Azərbaycanın növbəti böyük uğuru: Qoşulmama Hərəkatı Zirvə Görüşü-TƏHLİL
Azərbaycanın növbəti böyük uğuru: Qoşulmama Hərəkatı Zirvə Görüşü-TƏHLİL
28 Oktyabr 2019 14:16 SiyasətAzərbaycan son bir ay ərzində iki mühüm beynəlxalq tədbirə evsahibliyi edərək bir daha aktivinə uğur, nailiyyət yazdı. Bu tədbirlərdən biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən növbəti zirvə görüşü idisə, digəri isə Qoşulmama Hərəkatının sayca XVIII zirvə toplantısı idi.
Məsələnin mahiyyətinə, Bakıda keçirilən zirvə görüşününü ölkəmiz üçün əhəmiyyətinə varmadan, öncəliklə Azərbaycanın Qoşulmama Hərəkatı ilə əməkdaşlığının qısa tarixinə nəzər yetirmək məqsədəuyğun olar. Məlumat üçün qeyd edək ki, ölkəmiz hələ 8 il əvvəl, 2011-ci ilin may ayında sözügedən təşkilata üzv qəbul edilib. Baxmayaraq ki, Azərbaycanın Qoşulmama Hərəkatında qısa müddət ərzində təmsil olunur, ancaq buna baxmayaraq ölkəmiz bu qısa müddət ərzində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanıb və Hərəkatın Zirvə Görüşünə ev sahibliyi etmək kimi mühüm missiyanı öz üzərinə götürüb. Azərbaycanın Hərəkatda fəal, aktiv iştirakının nəticəsidir ki, təşkilatın Bakı zirvə görüşündə Qoşulmama Hərəkatına sədrlik və 2019-2022-ci illər üzrə sədrlik Azərbaycana həvalə edildi.
Özündə 120 ölkəni birləşdirən və BMT Baş Assambleyasından sonra dünyada ən böyük siyasi təsisat olan QH-nın Prezident İlham Əliyevin sədrliyi ilə 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur. Bu beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda olan nüfuzunun göstəricisidir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünyanın ikinci ən böyük siyasi təşkilatı hesab olunan Qoşulmama Hərəkatının zirvə görüşünün Bakıda keçirilməsi kifayət qədər məsuliyyətli, eyni zamanda əlamətdar bir hadisə idi. Məsuliyyətli idi ona görə ki, dünyanın 50-yə yaxın ölkəsinin dövlət və hökumət başçılarını qəbul etmək, onların təhlükəsizliyini ən yüksək səviyyədə təşkil etmək o qədər də asan məsələ deyildi və bu ağır bir yük, məsuliyyət idi. Ancaq Azərbaycanın bu kimi tədbirləri keçirmək üçün kifayət qədər təcrübəsi olduğu üçün ölkəmiz Qoşulmama Hərəkatının XVIII zirvə görüşünü də ən yüksək səviyyədə təşkil etdi. Əlamətdar idi ona görə ki, zirvə görüşündə iştirak etmək üçün Azərbaycana təşrif buyuran dünya ölkələrinin dövlət və hökumət başçıları, nümayəndə heyətləri ölkəmizlə daha yaxından tanış olmaq imkanı qazanacaq, ən əsası ölkəmizin üzləşdiyi əsas problem, Dağlıq Qarabağ münaqişəsi və ərazilərimizin 20 faizinin erməni işğalına məruz qalması barədə bir daha daha ətraflı və əhatəli şəkildə məlumatlı olacaqlar. Eyni zamanda Qoşulmama Hərəkatının sayca XVIII zirvə görüşünün Bakıda keçirilməsi digər bir məqama görə əlamətdar idi ki, bu da Azərbaycanın qarşıdakı 3 il müddətində təşkilata sədrlik etməsidir. Azərbaycanın qarşıdakı 3 il müddətində Qoşulmama Hərəkatına sədrliyi hər şeydən öncə Dağlıq Qarabağ münaqişəsinin, Ermənistanın təcavüzkar siyasətinin dünya ictimaiyyətinə daha yaxından çatdırılması baxımından əhəmiyyətli hesab olunur.
Qeyd etmək yerinə düşər ki, Bakı Zirvə Görüşü dünya miqyaslı tədbir hesaab edilirdi və Zirvə Görüşü 2 gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisə oldu, beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində oldu.
Bir sözlə Azərbaycanın müstəqillik tarixində Qoşulmama Hərəkatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi ən böyük siyasi tədbir idi. Zirvə görüşündə 159 nümayəndə heyəti dövlət və hökumət başçısı, parlamentin sədri, xarici işlər naziri və digər yüksək səviyyələrdə təmsil olunmuşdu. Həmçinin, BMT Baş katibinin müavini, BMT Baş assambleyasının prezidenti Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfər etmişdi.
Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə Dövlət və Hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğuladılar. Burada zirvə görüşündə qəbul edilmiş Yekun Sənədə də diqqət yetirmək olduqca vacibdir. Belə ki, zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş yekun sənədinə ilk dəfə olaraq olduqca mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək.
Bu baxımdan əksəriyyət tərəfindən Qoşulmama Hərəkatının Bakı zirvə görüşü mühüm əhəmiyyətli hadisə hesab edilir. Millət vəkili Tahir Rzayev
bildirib ki, Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır və bu qiymətləndirilməlidir. Tahir Rzayevin sözlərinə görə, sözsüz ki, insan hüquqlarına, dövlətlərin müstəqilliyinə, ölkələrin inkişafına, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşan, dünyada sülhün, əminamanlığın bərqərar olunmasına, beynəlxalq hüquq normalarının qorunmasına xidmət edən Qoşulmama Hərəkatı bu dəfə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, təcavüzkarlığa, separatizmə, terrora qarşı kəskin qərarlar qəbul edəcək: "BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi və qarşıdan gələn üç il ərzində təşkilata sədrliyin Azərbaycana keçməsi çox əhəmiyyətlidir. Bu, ölkəmizin dünyada artan nüfuzunun göstəricisi, həm də inkişafımıza, siyasətimizə, təşkilatçılığımıza verilən qiymətdir. Cənab Prezident də bütün sahələrdə uğurlarımızı səsləndirməklə Azərbaycanın bəşəri ideyalara sadiqliyini, insanlığa hörmətini, öz çıxışı ilə bu görüşdə ifadə etdi". Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə səsləndirdiyi "sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir" ifadələri bütün Azərbaycan xalqının fikrini əks etdirməklə təcavüzkarlığa qəti etiraz, dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ədaləti bərpa etmək üçün bir çağırışdır.
Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı da Qoşulmama Hərəkatının zirvə görüşünün Bakıda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib və qeyd edib ki, belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi beynəlxalq təşkilat və qurumlar, dünya dövlətləri tərəfindən Azərbaycana olan inam, etibar və etimadın göstəricisidir: "Diqqət edin, zirvə görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatıldılar. Bu göstərici ən azından 160 ölkənin diqqətinin Bakıda olması demək idi. Beynəlxalq tədbirləri əhəmiyyətsiz hesab edənlərə demək istədiyim odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin nə qədər doğru və düzgün olduğunu ölkədən kənarda olduqda görmək, hiss etmək olur. Hər hansı bir Avropa ölkəsində sıradan bir vətəndaşın Azərbaycanı yalnız neft ölkəsi olaraq deyil, eyni zamanda beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmiş dövlət kimi tanıması insana böyük qürur hissi yaşadır. Şəxsən mən son bir neçə ildə etdiyim xarici səfərlərimdə bu qürur və fəxarət hissini yaşamışam və buna görə dövlətimizin başçısına sonsuz minnətdaram".
Füzuli
Olaylar.az