Yaxın Şərqdə terror səngiyəcəkmi? MÜNASİBƏT

Yaxın Şərqdə terror səngiyəcəkmi?MÜNASİBƏT

Əl-Bağdadinin öldürülməsi belə bir ümid yaradır

Okeanın o tayından yayılan xəbərlərdə Birləşmiş Ştatların beynəlxalq terrorizm üzərində daha bir uğurlu qələbə qazandığı iddia olunur. Yayılan xəbərlərdə bildirilir ki, Birləşmiş Ştatların Suriyanın İdlib bölgəsinə hərbi müdaxiləsi nəticəsində İŞİD lideri Əbu Bəkr əl-Bağdadi öldürülüb. Məlumat üçün qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə Bağdadinin öldürülməsi ilə bağlı məlumatlar yayılıb. Lakin sonradan İŞİD lideri müxtəlif yerlərdə peyda olaraq Birləşmiş Ştatlara meydan oxuyub. İndi yenidən Bağdadinin ölüm xəbərinin yayılması bir sıra sualların meydana çıxmasına səbəb olub. Xüsusilə, İŞİD liderinin Türkiyənin Suriyada uğurlu antiterror əməliyyatları həyata keçirdiyi bir vaxtda zərərsizləşdirilməsi barədə xəbərin yayılması təsadüfi hesab edilmir.

"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Turan Rzayev hesab edir ki, Birləşmiş Ştatların İdlibə gecə radələrində keçirdiyi ani əməliyyat və İŞİD lideri Bağdadinin ölümünün bir çox pərdəarxası məqamı var. Onun sözlərinə görə, bir neçə gündür Türkiyə-Suriya sərhədində ABŞ hərbi birləşmələrinin aktivliyi müşahidə olunurdu: "Türk mətbuatında bu hadisə "ABŞ bölgədən çıxacağını bildirsə də mövcud qüvvələri gücləndirir" fonunda şərh olunurdu. Türkiyənin narahatlığı heç də səbəbsiz deyildir. Məsələ ondadır ki, Birləşmiş Ştatlar daha öncə də regiondan hərbi qüvvələrini çəkəcəyini desə də, tam tərsinə mövcud qüvvələrinin say tərkibini artırmışdı. Bu dəfə də oxşar halın təkrarlanacağı Türkiyə tərəfindən düşünülürdü. Lakin məsələnin iç üzü tam başqa idi"

Turan Rzayev qeyd edib ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın  aktiv bir twitter istifadəçisi və vaxt aşırı sensasion tvitlər paylaşdığı heç kəsə sirr deyil. Donald Trampın bir neçə gün öncə twitter hesabından "Çox böyük şey oldu" paylaşımı Birləşmiş Ştatların İdlibdə keçirilən hərbi əməliyyatlar və İŞİD lideri əl-Bağdadinin ölümü barədə öncədən verilən mesaj idi. Dünən isə Donald Trump twitter hesabından İŞİD liderinin üç övladı ilə birgə öldürüldüyünü elan etdi". Ekspert deyib ki, Birləşmiş Ştatların 8 hərbi vertolyot və iki insansız aparatla başladığı əməliyyat İdlibin Torluha düşərgəsindən bir neçə kilometr uzaqlıqda baş verib: "Əməliyyat 4 saatdan qısa bir müddətdə baş verib və İŞİD lideri əl-Bağdadi üç oğlu ilə birgə öldürülüb. Əməliyyatın bu qədər tez və gizli edilməsi hər nə qədər təəccüblü olsa da, əsas diqqət çəkən iki məqam var.
Birincisi, İdlibin hava təhlükəsizliyinin Rusiya tərəfindən qorunması, ikincisi, Donald Trampın açıqlamalarında əməliyyatların uğurlu keçməsində Rusiya Türkiyə və Suriya rəhbərliyinə təşəkkürünü bildirməsidir. Digər tərəfdən Türkiyə də Birləşmiş Ştatların İdlibdə keçirdiyi əməliyyatdan xəbərdar olduqlarını rəsmi şəkildə açıqlayıb".

Turan Rzayev bildirib ki, Türkiyənin Suriyanın şimalında başladığı antiterror əməliyyatı, Birləşmiş Ştatların regiondan çıxma qərarı və əsir alınan İŞİD militanlarının azad etməsi, ardınca Rusiyanın Soçi şəhərində Türkiyə və Rusiya rəhbərlərinin əldə etdiyi Soçi razılaşması, ABŞ-ın bu razılaşmaya səs çıxarmaması, ən nəhayət İdlibdə baş tutan hərbi əməliyyat nəticəsində İŞİD lideri əl-Bağdadinin öldürülməsi bir şeydən xəbər verir. Bütün bu proseslərə ABŞ-ın razılıq verməsi İŞİD liderinin qanı bahasına gəlib. İŞİD lideri Əbu Bəkr əl-Bağdadi və əl-Qaidə lideri Usama bin Ladenin ölümünün oxşar məqamları da diqqət çəkməyə bilməz: "Belə ki, Birləşmiş Ştatlar hərbi qüvvələrinin İdlibdə keçirdiyi əməliyyat nəticəsində öldürülən İŞİD liderinin ölümü digər bir terror təşkilatı olan əl-Qaidə lideri Osama bin Ladenin ölümünə çox bənzəyir. Belə ki, qeyri-rəsmi məlumatlarda hər iki terror qruplaşmasının liderlərinin ABŞ tərəfindən maliyyələşdirildiyi dəfələrlə qeyd olunub. Bunun ən bariz nümunəsi hər iki liderin ölümündəki oxşar məqamlarıdır. Belə ki, hər iki terror lideri gözlənilməz bir əməliyyatla və gecə radələrində öldürülüb. Qeyd edim ki, əl-Bağdadi oktyabrın 26-da, saat  00:00 radələrində, Osama bin Laden isə 01:00-da keçirilən əməliyyatla öldürülmüşdü. Digər tərəfdən hər iki lider canlı yaxalanma ehtimalı olmasına baxmayaraq, övladları ilə öldürülüb. Bütün bu səbəblər hər iki terror liderinin ölümü arasındakı oxşarlığı göstərir". Turan Rzayev deyir ki, başsız qalan İŞİD-in gələcək  aqibəti də maraqlıdır: "Terror qruplaşmalarının fəaliyyətinə baxsaq, əsasən, islam ölkələrində, xüsusən də neftlə zəngin ölkələrdə ortaya çıxdığını görə bilərik. Terror təşkilatlarının fəaliyyətinə baxsaq, öncə ortaya çıxdığı ölkəni daha sonra isə region ölkələrini zəiflətdiyini görə bilərik. Digər bir məqam isə terror təşkilatlarının birinin məğlub olmasının digərinin doğuşuna zəmin yaratmasıdır. Misal üçün Talibanı əl-Qaidə, əl-Qaidəni isə İŞİD əvəz etdi. Bu gün isə artıq İŞİD-in də məğlub olduğunu deyə bilərik. Başsız qalan İŞİD sirr deyil ki, məhv olmağa məhkumdur. Lakin İŞİD-in digər terror təşkilatından fərqi odur ki, İŞİD ondan gözlənilən nəticəni əldə etdi. Yaxın Şərqin neftlə zəngin ölkələri artıq olduqca zəif bir haldadır. Bu baxımdan İŞİD lideri əl-Bağdadinin ölümü düşünürəm ki, həm İŞİD-in sonu, həm də Yaxın Şərqdə terrorun zəifləməsi ilə müşahidə olunacaq".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31