Çörəyi Azərbaycana qarşı kampaniyadan çıxan beynəlxalq təşkilatlar- Şərh
Çörəyi Azərbaycana qarşı kampaniyadan çıxan beynəlxalq təşkilatlar-Şərh
8 Noyabr 2019 13:02 Siyasət"Freedom House"un hesabatında ölkəmizə qarşı qərəz nümayiş etdirilib
Müxtəlif qüvvələrin təsiri altında olan bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qarayaxma kampaniyası davam etməkdədir. Hər dəfə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində həmin qüvvələrin fəallaşması müşahidə olunur. Sanki bəzi beynəlxalq təşkilatların çörəyi Azərbaycana qarşı böhtan kampaniyasından çıxır. Artıq illərdir ki, bu praktikanı yaşayan Azərbaycan üçün belə kampaniyalar ürək bulandırmaqdan başqa bir şey deyil. Azərbaycanın qanına susamış bu qüvvələr hələ ölkəmizdə keçirilən Avroviziya-2012 mahnı müsabiqəsindən başlayaraq eyni fəaliyyətdə bulunmaqdadırlar. Acınacaqlı hal ondan ibarətdir ki, "sapı özümüzdən olan baltalar" həmin qüvvələrin təsiri altına düşərək ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarının miqyasına kölgə salmağa çalışdılar. Lakin tarix göstərdi ki, "ağ divara qara çamur yapışmır". Məlum olduğu kimi müstəqil, demokratik cəmiyyətlərin, ölkələrin atributlarından biri də həmin cəmiyyət və dövlətdə fikir, söz, məlumat azadlığı, plüralizmin təmin olunmasıdır. Bir qayda olaraq beynəlxalq təşkilat və qurumlar, dünyanın tanınmış media mərkəzləri ayrı-ayrı ölkələrlə bağlı dəyərləndirmə aparıb hesabatlar hazırlayanda diqqət yetirdikləri əsas istiqamətlərdən biri də məhz bu və ya digər ölkələrdəki kütləvi informasiya vasitələrinin durumu, onların mövcud şərtlər altında fəaliyyəti, eləcə də mediaya yaradılan şərait olur. Zaman-zaman Azərbaycan da bu dəyərləndirmələr, qiymətləndirmələrdə yer alır, ölkəmizlə bağlı müəyyən hesabatlar səsləndirilir, gündəmə gətirilir. Ancaq çox zaman biz bu dəyərləndirmələr, qiymətləndirmələrdə obyektivlik, doğruluğa rast gələ bilmirik. Əksinə reallıqdan kənar, həqiqəti əks etdirməyən yanaşmalar daha çox özünü büruzə verir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda fikir və söz, məlumat azadlığı, plüralizmin təmin edilməməsi iddiası bir qayda olaraq Fredoom House və Human Rights Watch kimi təşkilatlar tərəfindən irəli sürülür. Heç bir fakta əsaslanmayan, yalnız özlərinin Azərbaycandakı sifarişilə işləyən dairələrinin donosları, yalan məlumat və İnformasiyaları əsasında hazırlanmış həmin hesabatlarda iddia edilir ki, Azərbaycan hakimiyyəti fikir, söz və məlumat azadlığı, plüralizmi boğur, medianın inkişafına əngəllər yaradır. Elə Fredoom Housenin son hesabatında da Azərbaycan internet azadlığı reytinqində "qismən azad" ölkələr sırasında yer alıb. Birmənalı şəkildə qeyd etmək olar ki, qeyri-şəffaf maliyyə gəlirləri sayəsində Azərbaycana qarşı, ölkəmizin milli dövlətçilik maraqlarına qarşı çıxış edən həmin təşkilatlar kimlərinsə təsiri altındadırlar. Həmin təşkilatlar unudurlar ki, Azərbaycan müstəqil bir dövlətdir. Azərbaycanın qanunlarını əks etdirən Konstitusiya mövcuddur və ölkəmizdə Azərbaycan vətəndaşlarının iradəsi əsas götürülür. Lakin heç kimə sirr deyil ki, xaricdə anti-Azərbaycan mərkəzləri fəaliyyət göstərir və həmin mərkəzlər ölkəmizdə gedən güclü inkişafı qəbul etmək istəmirlər. Həmin mərkəzlər və orada cəmləşən adamlar Azərbaycanda baş verən qlobal inkişaf proseslərini görmək istəmir, ölkədə əldə edilən uğurları qəbul edə bilmirlər. Onu da xatırladaq ki, hazırda bir sıra dövlətlər və onların nəzarətində olan qeyri-hökumət təşkilatları Azərbaycanın uğurlarından narahatçılıq keçirir və ölkəmizin artan beynəlxalq imicini heç cür həzm edə bilmirlər. Təəssüf ki, Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyasına qoşulan soydaşlarımız da yox deyil. Bax, onların milli dövlətçiliyə qarşı çıxmaları, Azərbaycanın beynəlxalq imicinin artmasına qarşı çıxmaları heç cür başa düşülən deyil. Fakt isə ondan ibarətdir ki, bu cür qarayaxmalar Azərbaycanın artan nüfuzuna zərrə qədər də kölgə salmaq gücündə deyil. Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, "Freedom House"un dünyada internet azadlığına dair hesabatı reallığı əks etdirmir. Bu hesabatda Azərbaycana qarşı yenə də qərəz nümayiş etdirilib. K. Əliyeva isə bildirib ki, "Freedom House" hər il eyni tipli hesabat hazırlayır: "Yəqin həmin hesabatda da Azərbaycanın xeyrinə bir cümlə də görməyəcəyik. Çünki Azərbaycan müstəqil siyasət yeridən, ərazisinin kiçik olmasına baxmayaraq, böyük ölkələrə sözünü deyən dövlətdir. Ona görə də, bu, bəzi qüvvələrin xoşuna gəlmir, Azərbaycana qarşı qısqanclıq hissi ilə yanaşırlar". Belə hesabatların təəssüf doğurduğunu deyən K.Əliyevanın fikrincə, həqiqət və ədalət prinsiplərinin beynəlxalq təşkilatlar səviyyəsində pozulması bəşəri dəyərləri aşınmaya məruz qoyur: "Çünki müəyyən xarici dairələrin korporativ maraqlar naminə məsələlərə ədalətli yanaşmanı arxa plana keçirməsi çox zərəri tendensiyadır". Ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini deyən millət vəkilinin bildirdiyinə görə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, ölkəmizdə demokratiya, vətəndaş cəmiyyəti quruculuğu, söz, internet azadlığı sahəsində də ciddi irəliləyişlər əldə edilib. "Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, mövqeyi xeyli güclənib. Ölkəmiz Cənubi Qafqaz regionunda liderdir. Təbii ki, bu nəticələr uğurlu, düzgün siyasətin, iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi sayəsində əldə olunub. Azərbaycanın demokratik inkişaf sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Bu mənada ölkəmizdə internetin inkişafına ciddi önəm verilir. İnternet hüquqi münasibətlər sistemində özünə kifayət qədər yer tapıb. Ümumilikdə, internet Azərbaycanın həyatına daxil olub. Təkcə "facebook" sosial şəbəkəsindən istifadə edənlərin sayı 2 milyona yaxındır. Həmçinin, Azərbaycanda internet informasiya seqmentinin mühüm hərəkətverici qüvvəsi sayılır. Bu gün yüzlərlə internet saytları sərbəst şəkildə fəaliyyət göstərir. Əhalinin 80 faizi internet istifadəçisi olduğu halda, "Freedom House" təşkilatının ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur".
Alim
Olaylar.az