Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
20:41 MədəniyyətGöygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən "Xan Yurdu" etnoqəsəbəsində V Milli Yaylaq Festivalının açılış mərasimi olub.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayonun qədim tarixə malik olduğunu vurğulayıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə milli identikliyimizin və zəngin irsimizin qorunması, bölgələrimizin sosial-iqtisadi inkişafı və turizm potensialının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın irsimizin təbliği, mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması və qədim ənənələrimizin yaşadılması istiqamətində gördüyü işlər də bu sahəyə öz dəyərli töhfəsini verir. Milli Yaylaq Festivalı da məhz bu siyasətin nəticəsi olaraq milli dəyərlərimizin yaşadılmasına, Azərbaycanın zəngin mədəniyyətinin və turizm potensialının tanıdılmasına, dostluğun, birliyin, qardaşlığın və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərdəndir".
Gənclər və idman naziri Fərid Qayıbov festivalın artıq ənənəvi xarakter aldığını bildirib: "Təbii ki, bu, artıq böyük bir bayramdır. Beşinci dəfə təşkil olunan Milli Yaylaq Festivalında biz doğrudan da milli ab-havanı görürük və hiss edirik. Buna görə də ilk növbədə təşkilatçılara və iştirakçılara təşəkkürümü bildirirəm. Bu festivalın əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərimizi qorumaq, adət-ənənələrimizi gənc nəsillərə aşılamaqdır. Dövlətimizin başçısı İlham Əliyev gənclərlə görüşlərində bu məsələni dəfələrlə diqqətə çatdırmış, müvafiq dövlət qurumlarına tövsiyələr vermişdi. Ölkəmizdə keçirilən bu cür festivallarda milli adət-ənənələrimizin gənclərimiz tərəfindən yaşadıldığının şahidi oluruq".
Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov isə vurğulayıb ki, festival ilbəil miqyasını genişləndirərək təkcə yerli qonaqların deyil, xarici turistlərin də böyük maraq göstərdiyi beynəlxalq platformaya çevrilib. O, etnoqəsəbədə yaradılan şəraitdən söz açaraq tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib.
Rəsmi çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib.
Xatırladaq ki, ötən gün start götürən festival ənənəvi olaraq bu il beşinci dəfə təşkil olunur.
Tədbir Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Dünya Etnoidman Konfederasiyasının və digər tərəfdaş qurumların dəstəyi ilə "Cavad Xan" Tarix və Mədəniyyət Fondu və "KAP.AZ" MMC-nin birgə təşəbbüsü əsasında keçirilir.
Festival çərçivəsində ziyarətçilər üçün xalçaçılıq nümunələrinin sərgisi, sənətkarlıq guşəsi, oxatma, atçılıq, zorxana kimi milli idman növləri, etnospor üzrə məşqlər, uşaqlar üçün əyləncə məkanları, konsert proqramları, aşıq musiqisi və folklor çıxışları təşkil edilib.
Bundan başqa, yorğa atlarının nümayişi, kəndirbazların və alov püskürənlərin çıxışları, eləcə də milli mətbəx nümunələrinin təqdim olunduğu "Yaylaq süfrəsi" festival iştirakçılarının ixtiyarına verilib.



