Erməni təxribat maşını Bakıya qarşı ciddi fəaliyyətdə- Siyasi analiz

Erməni təxribat maşını Bakıya qarşı ciddi fəaliyyətdə-Siyasi analiz

Diplomatik cəbhədə küncə sıxışdırılan Ermənistan yenidən məkrli siyasətini işə salır

Siyasi və diplomatik cəbhədə, eləcə də hərbi sahədə Azərbaycan qarşısında aciz duruma düşən, rəsmi Bakının, ən əsası dövlət başçısı Cənab İlham Əliyevin fəal diplomatik gedişləri qarşısında aciz qalan Ermənistan rəhbərliyi yenidən ənənəvi metoduna əl atıb. Bu da informasiya mübarizəsi, ölkəmiz barədə xarici aləmdə yalan məlumatlar formalaşdırmaq, eyni zamanda ayrı-ayrı, daha dəqiq desək ermənilərin sıx məskunlaşdığı, erməni diasporunun aktiv olduğu ölkələrdə Azərbaycana qarşı təxribat həyata keçirməkdən ibarətdir. Son günlər bir-birinin ardınca müşahidə etdiyimiz təxribatçı hərəkətlər deyilənləri açıq şəkildə təsdiqləyir.

Bir qayda olaraq Azərbaycana qarşı erməni təxribatı daha çox iki ölkədən müşahidə edilir. Bunlardan biri Fransa, digəri isə Rusiya Federasiyasıdır. Bu günlərdə hər iki ölkə ilə bağlı yayılan xəbərlər bunu bir daha təsdiqləyir. Belə ki,  bu ölkənin Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana səfər edərək orada Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun "xarici işlər naziri" Masis Mayılyan ilə görüşüb. Bu qeyri-qanuni və beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə tapdalandığı görüş azmış kimi, adıçəkilən şəxs qondarma rejimin naziri ilə  "birgə bəyannamə" də imzalayıb. Azərbaycan Xarici İşlər Nazirliyi də öz növbəsində Fransanın Azərbaycandakı səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.

Qeyd etmək lazımdır ki, bu Fransanın təcrübəsində ilk belə hadisə deyil və bundan əvvəl də Parisin bəzi rəsmi və qeyri-rəsmi şəxsləri anoloji qanunsuzluqlara yol veriblər.

Yuxarıda da vurğuladığımız kimi Azərbaycana qarşı erməni təxribatının daha çox müşahidə edildiyi ölkələrdən biri də Rusiya Federasiyasıdır. Bu ölkədə də erməni lobbisi müntəzəm olaraq Ermənistana meyilli, erməni maraqlarından çıxış edən dairələrin xətti ilə Azərbaycana qarşı təxribata əl atırlar. Elə noyabrın 2-də Rusiyanın  Simferopol şəhərində "Artsax" adı altında konsertin keçirilməsi ideyası da bu məqsədə xidmət edir. Simferopol şəhərinin Çaykovski adına musiqi peşə məktəbində təşkil olunması nəzərdə tutulan rəqs ansamblının konserti sözdə mədəniyyət tədbiri kimi qələmə verilsə də, ancaq reallıq ondan ibnarətdir ki, burada yeganə məqsəd qondarma rejimi təbliğ etməkdir. Qeyd edək ki, şimal qonşumuzda müşahidə edilən erməni təxribatına da cavab verilib. Belə ki, Rusiya Azərbaycanlıları İttifaqı, Ümumdünya Azərbaycan Mədəniyyət Fondu Simferopol şəhərində noyabrın 2-də "Artsax" adı altında konsertin keçirilməsinə etiraz bəyanatı verib. Belə tədbirin keçirilməsi ciddi şəkildə psilənilməklə yanaşı, qeyd olunur ki, Rusiya Federasiyasında Azərbaycana və Rusiyaya qarşı atılan bu cür təxribat xarakterli addımlar ciddi etiraz yaradır.

Bu cür addımlar Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Rusiya ilə Azərbaycan arasında 3 iyul 1997-ci ildə imzalanmış Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik haqqında müqavilənin bəndləri də bu təxribatla pozulmuş olur. Çünki bu müqaviləyə əsasən tərəflər bir-birinə qarşı yönəldilmiş separatçı tendensiyalarla mübarizə öhdəlikləri götürüblər. Bu baxımdan "Artsax" terrorçu rejiminin təbliği yolverilməzdir.
Rusiya Azərbaycanlıları İttifaqı Rusiyanın müvafiq orqanlarının digər mühim faktları da xatırladıb. "Bizi məyus edən məqamlardan biri də odur ki, Böyük Vətən müharibəsi zamanı Krım uğrunda döyüşlərdə azərbaycanlılar xüsusi rəşadət göstərdiyi halda, ermənilərin milli qəhrəmanı və Adolf Hitlerin yaxın silahdaşı olmuş Qaregin Njdenin rəhbərliyi altında minlərlə krımlı qətlə yetirilib. Biz Krım rəhbərliyini bütün bunları nəzərə almağı, Azərbaycana və Rusiyaya qarşı yönələn müxtəlif qrupların təxribat xarakterli hərəkətlərinə imkan verməməyə çağırırıq".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, bir qayda olaraq Azərbaycana qarşı erməni təxribatı Rusiya və Fransadan müşahidə edilir. Politoloq bunu həmin ölkələrdə erməni diasporunun fəal olması, eyni zamanda bu ölkələrin müəyyən mənada erməni maraqlarına xidmət etməsi ilə əlaqələndirib: "Halbuki, hər iki ölkə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədridir. Əgər həmsədr ölkələr belə bir qeyri-qanunsuzluqlara, beynəlxalq hüquq və prinsiplərin pozulmasına göz yumurlarsa, o halda Paris və Moskvadan münaqişənin həlli məsələsində hansı ədalətli yanaşma və obyektivliyi gözləyə bilərik". Politoloq hesab edir ki, Azərbaycan aktiv diplomatik gedişlərlə Ermənistanı küncə sıxışdırdıqca,  bizə qarşı bu kimi təxribatçı hərəkətlərin sayı artacaq: "Düşünürəm ki, biz də erməni təxribatlarını zamanında əngələmək, onların məkirli planlarının baş tutmaması üçün daha fəal olmalı, intensiv və səmərəli işləməliyik. Yalnız uğurlu fəaliyyətimizlə erməni təxribatlarının qarşısını ala bilərik".

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31