Korrupsiya ilə əlaqədar 17 vəzifəli şəxs işdən azad edilib
Kamran Əliyev: “25 şəxs cinayət başında yaxalanıb”
15 Yanvar 2019 13:08 SiyasətKamran Əliyev: "25 şəxs cinayət başında yaxalanıb"
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, ötən il 25 şəxs cinayət başında yaxalanıb. Həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb, həmçinin 310 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 222-si (71,7%) üzrə cinayət işi başlanıb, 88 (28,3%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan "161 Qaynar xətt" əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olub, həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib: "Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 25 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 24 cinayət işi başlanıb". K.Əliyev bildirib ki, 2018-ci il ərzində Baş İdarədə 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub. İdarə rəisi deyib ki, Azərbaycanda korrupsiya ilə əlaqədar 25 vəzifəli şəxsə xəbərdarlıq olunub, 17 nəfər vəzifəsindən azad edilib. O, bildirilib ki, korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, 32 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə məhkəmələrə göndərilib. Araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 17 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 157 təqdimat göndərilib. K.Əliyev vurğulayıb ki, ötən ildə Baş İdarə ilə Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşib, bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib. Belə ki, 2018-ci il ərzində Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 6, məhkəmələrdən isə 22 material Baş İdarəyə daxil olmaqla araşdırma aparılıb, nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.
Onun bildirdiyinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən işçilərin əmək hüquqlarını pozan bir sıra tikinti şirkətlərinin rəhbərləri barəsində 25 xəbərdarlıq elan edilib. Hesabat dövründə Baş İdarə tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" 28 aprel 2017-ci il tarixli fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ən ciddi mübarizə tədbirlərinin davam etdirilib. Mərkəzdən daxil olmuş 23 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkət rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri halları müəyyən edildiyindən 1 cinayət işi və 14 inzibati xəta haqqında iş üzrə icraatın başlanması təmin edilib, o cümlədən həmin şirkətlərin rəhbərlərinə "Prokurorluq haqqında" qanunun 22 və 23-cü maddələrinə əsasən gələcəkdə hər hansı bir işlərin görülməsi zamanı işlərə cəlb edilmiş işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə 25 rəsmi xəbərdarlıq elan edilib, eləcə də bu növ qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 50 təqdimat verilib. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 414 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib. Həmçinin korrupsiya ilə bağlı cinayət işləri üzrə 87 milyon manat maddi ziyanın ödənilməsi təmin edilib.Ötən il məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120.0 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53.3 milyon manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34.2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 73%-nin ödənilməsi təmin edilib. Bununla yanaşı, törədilmiş və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2.6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.Onun bildirdiyinə görə, 2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib: "Uzun müddət bu sahə nəzarətdən kənarda qalıb: "Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəyə təyin edildikdən sonra bu məsələ nəzarətə götürülüb. Nazirlikdən göndərilən material əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində 21 cinayət işi məhkəməyə göndərilib. 21 milyondan artıq ziyanın vurulması müəyyən edilib. 10 milyon 500 mindən artıq vəsaitin dövlət hesabına ödənilməsi təmin edilib". Kamran Əliyev qeyd edib ki, həmin cinayət işləri ilə bağlı 1 milyon 250 min manatdan artıq əmlaka həbs qoyulub. İdarə rəisi deyib ki, bununla yanaşı, əhəng daşı karxanaları ilə bağlı idarədə 7 cinayət işi üzrə 844 min manat dəymiş ziyan müəyyən edilib.
Alim