“Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur”
İlham Əliyev: “Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir”
17 Yanvar 2019 13:29 Siyasətİlham Əliyev: "Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir"
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət öz bəhrəsini verməkdədir. Qətiyyətlə demək olar ki, bu siyasət ölkədə dayanıqlı iqtisadiyyatı təmin edib, Azərbaycanın beynəlxalq aləmdə imicini artırıb. Sevindirici haldır ki, iqtisadi sahədə əldə edilən naliyyətlər həm də əhalinin sosial ptoblemlərinin həllinə yönəlmiş olur. Son illərdə həyata keçirilən sosial iqtisadi siyasət dediklərimizi bir daha təsdiq etmiş olur. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev qeyd edib ki, keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur: "Keçən il 118 min daimi iş yeri yaradılmışdır. İşsizliyin aşağı səviyyədə saxlanması üçün bu, çox əhəmiyyətli məsələdir. İxracla bağlı yaxşı göstəricilər var. İxrac 36 faiz artıb. Ümumi rəqəmi götürsək, ixracımız 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo - yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir. Əgər ölkələrə biz nəzər salsaq görərik ki, bu da dünya miqyasında nadir hallarda müşahidə olunan mənzərədir. Ölkələrin əksəriyyətində idxal ixracı üstələyir. Azərbaycanda isə biz bunun əksini görürük. Özü də biz ölkəyə ixracla bağlı daha çox - 8,6 milyard dollar pul gətirmişik, nəinki xərcləmişik. Əgər biz buraya xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda görərik ki, rəqəm daha da artacaq. Onu da bildirməliyəm ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Turizmin inkişafı ilə bağlı apardığımız siyasət, görürsünüz ki, ilk növbədə, maliyyə sahəsində özünü büruzə verir. Həm ölkəmizi tanıtdırırıq, həm də pul qazanırıq. Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il prezident seçkilərində bir daha özünü göstərdi. Azərbaycan xalqı mənə bir daha çox böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkilər ərəfəsində keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş exit-pollar rəsmi nəticələrlə tam üst-üstə düşüb. Bu, bir daha onu göstərir ki, seçkilərin nəticələrində Azərbaycan xalqının iradəsi tam öz əksini tapıb. Bu, görülən işlərə verilən yüksək qiymətdir. Görülən işlər isə göz qabağındadır".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinə uyğun olaraq 2018-ci ildə də həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılıb. Dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib. Həmçinin ötən il müharibə əlillərinə 265 minik avtomobili təqdim olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq isə ötən ilin sonunadək artıq 3097 şəhid hərbi qulluqçunun 4190 vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib. Onlara 34 mln. manat vəsaitin ödənilməsi təmin edilib və cari il ərzində daha 6,4 mindən çox şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı həyata keçiriləcək. Ünvanlı dövlət sosial yardım proqramının icrasında ünvanlılığın, şəffaflığın təmin edilməsi, neqativ halların qarşısının alınması tədbirləri həmin yardımı alan ailələrin sayının 2018-ci il ilin dekabrında əvvəlki ilin dekabr ayı ilə müqayisədə 46 faiz (36854 ailə) azalaraq 42683-ə düşməsinə səbəb olub. Bu istiqamət üzrə vəsaitlərin ünvanlı xərclənməsinə ciddi nəzarət tədbirləri nəticəsində 102,2 mln.manat büdcə vəsaitinə qənaət edilib, sosial yardımların ödənişinə ümumilikdə 104 mln. vəsait xərclənib. Dövlət başçısının 19 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən isə, 28 dekabr 2018-ci il tarixə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq. Bu, makroiqtisadi göstəricilərdə neftin payının azalmasına və neftdən asılılığı aradan qaldırılması prosesinin sürətlənməsinə imkan verəcək. V.Bayramov bildirib ki, 2018-ci ildə fiskal siyasətdə proqnozlaşdırılan artımlar, xüsusən qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər 2019-cu ildə sürətli iqtisadi artıma nail olunması üçün bir baza formalaşdırır. Onun sözərinə görə, qeyri-neft sektorunun inkişafı üçün də təməl formalaşdığından büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun mərhələli şəkildə xüsusi paya malikdir: "ÜDM-də qeyri-neft sektorunun payı artıq 70 faizə çatır. Bu da dövlət rezervlərimizin qorunmasına və hətta artırılmasına şərait yaradır. Bu baxımdan mövcud siyasət, qeyri-neft sektorunun payının artması, ölkəyə daxil olan vəsaitlərin səmərəli istifadə olunması və fiskal konsolidasiya siyasətinin davam etdirilməsi 2019-cu il də dövlət rezervlərimizin strateji valyuta ehtiyatlarımızdakı artım tempinin qorunub saxlanmasına imkan verəcək. Yalnız Dövlət Neft Fondunun deyil, Mərkəzi Bankın da xarici valyuta ehtiyatlarında artım qeydə alınıb ki, bu da birbaşa bankın, xüsusən də de-dollarlaşma prosesi nəticəsində intervensiyasının aradan qaldırılması və hərraclar vasitəsilə xarici valyutaya olan tələbin ödənilməsinə nail olunması ilə bağlıdır. Həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın mövcud ehtiyatları, pul-kredit və fiskal siyasət birmənalı şəkildə proqnozlaşdırmağa əsas verir ki, bu il dövlət rezervlərimizin artırılması baxımından əhəmiyyətli illərdən biri olacaq". Milət vəkili Musa Quliyev deyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər keçirilir. 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb və dövlət siyasətinin prioritetləri sırasında olub. M.Quliyev bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında söylədiyi kimi sosial məsələlər daim diqqət mərkəzindədir. Ölkə başçısı həmçinin bildirdi ki, 2018-ci ildə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib və 2019-cu ildə bu rəqəmlər daha da artacaq, məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Bütün bunlar dövlət başçısının bu kateqoriyadan olan insanlara, bütövlükdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara qayğısının əyani nümunəsidir. 2018-ci ildə Azərbaycanın milli valyutasının sabit qaldığını deyən deputat qeyd edib ki, bu il inflyasiya aşağı səviyyədə, əhalinin gəlirləri isə inflyasiyadan bir neçə dəfə yüksək olub: "Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasında söylədiyi kimi ötən il əhalinin pul gəlirləri 9,2 faiz artıb. Bu da nəticə etibarı ilə vətəndaşlarımızın sosial rifahın daha da yaxşılaşdırıb. Ümumiyyətlə, respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Son illərdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı davamlı iqtisadi inkişafı səviyyəsinin yüksəlməsi ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə və son nəticədə insanların maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib".
Alim