"Makronun qərarı ədalətsiz, siyasi məqsədlər güdən, qərəzli bir sənəddir"
“Fransa prezidenti Makronun uydurma "soyqırımı” hadisəsi ilə bağlı ölkə ərazisində hər il 24 apreldə anım tədbirləri keçirilməsi qərarı ədalətsiz, siyasi məqsədlər güdən, qərəzli bir qərardır”. Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, əvvəla, bu, Fransanın özünü demokratiyanın beşiyi hesab etdiyi ölkə kimi ideallarına ziddir, öz ideyalarını təkzib etmək, öz dəyərlərinə xəyanət etməkdir.
7 Fevral 2019 16:11 Siyasət"Fransa prezidenti Makronun uydurma "soyqırımı" hadisəsi ilə bağlı ölkə ərazisində hər il 24 apreldə anım tədbirləri keçirilməsi qərarı ədalətsiz, siyasi məqsədlər güdən, qərəzli bir qərardır". Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, əvvəla, bu, Fransanın özünü demokratiyanın beşiyi hesab etdiyi ölkə kimi ideallarına ziddir, öz ideyalarını təkzib etmək, öz dəyərlərinə xəyanət etməkdir.
Fransanın tarix boyu həm işğalçı, imperialist, həm də işğala məruz qalmış dövlət olduğunu deyən politoloq söyləyib ki, ancaq görünür, Makronun hegemonluq iddiaları fonunda yenidən dünya işlərinə fəal müdaxilə, başqa ölkələri bu yolla şantaj etmək, öz geosiyasi planlarına və daxili situasiyada ermənilərin dəstəyini Fransa millətinin, dövlətinin dəyərlərini şəxsi maraqları naminə qurban vermək ambisiyaları daha üstün gəlib:
"Halbuki Aveosentrist prezident bunu anlamamış deyil. Lakin Fransa prezidentləri haqda deyirlər ki, onlar ilk növbədə ölkələrinin biznes adamlarının təmsilçisidir. Fransa da hazırda 100 il əvvəl Klemanso dövründə olduğu kimi, Paris sülh konfransı dövründəki kimi hesab edir ki, o, ABŞ, Britaniya ilə dünya ağalığı uğrunda mübarizə aparmaq potensialına və haqqına sahibdir. Bu bölgələrdən biri də Cənubi Qafqazdır. Xüsusilə, ABŞ ilə Afrikada, Balkanlarda, Yaxın Şərqdə baş vermiş geosiyasi nüfuz savaşı bizim regionda davam edir və Fransa baş rolda olmaq istəyir".
N. Məmmədova vurğulayıb ki, hazırda ABŞ-la bu ölkə arasında kəskin qarşıdurma mövcuddur: "Fransa ABŞ-ın nüfuz dairəsi olan regionlara iddia edir, eyni zamanda özünün yaratdığı İran hakimiyyətini qorumağa çalışır. Xomeyni inqilab zamanı Fransadan İrana məhz fransız qırıcı təyyarəsində gəlmişdi. Katolik Fransa yevangelist Amerikanı və sionist hesab etdiyi İsraili İrandan inqilab yolu ilə qovub çıxarmaqla Orta Şərqdə nəhəng enerji resursları olan geosiyasi nüfuz dairəsi əmələ gətirmişdi, təbii ki, Avropa Birliyi ilə birlikdə. Lakin İranı qorumaq üçün lazım olan şimal plasdarmı - Ermənistanı İrana sanksiya tətbiq edən Amerika zəbt edib. Belə bir zamanda ABŞ - Fransa savaşının cinahlarından biri Ermənistandır. Buna görə də, Fransa ABŞ-ın hakimiyyətə gətirdiyi Nikol Paşinyanla yaxınlaşmağa səy göstərdi və buna da müəyyən qədər nail oldu. Makron İrəvandakı Frankofoniya mərasiminə qatıldı və Paşinyanla görüşdü, ondan əvvəl isə Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisdəki tədbirə Ermənistanın baş nazirini də dəvət etmişdi. Makronun digər məqsədi Fransadakı ermənilərin səsini qazanmaqdır".
Politoloq qeyd edib ki, Paşinyanın hakimiyyətə gətirilməsində Fransadakı erməni lobbisinin rolu da xüsusi vurğulanmalıdır: "Bu baxımdan Fransa Cənubi Qafqazda öz mövqeyini möhkəmlətməyə çalışır, ABŞ-ın nüfuz dairəsinə daxil olan ərazilərə iddia edir.
ABŞ-ın məqsədi Ermənistanda nəzarətdə saxlamaqla İrana qarşı təzyiqdir. Fransa isə Avropa Birliyinin üzvü olaraq İranı dəstəkləyir. Belə bir vaxtda fransızlar Ermənistanı əldən vermək istəmirlər. Çünki Ermənistanın ABŞ tərəfindən İrana qarşı ərazi kimi istifadəsinə qarşıdırlar. Bu baxımdan da Ermənistan Fransa üçün vacibdir".
SİA