yəni noyabrın ikisinə təyin olunan mitinqin təxirə salınmasından sonra Əli Kərimli və Milli Şurada cəm olan hər kəs söyüş hədəfidir. Yəni buna öz qazdığı quyuya özü düşmək də demək mümkündür".
Arzuman Abdulkərimovun sözlərinə görə, Əli İnsanov o adamdır ki, hələ vəzifədə olduğu dönəmdə Azərbaycan səhiyyəsinin başına daş salmaqdan başqa heç nə eləmədi: "Azərbaycan səhiyyəsində etdiyi yenilik birdəfəlik şprislərin qaynadılıb təkrar istifadəyə verilməsindən ibarət oldu. Hələ Azərbaycan səhiyyəsi hesabına topladığı varidatı, sərvəti dillə ifadə etmək mümkün deyil. Qaldı onun qəfildən demokratiya hərisi olması məsələsinə, qısaca belə demək olar. Yeməklə doymayan, yalamaqla doymaz, Əli İnsanov. Hələ "faşist"liyinə əmin olduqlarınla bir masada oturmusansa olmaz. Səninki özünü təmizə çıxarmaq hikkəsidir. İtirdiklərini qorxudaraq, hədələyərək geri istəməkdir. Xarici dövlətlərin kəşfiyyatına satılmış radikallardan qisas müxalifəti formalaşdırmaqdır hədəfin. Bu gedişlə ki, onlar gedir, yəni həm səfirlikləri qapı-qapı dolaşıb qrant yığır, həm də hökumətdəki havadarlarından bəhrələnir, sən çox keçməz, kisənin başını açmaqla istəyinə nail olacaqsan. Ancaq hələ Azərbaycan naminə döyüşmək, mübarizə aparmaq əzmində olanlar var. O üzdən əməlləriniz ayaq tutar, amma yeriməz. Dəyirimi masanıza gəlincə, o masada əyləşənlər illərdir ona görə müxalifətdədirlər ki, bu onların biznesidir. Onlar nə millət, nə dövlət dərdi çəkir. İllərdir dövlət, millət dərdi çəkən iki-üç liderin kölgəsində hərləniblər, qazanıblar, indi də sənə yançı olacaqlar, ta ki, kisənin dibi sıyrılana qədər. Onlar Azərbaycanın əbədi müxalifətidir. Məmləkətə, dövlətə heç bir gələcək vəd etməyən, dövlətini qrantlara satan əbədi müxalifət. Məqsədləri nə demokratiyadır, nə dəyişiklik. Sadəcə qisas almaq istəyənlərlə oynayar, sonra da susarlar. Bu üzdən onların da, sənin də əlində nə dövləti, nə də milləti alət olmağa qoymarıq".
Süleyman
Olaylar.az