Struktur islahatları zamanın reallıqlarına uyğun aparılır
15 Yanvar 2019 12:52 SiyasətPrezident tərəfindən aparılan struktur islahatları idarəetməni daha da təkmilləşdirəcək
Prezident İlham Əliyevin son dövrlərdə atdığı qətiyyətli addımlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, ölkədə idarəetmənin çevikliyinin təmin edilməsinə yönəlib. Odur ki, dövlət başçısı tərəfindən situasiyaya uyğun olaraq iddarəetmə sistemində islahatlar aparılır. Dövlət başçısı tərəfindən elə 2019-cu il yanvarın 14-də struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı" ölkə imici qazandırmaqla yanaşı, həmçinin davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident yeni islahat istiqamətləri barədə danışarkən qeyd edib ki, "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü". Dövlət başçısının rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezidentin müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional altyapı mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Dövlətimizin başçısının apardığı struktur islahatlar iqtisadiyyatın əsas prinsipi olan səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezidentin tapşırıqlarına uyğun olaraq, məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir. Millət vəkili Eldəniz Səlimov ölkə prezidentin kadr islahatları ilə bağlı imzaladığı fərmanları müsbət qiymətləndirib və təqdirəlayiq hal hesab edib. Bildirib ki, hələ ötən əsrin 90-ci illərindən başlanan struktur və kadr islahatları ölkə prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövründə də uğurla və mərhələli şəkildə davam etdirilib və etdirilməkdədir. Millət vəkilinin dediyinə görə, son fərmanlar, yəni, bir neçə dövlət qurumun ləğvi, birləşdirilməsi, həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqar Xidmətlər Agentliyinin yaradılması isə illərdir davam edən və etdirilən islahatlar prosesinin növbəti mərhələsi və tərkib hissəsidir. E.Səlimov deyib ki, bunları ayrılıqda götürmək olmaz: "Çünki bəzən elə təssəvvür yaradılmağa çalışılır ki, guya indiyəcən bu cür proseslər, islahatlar, idarəetmənin təkmilləşdirilməsi olmayıb, yaşanmayıb. Bu, belə deyil, bu, düzgün yanaşma sayıla bilməyib. Bu təkmilləşdirmələr, kadr, struktur islahatları hər zaman olub, bu gün də var, sabah da olacaq. Bəzən asta, bəzən isə daha sürətli şəkildə, özü də dövrün və zaman reallıqlarına uyğun şəkildə. Eyni zamanda, sosial şəbəklərdə gedən müzakirlərdə bir zaman dövləti, hakimiyyəti struktur islahatları aparmamaqda haqsızcasına "ittiham" edənlər indi valı tərsinə çeviriblər, bu qurumların ləğinə qarşı çıxır, guya orada çalışanların halına yandıqlarını nümayiş etdirməyə çalışırlar. Əslində onların niyyəti, məqsədi bəllidir, od olmayan yerdən tüstü çıxarmaq. Amma faydasızdır, səmərəsizdir, onlara da məsləhətim budur ki, artıq boş-boş işlərlə məşğul olmasınlar, gedib faydalı bir işin qulpundan yapşınlar ömürlərində heç olmasa bircə dəfə. Həmin insanlar işsiz qalmayacaqlar, neçə ki, bundan əvvəl ləğv edilən bir sıra qurumların işçiləri, əməkdaşları işsiz-gücsüz qalmayıblar. Onlar da öz ixtisaslarına, öz qabiliyyət və bacarıqlarına uyğun şəkildə işlə təmin olunacaqlar. Bu, birmənalıdır. Odur ki, ölkə prezidentinin bu yöndəki son addımlarını da müsbət, yüksək qiymətləndirməklə yanaşı, bu prosesin bundan sonra da davam etdiriləcəyinə əminliyimi ifadə edirəm". İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, prezdent İlham Əliyev tərəfindən həyata keçirilən struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir: "Struktur islahatları, xüsusilə, "Azərsilah" ASC və Aqrar Xidmətlər Agentliyinin yaradılması ölkədə aparılan şaxələndirmə siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək". Onun qənaətinə görə, dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Əslində dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir: "Prezident tərəfindən aparılan struktur islahatları çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatar və keyfiyyətli olacaq. "Bir pəncərə" və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas xətdir. Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar zamanı sosial tarazlıq daim qorunub. Bu dəfə də struktur islahatlarına dair sənədlərdə iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Dövlətimizin başçısı müvafiq qurumlara və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə bununla bağlı xüsusi tapşırıqlar verib. Struktur islahatları "yaxşı idarəetmə" və "açıq hökumət" prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb.Dövlətimizin başçısı biznes mühitini təkmilləşdirmək, davamlı iqtisadi inkişafa nail olmaq, infrastrukturu və insan kapitalını inkişaf etdirmək, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və struktur islahatları aparmaqla ölkənin tarazlı inkişafını təmin edir. Bu struktur islahatları nəticə etibarilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlb olunması və yeni iş yerlərinin yaradılması deməkdir".
Alim