Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə Ermənistan işğalçı dövlət kimi tanındı- Şərh

Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə Ermənistan işğalçı dövlət kimi tanındı-Şərh

Hərəkata üzv ölkələr Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə etdilər

Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Etiraf edilməlidir ki, ölkəmizin beynəlxalq imicinin artması bu kimi əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevirir. Artıq dünyanın aparıcı dövlətləri regional və beynəlxalq problemlərin müzakirəsinin məhz Azərbaycanda aparılmasında maraqlıdırlar. Elə bi ustək də ölkəmizi qlobal məsələlərin çözüldüyü məkana çevirib. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi dediklərimizin bariz nümunəsidir. Xatırladaq ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına (QH) üzv qəbul olunmuşdur. QH-da olduğu qısa müddət ərzində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanmış və cəmi 5 ildən sonra Hərəkatın Zirvə Görüşünə ev sahibliyi və 2019-2022-ci illər üzrə sədrlik hüququnu əldə etmişdir. Özündə 120 ölkəni birləşdirən və BMT Baş Assambleyasından sonra dünyada ən böyük siyasi təsisat olan QH-nın Prezident İlham Əliyevin sədrliyi ilə 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur. Bu beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda olan nüfuzunun göstəricisidir.

Bəs, belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir? Qeyd edək ki, Zirvə görüşünə sədrlik üzv dövlətlərin yekdil qərarı ilə Prezident İlham Əliyevə verildi. Dövlətimizin başçısı 120 dövləti, 38 müşahidəçi, qonaq dövləti və beynəlxalq təşkilatları özündə birləşdirən XVIII Zirvə toplantısına yüksək diplomatik peşəkarlıqla sədrlik etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə etdiyi çıxışda Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı. Həmçinin ölkəmizin son 15 ildə siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verdi: "Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətraf 7 rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarış etnik təmizləmə siyasəti aparıb, nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşüb. O vaxt Azərbaycan əhalisi 8 milyon nəfər idi və qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilib, mindən çox insan itkin düşüb. Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb". Prezident İlham Əliyev bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə Ermənistan qoşunlarının tam və qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılması tələb olunub: "Təəssüf ki, həmin qətnamələr həyata keçirilməyib. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içərisində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır". Dövlət başçısı diqqətə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən qətnamə və qərarlar qəbul edib: "Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm". Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi, mənəvi sərvətimiz talan edilib: "Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışaraq, bütün toponimləri məqsədli şəkildə erməniləşdirir. Ermənistan, həmçinin, işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur. 2016-cı ili aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla, 6 azərbaycanlı mülki şəxs həlak olub, 26-sı yaralanıb, yüzlərlə ev dağıdılıb. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Qeyd edək ki, dövlət başçısının faktlara və statistik rəqəmlərə əsaslanan çıxışı məhz yekun sənədin qəbulunda əhəmiyyətli rol oynadı. Odur ki, birmənalı şəkildə demək olar ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar. Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Zirvə görüşündə Prezident İlham Əliyev QH-də sədrlik dövrü üçün əsas prioritetlərimizi də açıqladı və qeyd etdi ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən "Bandunq prinsipləri" Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Prezident İlham Əliyev Azərbaycanın QH-da sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi "Bandunq prinsipləri" üzərində quracağını qeyd etdi. Ölkəmizin QH-nın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək və dayanıqlı inkişafa və ədalətin təmin olunması üçün var gücü ilə çalışacağını qeyd etdi. Məhz sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan QH-də sədrlik dövründə dünyaya sülh və təhlükəsizliklə bağlı töhvə verməklə yanaşı, Dağlıq Qarabağ problrminin həllimdə də əhəmiyyətli addımlar atacaq.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31