Xocalı qətliamı soyqırımı cinayətlərinin ən dəhşətlisidir- QAN YADDAŞI

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımı aktının 27 ili tamam olur. Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq  rəmzinə çevrilib. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin, eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Təkcə bunu qeyd etmək kifayətdir ki, Qaradağlı kəndində 80 nəfərdən çox, Ağdaban kəndində 67 nəfər dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülmüş, onlarca adam girov götürülmüş, itkin düşmüş, kəndlər isə yandırılaraq yer üzündən silinib. Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilib. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi  ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, adamları diri-diri torpağa basdırıb və ya yandırıb, cəsədlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetiriblr. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilib. 

Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir. Bu dəhşətli cinayətin üstündən 25 il keçməsinə baxmayaraq, onun təşkilatçıları və icraçıları məlum səbəblər üzündən indiyədək cəzasız qalırlar. Xocalı faciəsi erməni şovinistlərinin Cənubi Qafqazda azərbaycanlılara qarşı qəsbkarlıq, təcavüz, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olub. Bu siyasət son iki yüz ilə yaxın dövrdə mərhələ-mərhələ həyata keçirilib. XIX əsrdə Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin nəticələrini, o cümlədən Azərbaycanın çar Rusiyası tərəfindən ilhaqını təsbit edən müqavilələrə əsasən Cənubi Qafqaza yüz minlərcə erməni köçürülüb, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazlar verilib, bütün bunlar azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxarıb. "Daşnak" və "Hnçak" kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra bu proses daha da sürətlənib. Birinci rus inqilabının başlandığı 1905-ci ildə silahlanmış mütəşəkkil erməni dəstələri Cənubi Qafqazda ilk dəfə olaraq etnik zəmində soyqırımı cinayəti törədib. 1905-1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutub, şəhər və kəndləri yandırıb, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıqla öldürüblr. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olub. 

Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəyilik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə geniş vüsət alıb. Bu dövrdə soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük bir qəddarlıqla həyata keçirilib. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirib, evlərini talan edib, on minlərlə adamı yurd-yuvasından didərgin salıblar. Təkcə Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 132 min azərbaycanlı məhv edilib. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər nəticəsində o vaxtkı İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildəki 375 min nəfərdən 1922-ci ildə cəmisi 70 min nəfərə enib. Qeyd etmək lazımdır ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Oğuzda, Qubada və Azərbaycanın digər bölgələrində azərbaycanlılarla birlikdə, 3 minə qədər yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında Ermənistan Respublikasının yaradılmasına, azərbaycanlılara məxsus olan əlavə 20,2 min kvadrat-kilometr ərazinin də bu süni dövlət qurumuna qatılmasına, sovet dövründə Azərbaycan ərazisində ermənilər üçün qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin təşkil edilməsinə, 1948-1953-cü və 1988-1993-cü illərdə 1,5 milyon nəfər azərbaycanlının Ermənistan Respublikasından və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən deportasiya edilməsinə və qovulmasına,  Azərbaycan Respublikası ərazisinin 20 faizinin, yəni Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı daha yeddi rayonun - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğal olunmasına gətirib çıxarıb. Təkcə son işğalçılıq müharibəsinin gedişində Ermənistan Silahlı Qüvvələri tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50 mindən çox adam əlil olub. 4750 adam əsir və itkin düşüb, girov götürülüb. 877 şəhər, kənd və qəsəbə qarət edilib, dağıdılıb və yandırılıb. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv ediblər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edib və yandırıb, 44 məbədi və 9 məscidi təhqir ediblər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv edilib.

Son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqının  məruz qaldıqları fəlakətlərin bir çox səbəbləri vardır. Əsas səbəblərdən biri kənar qüvvələrin müəyyən siyasi niyyətlərini həyata keçirmək üçün erməni millətçiliyinə rəvac verməsi və ondan bir alət kimi istifadə etməsi olub. Çirkin geosiyasi oyunlarda onlar üçün ayrılan rolu uyğun görən erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına "böyük Ermənistan" yaratmaq xülyasına düşməsi bölgədə bu gün də davam edən faciələrin əsasını qoyub. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilib. Erməni "alim"lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılıb, ermənilərin tarixi şişirdilərək qədimləşdirilib, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılıb. Cənubi Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilib, dünya ictimaiyyətinin nəzərində "əzabkeş və  məzlum" erməni xalqı obrazı yaradılıb. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib.  Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının  icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.  Lakin buna baxmayaraq, erməni tərəfi Azərbaycana qarşı çirkin əməllərinə haqq qazandırmaq üçün heç bir fitnəkarlıqdan çəkinmir, iştirakçısı olduğu Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumların üzvlərini öz təxribatlarına cəlb etməyə çalışır. Erməni millətçiləri və onların havadarları Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma "erməni soyqırımı"nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasını daha da genişləndirirlər. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31